Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Koblandı-batır” qazax xalq poeziyasının orijinal örnəyidir

09.01.18, 6:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Koblandı adı ilə bağlı ilk əsərlər həm də digər türk xalqlarında – tatarlarda və qaraqalpaqlarda var. Məsələn, türk xalqları folklorunun və ədəbiyyatının görkəmli toplayıcısı akademik V.V.Radlov 10 cildlik “Türk qəbilələlərinin xalq ədəbiyyatı nümunələri” əsərinin 1872-ci ildə nəşr olunmuş cildində o, Koblandı haqqında ayrıca nəğmə təqdim edib. Müəllifin qeyd etdiyinə görə, bu nəğməni o, Tobol tatarlarından yazıya alıb. Həmin əsərin 1896-cı ildə nəşr olunmuş VII cildində isə Radlov yenə də Koblandı haqqında bir nağıl nümunə gətirir ki, burada qeyd etdiyinə görə onu o, Krım tatarlarından qələmə alıb. Q.N.Potanin isə “Jivaya starina” jurnalının 1916-cı ildəki 2-3 buraxılışında Koblandı haqqında qaraqalpaq nağılını verib. Qaraqalpaq nağılı “Koblan” isə Yesemurat Nurabıllayev tərəfindən qələmə alınmaqla, ilk dəfə 1941-ci ildə sonra isə 1959-cu il nəşr olunub.“Koblandı” poemasına ilk dəfə diqqət yetirən tədqiqatçılardan biri qazax alimi və maarifçisi Çokan Çingisoviç Valixanovdur. Poema üzərində ayrı-ayrı müşahidələri biz həm də P.A.Falevin və yuxarıda adını çəkdiyimiz Tuzemetsin əsərlərində də tapa bilərik.
XX əsrdə “Koblandı-batır” eposunun hərtərəfli öyrənilməsi ilə akademik Muxtar Auezov, Sabit Mukanov, Saken Seyfullın, akademik A.S.Orlov, professor K.Jumaliyev, B.Kenjebaev, A.Marqulan, M.Qabdullin və başqaları məşğul olublar. Batır Koblandı ondan yaşca böyük digər bahadırlar (Yedige, Şora, Qəmbər, Tarqın) və özündən balacalar (Alpamıs, Yer Sain) kimi ilkin variantda heç də qazax adlandırılmayıb. Bu onunla izah olunur ki, epik abidələrin mənbələrində bu qəhrəmanlarla bağlı olan məsələlər elə bir dövrü əks etdirir ki, o zaman qazaxların siyasi ittifaqı hələ də yaranmayıb, mövcud olmayıb, qazaxlar tayfa-qəbilə birliklərinə sahib olmayıblar. Onlar məhz bu etnik nüvədə qazax xalqının kimliyini əks etdirib və Qızıl Orda tərkibində noğaylı adı altında birləşiblər. Qızıl Ordanın Qazaxıstan ərazisində tənəzzülündən sonra ilk böyük dövlət birliyi: Ağ Orda (o da iki yerə bölünməklə köçəri özbək – şeybanilərdən və qazaxlardan) və Noğay Ordasından ibarət idi. Faktik olaraq bu ərazilərdə eyni tayfa və qəbilələr yaşayırdılar. Ancaq hakimiyyət burada müxtəlif hökmdar sülalələrinin əlində idi. Ona görə də hökmdar sülalədən asılı olaraq onları müxtəlif cür adlandırırdılar. Məsələn, qıpçaq tayfaları – gah noğaylar, gah özbəklər, gah da qazaxlar adlandırılırdı. Lakin əvvəlki dövrlərdə qıpçaq etnoniminin özü bütün bu üç adların üçünü də əhatə edir və şərq müəllifləri tərəfindən bu səhralarda yaşayanlar bugünki Qazaxıstan ərazisində yaşayan əhalinin adını özündə əks etdirirdi.
Qazaxlara, qaraqalpaqlara, noğaylara, başqurdlara, Krım və Barabin tatarlarına məlum olan Koblandı batır haqqında dastan qıpçaqların kalmık və qızılbaş xanlarına qarşı apardıqları mübarizəyə həsr olunub. Qazax poemasında qıpçaqların döyüş qəhrəmanlıqları əks olunur. Qaraqıpçaq Koblandı kiyatlarla ittifaqda olduğundan heç kim tərəfindən məğlub edilməyən bir batır idi. O, özündə nəinki tək özünün, hətta kollektivin güc və imkanlarını əks etdirir və bu mənada o tayfa-qəbilə ittifaqının başçısı rolunu yerinə yetirirdi. Batır çoxsaylı düşmənlərinə qalib gəlir, doğma torpaqları bir-birinin ardınca azad edir, öz tayfa-qəbiləsini həm işğaldan, həm də bəladan qurtarırdı. Bununla belə, Koblandı heç zaman dağıdılmış, əldən salınmış qəbilələrin birləşdiricisi rolunda çıxış etmirdi. Bunu həm də poemada öz əksini tapmış lap uzaq keçmiş hadisələrində görürük. Bu dövrdə köçəri qəbilələr hələ də konsolidasiya olunmamış, qazaxlar bir xalq kimi təşəkkül tapmamışdılar. Lakin bu dövrdəki hərbi qarşıdurmalarda ayrı-ayrı uluslar xanlarla birlikdə torpaqların müdafiəsinə qalxaraq ümumi məqsəd altında birləşmişdilər.
Poemanın məzmununda köçəri maldarların patrialxal tayfa-qəbilə həyat tərzi əksini tapıb. Qərb-Türk xaqanlığında (ilkin feodal dövləti XII əsrin sonlarında Cənubi və Cənub-Şərqi Qazaxıstan ərazisində yaranmış) əsrlər ərzində tayfa və tayfa birliyi kimi ağsaqqallar institutu mövcud olub ki, sonralar bu tayfa artıq qantayfa birliyində özünə yer almayıb. Qəbilə və tayfaların başında bəylər dururdular. Bəylər çoxsaylı mal-qara sahibi idilər. Müharibələr əksər hallarda nəinki xanın istəyi, həm də köçəri mal-qara saxlayanların xətti ilə gedirdi. Köçərilərin başçıları ilbəil gah bir yerdə, gah digər bir yerdə qışlamaq üçün dayanır və dayandıqları düşərgələrdə insanları, öz ailələrini təhlükədən qoruyurdular. Qış düşərgələrinə köçəri feodalların başçıları gəlirdilər. Yayda feodallar artıq yaylağa gedir və özlərinə sadiq köçərilərin yanında olurdular. Oturaq həyat tərzi keçirən əhali torpaqla məşğul olanlardan, onu əkib-becərənlərdən və sənətkarlardan ibarət idi ki, onlar da bəyləri və xanları ərzaq və digər məhsullarla təchiz edirdilər. Belə yaşayış məntəqələri – şəhərlər Semireçyedə (Cetisu-Yeddisy), Cənubi Qazaxıs¬tanda VII-VIII əsrlərdən mövcud olub. Müdafiə məqsədi ilə tikilmiş qalalarda oturaq həyat tərzi keçirən əhali arasında köçərilər də var ki, onlar Orta Asiya şəhərləri ilə ticarət və mədəni əlaqələr qurmuşdular.
Əsərin başlıca mahiyyəti ondan ibarətdir ki, o ayrı-ayrı süjetə malik nəğmələrdən tərtib olunub. Bununla bağlı aşağıdakı müşahidə daha maraqlıdır. Gələcək poemanın əsas hissəsində batırın yürüşə, döyüşə istiqamətlənən öz yaxınları ilə vidalaşması mərasimi (“koştasu”) öz əksini tapır. Burada onun evlənməsi zamanı toy nəğmələri, (“joktau”) ağlayış nəğmələrinin xüsusiyyətləri, ölmüş batırın həyatı haqqında ağı və s. əks olunur. Beləliklə, buradan açıq aydın görünür ki, xalq arasında hər hansı bir populyar insan haqqında məişət nəğmələri mövcud olub ki, onlar “koştasu”dan ibarətdir. Bu nəğmələr əsasən hər hansı yürüşdən, döyüşdən sonra yazılıb. “Joktau”isə məhv edilmiş batır haqqında ağı-nəğmədir. Bu nəğmə kimliyi məlum olmayan akınlar tərəfindən əsərin süjet xəttinə daxil edilərək, poemanın ilkin variantını təşkil edib. Onlar da sonra öz növbəsində digər akınlar tərəfindən daha da genişləndirilib. Epik poemanın yaranmasının elə versiyası var ki, burada ən mükəmməl halda əksər poemalarda məişət nəğmələrinin mövcudluğu özünü daha yaxşı nümayiş etdirir. “Koblandı-batır”da biz Koblandının öz ailə üzvləri ilə vidalaşdığı səhnəsini görür, onun döyüşə getmə səhnəsi ilə tanış oluruq. Daha sonra “joktau” ilə rastlaşırıq ki, bu da onun ata və anasının vəziyyətini, Alşaqırın onların üzərinə hücuma keçdiyi anları göz önündə canlandırır.
Koblandının batırlığını əks etdirən qəhrəmanlıq poemasının çoxtərkibli süjeti digər Orta Asiya xalqları eposu üçün də xarakterikdir. Bu, şübhəsiz ki, o dövrdə jıraular tərəfindən qoşulan zəfər nəğmələrinin süjetlərindən yaranıb. Bu nəğmələr əsasən batırların, igidlərin bu və ya digər yürüşlərindəki mübarizələr, müharibələr, onların qalibiyyəti, yaxud məğlubiyyəti ilə bağlıdır. Bununla belə həmin bu əsərlərdə yer almış şeirlərdə hadisələr, qəhrəmanların adları, onların cəsurluğu – hər nə varsa – “Koblandı batır” haqqında epopeyanın əsasını təşkil etməsi ilə yanaşı, həm də onların bir hissəsinin nağıllar, lətifələr və əfsanələrdə əksini tapdığını da söyləmək lazımdır.
Məsələn, batırlığa həsr olunmuş “Aleukə batır” nağılında qəhrəman düşmən kalmıklara qarşı vuruşur, eyni ilə eposda olduğu kimi o, kalmık xanı Kobikti-batır tərəfindən məğlub edilir (eposda Kobikti – kalmıkların xanı, Koblandının düşməni kimi özünü göstərir). Onun yerinə belə olduqda Aleukə batırın oğlu Oraq mübarizəyə qatılır, və o, Kobiktini məğlub edir. Oraq – batır eposda Koblandının öz tayfadaşı kimi təqdim olunur. Məsələn, “Talaspay-Mergen” nağılında Koblandı və Qaraman epik qəhrəmanlar kimi göstərilir. Nağılda Qaramanın nəslinin məhvindən danışılır. Onun köməkçisi kimi “Talaspay-Mergen” çıxış edir. O da öz növbəsində batır olur. Bununla belə o, özü qaraqıpçaqları nə məğlub edə, nə də onlardan qisas ala bilmir. Çünki son nəticədə məlum olur ki, Koblandı onun dayısıdır. Koblandı ilə İr Gökşenin oğlu İr Kosay vuruşur və onu öldürür. Talaspay qıpçaqların xanı olur. “Qazax eposu, onun poetikasının inkişaf xüsusiyyətləri”ndə N.S.Smirnovanın qeyd etdiyi kimi bu nağıl XIV-XVI əsrlərdə Qızıl Ordanın tənəzzül dövrünü əks etdirir ki, həmin dövr də məhz çoxsaylı mübarizələrlə, müharibələrlə xarakterizə olunur. Beləliklə, bu xətt epik qəhrəmanların tarixini əks etdirməklə başa çatır. Digər bir nağılda İr Göksə və onun oğlu İr Kosay bəzən Qəmbərin nəvəsi İr Gökşənin oğlu İr Kosay Koblandıya qarşı mübarizə aparır. İr Kosay qalib gəlir.
Poemaya daha yaxın lətifə başqa bir əsərdə “Ural vilayəti Bukeyev səhrasının və üst Uralın qədimliyi” ilə bağlı lətifədə göstərilir. Bu lətifədə hətta V.V.Karlson tərəfindən Koblandının qəbri yeri də göstərilir. Bu, 1906-cı ildə “Orenburq arxiv komissiyasının elmi əsərləri” məcmuəsinin XVI buraxılışında da öz əksini tapıb. Burada göstərilir ki, Koblandı stansiyasının yanında kiçik bir təpəcik var ki, o kərpic qırıqları ilə örtülüb. Bu, əhali tərəfindən dağıdılmış Koblandının qədim qəbirinin qalıqlarıdır. Sonra lətifənin özü verilir. Lətifədə bu xarabalıqların nə ilə bağlı olduğu qeyd olunur. Orada göstərilir ki, “Akşa xan qırğız (qazax) düzənliyində hazırkı Ural vilayətində olduqca varlı Toktar bəy yaşayırmış. Onun özü noğaylı qəbiləsindən olmaqla, arvadının adı Analıq imiş. Uzun müddət evli olsalar da, onların övladları yox imiş. Ahıl yaşlarında Allah onlara bir oğul payı verib ki, onun da adını “Koblandı” qoymuşdular. 13 yaşına çatanda Koblandı “Qurtqa” adlı bir qızla evlənir. Lap yeniyetməlikdən o, gəzib dolaşmağa, veyil həyat tərzi sürməyə istiqamətlənmiş bir gənc imiş. Koblandı dostları ilə Qazana gedir və Qazan xanı ilə vuruşur. O, vətəni tərk etdiyi vaxtda kalmıklar fürsətdən istifadə edərək, bura hücum çəkib, Koblandının qohum-əqrabalarını, ona rəğbəti olanları darmadağın edib öldürür, ölkəsini viran qoyurlar. Qazandan gələndən sonra Koblandı müharibə elan edib kalmıkların üzərinə hücuma keçib qələbə çalır. Onların ən güclü batırı və başçıları olan Kobikti batırı öldürür”. Epik süjet, yaxud onun ayrı-ayrı elementləri müxtəlif kiçik janr formalarında “Koblandı-batır”ın xalq qəhrəmanlıq dastanı kimi şöhrət qazanması onun populyarlığını sübut edir.

Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -