Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yeni ilin ilk hərracında 21 dövlət əmlakı özəlləşdirilib

09.01.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 9-da keçirilən növbəti hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Komitədən bildirilib ki, hərraclara müxtəlif çeşidli əmlakların çıxarılması ilə özəlləşdirmə prosesində kəmiyyət, həmin obyektlərin əldəolunma prosedurunun sadələşdirilməsi, elektron hərracın geniş tətbiqi ilə də keyfiyyət göstəricisi təmin olunur. Bütün bu üstünlüklər əmlak almaq istəyən investorların sayını çoxaltmaqla hərracı rəqabətli edir. Yeni ilin ilk hərracı da rəqabətli olub. Belə ki, Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsində də analoji hal müşahidə edilib. Belə ki, həmin əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.
Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, “QAZ-3102” markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən sonda 3800 manata özəlləşdirilib. Bundan başqa 2006-cı il istehsalı olan “Nissan Maxima”nın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq, 5050 manata sahibini tapıb. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kvadratmetrdən çox torpaq sahəsi isə 14 min 500 kvadratmetrə yaxındır.
Bundan başqa Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Bu əmlakın ümumi faydalı sahəsi 90 kvadratmetrə yaxın, torpaq sahəsi isə 100 kvadratmetrdən çoxdur. Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Bu əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edək ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanov, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonlarında, qalanları isə müvafiq olaraq Nizami və Xətai rayonlarında yerləşir. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kvadratmetr olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün “privatization.az” portalından “Nəticələr” bölməsinə daxil olmaq kifayətdir.

Bu xəbər oxundu
- - -