Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk əsilli ruslar: admiral Kolçak

10.01.18, 9:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Döyüşlərdə Xatın qalasının komendantı İlyas paşa Kolçak oğlu Mehmet bəy əsir düşür…

1-ci yazı

Kolçak Aleksandr Vasilyeviç (4.11.1874-7.2.1920). Admiral, rus əksinqilabının rəhbərlərindən biri, Rus-Yapon və I Dünya müharibəsi iştirakçısıdır. Sovet hakimiyyətinə qarşı vuruşub, 1918-ci ildən Sibir hökumətinə başçılıq edib. 1920-ci ilin yanvarında həbs edilib, Sovet hökuməti tərəfindən güllələnib. (Böyük Sovet Ensiklopediyası, XII cild, s.477 (rus dilində)).
"O, məhəbbət və elm üçün doğulmuşdu, lakin tale onun umuzlarına talan olmuş vətən naminə hərbi diktatura hakimiyyətinin ağırlığını və məsuliyyətini yüklədi", - deyə onun vəfalı rəfiqəsi, sədaqətli dost olan Anna Timirova çox sonralar, ixtiyar çağlarında yada salırdı. Anna Timirova 1893-cü ildə əski çərkəz yurdu Kislovodskda anadan olmuşdu. 1975-ci ilin yanvarında öz əcəli ilə ölmüşdü. Məşəqqət və əzabla dolu bir ömür yaşamışdı. Admiral Kolçak həbs olunarkən könüllü olaraq onunla həbsxanaya girmiş, həmin gündən, yəni 1920-ci ilin yanvarından ta 1960-cı ilin mart ayına kimi Sibir həbsxana və düşərgələrində can çürütmüş, amma yaşamış və bu yadigar eşqi yaşatmağa çalışmışdı. Bu məhkum ömürdən yalnız son 15 ilini azadlıqda yaşamışdı. Timirovanın əsas ittihamı onun "cinayətkar" eşqi idi; Sovet məktəblərində adı ilə 70 il uşaqları xortdan, bir adamyeyən kimi qorxutduqları Admiral Kolçakla olan sevgisi və onu son nəfəsinə kimi tərk etməməsi idi.
...Bu məhəbbət od-alov və qan içində doğulmuşdu, elə beləcə də sabahı olmayacaq bir ümidsiz gecənin şöləsində yaşadı. Hər ikisi həyatlarını həsr etdikləri mübarizənin sonunu - aqibətini bilirdi. Həyat onları qarşılaşdırarkən hər ikisi evli idi. Gənc Anna Timirova təntənəli bir bal gecəsi onu görmüş, aşiq olmuşdu. Qadının cəzbedici şərq gözəlliyi və füsunkarlığı admiralın ciddiyyətini və möhkəm inadını qırmışdı. Sonralar Omskda (qədim tatar şəhəri Ombu) admiralın yanında Timirovanı görüb müşahidə edən, Sibir hökumətinin müttəfiqlərindən olan, fransız emissarı Berjeron xatirələrində ondan vəcdlə bəhs edir: "Ömrümdə heç yerdə gözəllik, cazibə və ləyaqətin belə çulğalaşmasına rast gəlməmişdim. Mən özüm inadkar subaylardanam, amma nə vaxtsa ailə qurmaq fikrinə düşsəm, arzu edərdim ki, yalnız onun kimi bir qadına rast gəlim... İlk dəfə mən onu rəsmi bir görüşdə admiralla bir gördüm, onların zahiri oxşarlığı məni heyrətə gətirdi. Əgər mən onların münasibətlərini və əlaqələrinin xarakterini əvvəlcədən bilməsəydim, onları bacı-qardaş və ya yaxın qohumlar zənn edərdim. Baxışlar, rəftar, yeriş, əhval-ruhiyyə, temperament... hamısı eyni. Eyni Şərq ruhu. Onlara baxır və qeyri-ixtiyari düşünürsən: Onların bir-birindən ayrı həyatı mümkün deyil. Yadımdadır, mən onları ilk dəfə birlikdə gördükdə təəssüflə düşünürdüm: kim bilir, qarşıda onları nə gözləyir - şahlıq, yoxsa şərəfsiz bir ölüm?!"
Həyat... Zərrə-zərrə, damla-damla qəlbə dolan vurğunluq və şəfqət artıb, kükrəyib bu qəlbdə nə tüğyanlar, fırtınalar qopara bilərmiş!... Müharibələrə, aclığa, itkiyə, məhrumiyyətə qalib gələn məhəbbət!... Minlərdən-milyonlardan yalnız birinə nəsib olan şan-şərəfli məhəbbət! ...Admiralın 1919-cu ilin aprelindən öz anası ilə mühacirətdə yaşayan oğlu Rostislavın (1910-1965) yazdığına görə, onların kökü türk İlyas paşa Kolçakdan başlayır. Türk yurdu, Osmanlı şəhəri Xatın qalasının komendantı şanlı-şöhrətli İlyas paşadan. "Kolçak, qolçak" türk dillərində tarixən hərbi geyim, hərb paltarlarının biri - qola geyilən, onu qoruyan zirehli geyim mənasını ifadə etmişdir. "Kolçak, qolçaq" get-gedə sonra məişət əşyası şəklinə düşərək iş vaxtı paltarı xarab olmaqdan qoruyan, eyni zamanda qolu qoruyan (məsələn, təndirə çörək yaparkən geyilən qolçaq) əşya mənasını daşımağa başlayıb. Tarixçi-filoloq Nikolay Baskakov özünün "İqor alayı haqqında dastanın türk leksikası" əsərində rus dilindəki kolçuqa "zirehli döyüşçü geyimi" terminini də "kolçak" sözü ilə bağlayır. Vladimir Radlov məşhur qıpçaq xanı Konçak xanın adının da (tarixi mənbələr göstərməkdədir ki, rus xalqının ilk tarixi bədii abidəsi olan "İqor alayı haqqında dastan"ın qəhrəmanının oğlu Konçak xanın qızı ilə evlənmişdi) qollara və dizə-baldıra geyilən zireh adından yarandığını göstərir. Beləliklə, "kolçaq" və "konçaq" sözünün paralelliyini irəli sürür.
...İlyas paşa sultanın vəziri idi. Sultan İlyas paşaya inanıb basqınçı kazakların hücumuna tez-tez məruz qalan Xatın qalasını ona tapşırmışdı. Sədaqətli İlyas paşa Kolçaka. 1736-cı ilin mayında ruslar feldmarşal Minixin rəhbərliyi altında möhkəm istehkamlara malik olan Or Kapı qalasını (sonradan qoyulmuş adı Perekop) tutdu. Ruslar Kırım torpağına ilk dəfə ayaq basdı. Bu müharibəyə bir tərəfdən də Avstriyanın türklərə qarşı cəbhə açaraq qoşulması ilə hərbi əməliyyatlar bir daha qızışıb gücləndi.
Ruslar 1739-cu ilin yayında Xatın (indi Ukraynaya daxil olan Xotin şəhəri) və Yaş şəhərini (Rumıniyanın Yassı şəhəri) tutdular, müharibə sona çatdı, artıq qələbə təmin olunmuşdu. Bu döyüşlərdə Xatın qalasının komendantı İlyas paşa Kolçak oğlu Mehmet bəy və iki min qala əhalisi ilə əsir düşür və Rusiyaya hərbi əsir kimi gətirilir. O, bir daha geri dönə bilmir və xaçlanır, amma şöhrətli soy adını saxlayır. Yaşamaq üçün də uzağa getmirlər, sonra Kolçaklar hələ türkün qoxusunu saxlayan Odessada (bu şəhər 1789-cu ildə istila olan Hacı bəy şəhəridir) yerləşir. Hər halda bura evə yaxın idi. Son ana qədər o qazandığı sədaqət adını saxladı. Əsir düşdükdə arvadını və gəlinlərini İstambula, sultanın himayəsinə göndərdi. Bununla o canını, başını yox, təkcə sədaqətini, vətənə məhəbbətini "sığorta" edirdi. Belə olduqda sultan ondan daha şübhələnməzdi. Onun qalanı ruslara təslim etməsindən xəyanət görməzdi. Odur ki, İlyas paşa sədaqət və ixlasında sona qədər dayandı; ailəsini amana göndərməsi bunu sübut edirdi. Məhz bu dəyanətinə görə əsir düşdükdən sonra düşmən tərəfdə də onunla hörmətlə rəftar edirlər. 1740-cı ilin fevralında paşa özü imperatriçanın qələbə şənliyində iştirak edir. İmperatriça özü onunla fəxri qonaq kimi rəftar edir. Onu bu təntənələrə baxmağa dəvət edir.
Kolçak paşanın adı rus alimi və şair M.Lomonosovun "Xotinin alınması və türklər üzərində qələbəsinə görə" imperatriça Anna İohannovnaya həsr etdiyi mədhiyyədə çəkilir. "Кто скоро тол тебя, Колчак, Учит российской вдатся власти, Ключи вручит в поддантсва знак. И бол шей избежат напасти? Правдивый Аннин гнев велит что падишах перед ней шадит" (Tərcüməsi: "Annanın hiddəti qarşısında padişahlar tir-tir əsərkən, Kolçak, belə tezliklə kim səni Rusiya hökumətinə tabe olmağa, qul olmaq nişanəsi olaraq açarları təhvil verməyə və əjdərhanın cəhəngindən xilas olmağa sövq etdi?!")
...İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda Şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.

Minaxanım Təkləli
professor

Bu xəbər oxundu
- - -