Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan hər zaman sülh yaratma xəttini həyata keçirib”

09.01.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zahid Oruc: “Bu dövlətimizin geosiyasi bir kursudur”

Zaur Məmmədov: “Azərbaycan son illər ərzində beynəlxalq arenada dialoq platformasına çevrilib”

“Ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla da rusiyalı həmkarı Gerasimovla görüş üçün Bakı seçilmişdi”. NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı, general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov arasında yanvar ayında Bakıda baş tutacaq görüşü şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc belə deyib: “O zaman bir çoxları bunu təsadüfi saya bilərdilər. Həmçinin 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi. Bakı heç də təsadüfi olaraq belə danışıqlar üçün seçilmir. Biz burada bir neçə nüansı nəzərə almalıyıq. Bu gün nə üçün məhz Bakı seçilib? İrəvan və yaxud Tiflis deyil? Birinci növbədə Azərbaycanın dövlət başçısı qeyd etdiyimiz mövqelərlə yaxşı əlaqə qura bilib. Azərbaycan prezidentinə inam var.
İkincisi isə Bakı nə Rusiyanın vasitəsilə nə Qərbin əleyhinə, nə də ki, Avropanın maraqları konteksində Moskvanın ziyanına forpost kimi nəzərdən keçirilir. Biz belə döyüşlərdə iştirak etmirik. Azərbaycan artıq dərəcədə sülhü təşviq edir. Nəzərə alaq ki, SSRİ-nin dağılmasından sonra bu gün Amerika və Rusiya, yaxud NATO- Rusiya münasibətləri ən aşırı mərhələdədir. Nə üçün rəsmi Brüssel Moskva ilə sərt hərbi dildə danışır? Bunun səbəbləri isə bəllidir. Həm Yaxın Şərqdəki əməliyyatlar, həm Ukrayna böhranı Rusiyanı müxtəlif sərt tədbirlərə məruz qoyub. Rusiyanı 7+1 formatından çıxardılar. Bundan sonra ABŞ ilə diplomatik kommunikasiyaların özü aşağı səviyyəyə düşdü”.
Deputat deyib ki, ABŞ ilə Rusiya arasında qarşıdurmaların mövcud olduğu vaxtda Bakı bu münasibətlərin həllində rol oynayarsa , çox təqdirəlayiq hadisəyə çevrilər: “Bu, Bakının statusunu artırar. Bakıya siyasi-diplomatik paytaxt adını verər. Azərbaycanın özünün ərazi bütövlüyü problemini yaşayan ölkədir. Biz maraqlıyıq ki, həmin danışıqlar keçmişdə Suriyanın taleyi, Yaxın Şərq bölgəsindəki məlum problemlərin həllində rol oynayırsa, bunun bir sonu Azərbaycana da gəlib çıxsın. Çünki bu gün Rusiya və Amerikanın mövqeyindən Qarabağdakı vəziyyət çox asılıdır. Biz həqiqətən də bu generalların danışıqlarının tam təfərrüatlarını bilmədən ixtiyarımız var düşünək ki, nə zamansa eyni düşüncələr və istəklər bizim ərazi bütövlüyümüz üçün keçiriləcək. Qarabağ danışıqları yüksək hərbi rütbəli şəxslərin arasında da getməlidir”.
Zahid Oruc bu gün Azərbaycanın təhlükəsizlik məkanı kimi tanındığını bildirib: “Burada kimsə danışıqların məxfiliyinə əl uzadılmasını düşünmür. Azərbaycan sülh yaratma xəttini hər zaman həyata keçirib. Bu dövlətimizin geopolitik bir kursudur. Biz Rusiya-Türkiyə, Türkiyə-İsrail arasında bəlli konfliktlər olan zaman da çalışdıq ki, tərəflər bir araya gəlsinlər. Düşünürəm ki, Bakı görüşü NATO və Rusiya arasında gələcək əlaqələrin həllində rol oynayacaq. Yaxud da ki, Yaxın Şərqin taleyi üçün qərara təsir göstərsin. Çünki görüşdən dərhal sonra məsələni həmin generallar ölkələrinin təhlükəsizlik və siyasi rəhbərlərinə məruzə edirlər. Daha sonra isə qərarlar verilir”.
Zahid Oruc görüşdə Suriya, İran ətrafında məsələlərdən bəhs edilməsinin mümkünlüyünü vurğulayıb: “Mənim dərin inamım var ki, ölkə prezidenti hər zaman olduğu kimi bu danışıqlara tribuna kimi yanaşaraq maksimum dərəcədə Azərbaycan mənafelərini həyata keçirməyə səy göstərəcək. Xatirimdədir ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla ölkə başçısı İlham Əliyev görüş keçirmişdi. Eləcə də Valeri Gerasimovla. Bu dəfə də belə olacağına şübhəmiz yoxdur. Çünki Azərbaycan həm NATO, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir”.
Politoloq Zaur Məmmədov isə deyib ki, Azərbaycan son illər ərzində beynəlxalq arenada dialoq platformasına çevrilib. Politoloq vurğulayıb ki, Azərbaycan neytral ölkədir, siyasi, iqtisadi və hərbi cəhətdən heç bir dövlət və təşkilatdan asılı deyil. Digər tərəfdən bu Bakıya olan etibarın nəticəsidir. Zaur Məmmədov qeyd edib ki, Bakı görüşü NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə onun rusiyalı həmkarı arasında Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla şəxsi təmasları kəsmək barədə Obama administrasiyasının qərarından sonra baş tutacaq birinci görüş olacaq: "Ona görə görüş xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində biz NATO və Rusiya arasında ciddi gərginliyin şahidiyik. 1990-cı illərin əvvəllərindən tərəflər arasında imzalanmış bütün sazişlərə rəğmən bu gün demək olar ki, status-kvo pozulub. Bu çox vacib məqamdır".
Politoloqun sözlərinə görə, beynəlxalq proseslərdə gərgin münasibətlərdə status-kvonun pozulması danışıqların pozulması, xaosun başlanması deməkdir. Onun fikrincə, bu gün artıq NATO və Rusiya arasında demək olar ki, balansı qoruyacaq heç bir üçüncü dövlətlər yoxdur: "Ordular bir-biriləri ilə üzbəüz durublar. Hər iki tərəf əsl məqsədlərini gizlətmirlər. Təbii ki, vəziyyətin bu nöqtəyə çatmasında Ukrayna hadisələri əsas rol oynadı".
Zaur Məmmədov həmçinin bildirib ki, Ermənistan və erməni diasporu Bakının beynəlxalq sülh platformalarından biri olmasını asanlıqla həzm edə bilməyəcək: "Bu ölkə Rusiya ilə hərbi müttəfiqdə olaraq İrandan başqa bütün qonşularından ərazilər istəyir, ölkədə Rusiyanın qoşunları saxlanılır. O ki qaldı Gürcüstana, Tbilisi NATO-ya daxil olmaq arzusunda olmasını heç kimdən gizlətmir. Belə olan halda balanslaşdırılmış siyasət yürüdən, sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın bu kimi görüşlərə ev sahibliyi etməsi təsadüfi sayıla bilməz".

Bu xəbər oxundu
- - -