Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ 3 min ildir Azərbaycana məxsusdur

09.01.18, 7:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qarabağın tarixi Rusiya mətbuatında

Rusiyanın “Vestnik Kafvkaza” portalı Dağlıq Qarabağın ermənilər tərəfindən dəyişdirilmiş adı “Arsax”ın əslində qədim türk sözü olduğu vurğulanır.
“Arsax sözünün etimologiyası” adlı məqalədə sözün kökündə iki türk sözünün – “Ər” və “sak” sözlərinin dayandığı vurğulanır:
Əslində bu versiya hələ qədimdən var - bölgənin iki hissədən Art (dağlıq) və Bala (düzənlik) Sak hissələrindən ibarət olduğunu hətta sovet illərində söyləyən tarixçilər var idi. Həmin tarixçilər Beyləqanın qədim adı Balasakanı da bu cür izah edirdilər. Bu versiyaya görə, “bala” sözü müasir anlamda kiçik mənasını, “art” sözünü isə yüksəklik mənasını verməsi ilə dağlıq və aran Qarabağının qədim adı bu cür izah edilir.
Həmin versiyanın qatı tərəfdarlarından biri olan mərhum tarixçi Qiyasəddin Qeybullayev Şimali Azərbaycanın qədim adı Albaniyanı da saklarla bağlayır. Onun versiyasına görə, eradan əvvəl 4-cü əsrdən Şimali Azərbaycanda hakimiyyəti ələ almış albanlar sakların bir qolu olan türk tayfası idi.
Əslində, Qiyasəddin Qeybullayev tarix elmində yüz il əvvəl hakim olan, amma İkinci Dünya mharibəsindən sonra qadağan edilmiş sak nəzəriyyəsini müdafiə edirdi. İkinci Dünya mцharibəsindən əvvəl dünyanın bütün alimləri sakları türk kimi qəbul edirdilər və bu, hind siyasətçi Cəvahirləl Nehrunun 1930-cu illərdə qızı İndira Qandiyə yazdığı məktublarda eradan əvvəl 2-ci əsrdə sak türklərinin Hindistanın Racastan bölgəsini ələ keçirdiyini bildirirdi. O, Hindistanın gözəl üzlü, ağbəniz racputlarının türk əsilli olduğunu vurğulayırdı. Söhbət Orta Asiyada yaşayan üç sak soyunun - qorların, sorların və firənglərin (pirank) İranı və Hindistanın şimalını işğal etməsindən gedir. Azərbaycanın məşhur hökmdarı Cavanşirin məxsus olduğu firəng soyu İranda siyasi hakimiyyəti, qor və sor soyları isə hərbi hakimiyyəti nəzarətə götürmüşdülər və tarixdə buna Arşakilər (Əşkanilər) dövrü deyirlər. Rəsmi İran tarixində Arşakilər dövrü türk işğalı kimi təqdim edilir, yalnız Sasanilər İran sülaləsi sayılır. Halbuki, Arşakilər İranı yunan Selevkilərin işğalından azad etmişdi, amma rəsmi İran tarixi bu barədə hələ də susmaqda davam edir.
Qarabağ ən qədim zamanlardan indi Azərbaycan türkü adlanan millətin əcdadlarının əzəli topağı olub və bu ərazidə yaradılmış bütün dövlətlər, xanlıqlar, inzibati vahidlər də məhz bizlərə məxsus idi. Qarabağın Azərbaycana aidliyini sübut etmək üçün fakt axtarmağa ehtiyac yoxdur, çünki əslində, bunu təkzib edən ən adi bir arqument belə mövcud deyil.
Qarabağ ifadə forması olaraq həm də coğrafi ərazi mənasında qəbul edilir. Tarixən Qarabağ Azərbaycanın müxtəlif ərazilərini əhatə edib. Məsələn, vaxtilə Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində yazırdı: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddil və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə «Krasnıн most», yəni «Qızıl körpü» adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.
Tarixi mənbələr Qarabağı təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın da ən qədim tarixə malik diyarlarından biri kimi səciyyələndirir. Daha dəqiq desək, Qarabağ bölgəsi Aralıq dənizi sahilləri, Şimali Afrika və Çindən sonra dünyanın ən qədim insan məskənidir. Sadəcə, bir faktı göstərək: bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Azıx mağarasının alt təbəqələrindən aşkar olunmuş əmək alətlərinin Quruçay mədəniyyətinə aid olduğu öz təsdiqini tapmışdır. Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aiddir. 1968-ci ildə isə Azıx mağarasında Azıx adamının - azıxantropun çənə sümüyü tapılmışdı. Burada Azıx adamının 400 min il əvvəl yaşadığı güman olunur. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir.
Qarabağ ifadəsinin mənşəyi isə Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan tarixində Qarabağ adı ilk dəfə Elxanilər dövlətinin baş vəziri Fəzlullah Rəşidəddin “Camiə`t-təvarix” adlı əsərində 1284-cü ildə baş verən hadisələrdən bəhs edərkən “Arran Qarabağı” şəklində istifadə edilmişdir. Tədqiqatçılar bu dövrdə Qarabağ adına Azərbaycandan kənarda da təsadüf edildiyi üçün, xüsusilə Türkmənistan və Əfqanıstan sərhədində yerləşən “Baqdis Qarabağı” ilə onu qarışdırmamaqdan ötrü “Arran Qarabağı” adlandırıldığını qeyd edirlər. Türk dillərində qaranın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənaları kəsb edir.
Qeyd edək ki, bu tarixi faktları günümüzə çatdıran, onların elmi əsaslandırmasını təmin edən çoxsaylı tədqiqatlar son vaxtlar mütəmadi olaraq nəşr olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağla bağlı tarixi həqiqətləri təhlil edən, azərbaycanlıların zaman-zaman məruz qaldığı soyqırımları anladan kitablar xarici dillərə da tərcümə edilərək geniş ictimaiyyətə çatdırılır. Milli Məclisin deputatı, professor Yaqub Mahmudovun müəllifliyi və rəhbərliyi ilə ərsəyə gələn çoxsaylı tarixi nəşrlər də tarixçilərimizin əsas faktoloji istinad mənbələrindən birinə çevrilib.
İkinci Düyna müharibəsini qələbə ilə başa çatdıran İosif Stalin özünü osetin mənşəli saydığından osetinlərin babaları alanlara qarşı soyqırım həyata keçirdikləri iddia olunan sakları tarixdən silmək qərarına gəldi. Onun əmri ilə osetincə "saka" sözünün maral mənasında işlədilməsi əsas götürülərək sakların osetinlərin babası olduğu, yəni sakların türk yox, irandilli olduğu iddia edilməyə başlandı. Sibirdə yaşayan türk mənşəli saxaların adı məcburi dəyişdirilərək yakut kimi təqdim edildi. Bu işdə osetin alim Abayevlə yanaşı, azərbaycanlı İqrar Əliyev və tacik Qafurov xüsusilə fəallıq göstərdi. Bu "alimlər" heç bir mənbə göstərmədən öz yalanlarını bir-birlərinə istinadən tirajladılar. Amma buna paralel olaraq mənbələri - məsələn, Heredotun "Tarix", Qriqori Turskinin "Frankların tarixi" əsərinlərindən istifadə etməyi qadağan etdilər və onları qeyri-səhih saydılar.
Bunun da səbəbi vardı - Heredot yazırdı ki, eradan əvvəl 8-ci əsrdə saklar və kimmerlər Şimal Qafqazdan keçərək Azərbaycana, Ermənistana və Andoluya (Ankara ətrafına) yerləşdilər. Bu, azərbaycanlıların və Anadolu türklərinin regionda 3 min ildir ki, yaşaması demək idi ki, Stalin və onun göstərişi ilə işləyən alimlər, xüsusilə də erməni alimlər bu faktlarla razılaşa bilmirdilər. Heredot ermənilərin babaları olan friqlərin həmin dövrdə Balkan yarımadasında yaşadığını bildirirdi. Qriqori Turskinin "Frankların tarixi" əsəri isə paniranist alimlərin qəzəbinə Troya məsələsinə görə tuş gəlmişdi. Turski öz əsərində göstərirdi ki, saklar və kimmerlər əslində Troya müharibəsindən xilas olmuş 12 min troyalının törəmələridirlər. Parisin atası Priamın rəhbərliyi ilə gəmilərlə Dunay çayına qədər gələn troyalılar indiki Budapeşt ərazisində Sak-Kimmer şəhərinin əsasını qoyublar. Həmin əsərdə Atilla dövrünə qədər bəhs edilir, frankların, həmçinin sakların və kimmerlərin, türklərin və hunların troyalıların törəməsi olduğu vurğulanır.
Bu əsərlər Azərbaycanın ən qədim şəhəri - eradan əvvəl 179-cu ildə saklar tərəfindən salınmış Şəki şəhərinin də banisinin azərbaycanlılar olduğunu da ortaya çıxarır. Şəki ətrafında bir çox yer adlarının saxa (yakut) dilində izah edilməsi bu qənaəti artırır, məsələn, saxa dilində Marxal (sağ ol), Bum (dağ keçidi), alban (şöhrətli) kimi tərcümə edilir.
Son dövrlərdə əldə edilmiş bir sıra arxeoloji tapıntılar artıq elmdəki paniranizm ağalığının və ermənilərin əsassız iddialarının sonunu gətirməyə imkan verir. 2015-ci ildə erməni arxeoloqlar kimmerlərin qədim yurdu sayılan Gümrü şəhəri yaxınlığında bir mağarada 3-5 min il əvvələ aid qədim yaşayış məskəni aşkarladılar. Mağarada at əti yeyən və canavarı totem sayan insanların yaşadığı aydın oldu. Bu, ingilis dilli resurslarda kimmerlərin irandilli köçərilər kimi təqdim edilməsini dayandırdı. Amma rusdilli resurslar hələ də Stalin dövründə uydurulmuş hipotezanı müdafiə etməkdə davam edirlər.
Əslində, bu addımı ingilislərdən əvvəl Azərbaycan elmi atmalı idi. Azərbaycan tarixçiləri sovet dövründə uydurulmuş tarix kitablarında yazılmış "irandilli" sözlərini "türkdilli"yə çevirməklə təkrar saxtalaşdırma aparmaq əvəzinə, mənbələrə əsaslanan gerçək tarix yazmaladırlar. Bu, tarixi ərazilərimizə əsassız iddiaları dayandırmaqla yanaşı, özümüzdə də Vətənimizə olan inamı qat-qat möhkəmləndirər.

Cavid

Bu xəbər oxundu
- - -