Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Zərif Ermənistanı nəzərdə tuta bilməz”

09.01.18, 12:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Cəfərli: “Çünki İran Ermənistanı iqtisadi blokadadan çıxaran ölkədir”

Məhəmməd Əsədullazadə: “İranla Səudiyyə Ərəbistanı arasında geosiyasi ziddiyyət və vəkalət müharibəsi gedir”

Azər Həsrət: “İran özü qonşu dövlətlərin iç işlərinə açıq müdaxilə edir”

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif söyləyib ki, İran qonşu ölkələri öz ərazisində qeyri-stabillik yaradılmasından xəbərdar edib: “Heç bir ölkənin qonşu dövlətlərdə qeyri-sabitlik törətməklə etibarlı təhlükəsizlik yaratmaq haqqı yoxdur. Bu addımlar yalnız əks təsirlərə səbəb ola bilər”.
Zərifin açıqlamasını şərh edən “Cümhuriyyət" qəzetinin siyasi icmalçısı Elman Cəfərli bildirdi ki. İrana qonşu dövlətlər Türkiyə, İraq, Azərbaycan Respublikası, Ermənistan, Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan, Əfqanıstan, Pakistandır. Onun sözlərinə görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanı nəzərdə tuta bilməz: “Çünki İranla işğalçı dövlət olan Ermənistan arasında münasibətlər yaxşıdı. İran Ermənistanı iqtisadi blokadadan çıxaran ölkədir. Zərif Türkiyəni də nəzərdə tutmur. Çünki Türkiyə rəhbərliyi etiraz aksiyaları zamanı xalqı deyil, İran hökumətini dəstəklədi. İraqda İranpərəst rejim hakimiyyətdədir. Rəsmi Bağdadın İrandakı aksiyalarda heç bir rolu ola bilməz. Pakistanın, Türkmənistanın belə bir marağı, Əfqanıstanın, Omanın imkanı yoxdur. Azərbaycan Respublikası heç bir dövlətin, o cümlədən İranın daxili işlərinə qarışmır. İranda 35 milyondan çox azərbaycanlı yaşasa da rəsmi Bakı hər zaman İranın ərazi bütövlüyünü hörmət etdiyini bildirib. Güney Azərbaycan Milli Hərəkatına Şimali Azərbaycanın istimai rəyində ciddi rəğbət olsa da, bu siyasi proseslərdə o qədər də əhəmiyyətli deyil... Bu baxımdan İran dilplomatının Azərbaycanı nəzərdə tutması real deyil. Böyük ehtmalla, Cavad Zərif Səudiyyə Ərəbistanını nəzərdə tutur. Son illər İranla Səudiyyə arasında münasibətlər xeyli soyuyub. İranın İraqda, Yəməndə və Suriyada mövqelərini möhkəmlətməsi ərəb şeyxlərinin ürəyincə deyil. İranın Rusiyanın hərbi və diplomatik dəstəyi Yaxın Şərqdə “şiə zolağı” yaratması Səudiyyənin maraqlarına toxunur. Bu baxımdan Ərəbistan İranın yıxılmasında, güc itirməsində maraqlı ola bilər. Ancaq bir iş var ki, sələfi Səudiyyə rejimi əksəriyyəti şiə-cəfəri olan İranda ciddi sosial bazaya malik deyil. Xuzistan ərəbləri və bəluçlar sünnidir. Ərəblər onlara dəstək verə bilər. Ancaq onlar da ciddi qüvvə sayılmırlar. Səudiyyə Ərəbistanı “İran inqilabı”na ancaq lojistik və maliyyə dəstəyi göstərə bilər. Görünür İran hökumətində buna dair məlumatlar var”.
Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, ötən ayın son günlərində İranda baş verən etirazlar, Yaxın Şəqrdə suların durulmadığının anonsu kimi dəyərləndirmək lazımdır: “Çünki, regionda yaşanan xaosdan kənar olan İran sabitlik adası kimi özünün qoruyurdu. Hazırda isə bu haqda danışmaq ötən ildə qaldı. Qeyd edim ki, İranda sosial tələblərlə başlanan etirazların sonrdan siyasi çalar alması burada xarici qüvvələrin əli olduğuna şübhələr çəkdi. Təbii ki, bu etirazlardan faydalanan və bundan Tehran rejiminə qarşı istifadə edə bilən dövlətlər ABŞ başda olmaqla Səudiyyə Ərəbistanıdır. İranla Səudiyyə arasında geosiyasi ziddiyyət və vəkalət müharibəsi gedir. Təbii ki, bu iğtişaşlardan Ər-riyadın istifadə edəcəyi istisna deyildi. İran hakimiyyəti bu etirazların arxasında qonşu ölkə deməklə məhz Səudiyyə Ərəbistanını nəzərdə tutur. Çünki, Səudiyyə Əhvazda yaşayan ərəblərdən istifadə edib, İran hakimiyyətinə qarşı istifadə edə bilər. Hesab edirəm ki, Cavad Zərifin dedikləri məhz Səudiyyə Ərəbistanına aiddir”.
Siyasi şərhçi Azər Həsrət isə vurğuladı ki, İranın hansı dövləti nəzərdə tutmasını yəqin ki, özləri bilir: “Amma şəxsən mən bu suala cavab verməkdə çətinlik çəkirəm. Sadəcə deyə bilərəm ki, xain xoflu olar. İran özü qonşu dövlətlərin iç işlərinə açıq müdaxilə edir, rəsmən "islam inqilabı"nı qonşularına ixrac etmək üçün durmadan çalışır, elə bilir ki, qonşu dövlətlər də onun kimi nəyisə İrana ixrac etməyin dərdini çəkir. Yəni bu adamlar öz gözlərində tiri görmür, başqalarının gözündə çöp axtarır. Heç bir qonşu dövlət, o cümlədən də Azərbaycan İranda iç qarışıqlıq yaratmaq üçün çalışmır. Elə olsaydı yəqin ki, son günlər baş verən hadisələrdə Güney Azərbaycan da fəallıq edərdi. Etmədi, çünki biz İran kimi yıxılana balta çalmırıq”.

Əli

Bu xəbər oxundu
- - -