Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

NATO Qafqaza girir: Kremlə qarşı təhlükə...

10.01.18, 9:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın postsovet məkanı ilə bağlı siyasətində Gürcüstanın və Ukraynanın özəl yerə sahib olduğu sirr deyil. Məhz bu iki keçmiş sovet respublikası Avroatlantik məkana inteqrasiyada önə çıxıb. İkisi arasında müqayisədə Gürcüstan daha öndədir. Bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, hələ 2009-cu ilin yanvarında, Cənubi Osetiyadakı müharibədən yarım il sonra, Vaşinqtonda ABŞ və Gürcüstan arasında Strateji Tərəfdaşlığa dair Xartiya imzalanıb: “Bu Xartiya münasibətlərin bütün aspektlərini, o cümlədən hərbi sahədə əlaqələri əhatə edir. Sənəddə bildirilir ki, Gürcüstanın Avroatlantik institutlara inteqrasiyası ABŞ-ın prioritetidir və ölkənin hərbi imkanlarının artırılması, NATO üzvlüyünə hazırlanması üçün əməkdaşlıq gücləndiriləcək. Bu cümlə Gürcüstanın NATO standartlarına uyğunlaşdırılması üçün hərbi islahatların keçirilməsini, kadr hazırlığını, eləcə də silah təchizatını nəzərdə tutur. Ötən dövrə nəzər salsaq, bu istiqamətdə həm ABŞ-Gürcüstan ikitərəfli əməkdaşlığı çərçivəsində, həm də NATO-Gürcüstan formatında xeyli işlərin həyata keçirildiyini görərik. Xüsusilə Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatizm ocağını alovlandırmasından sonra Gürcüstanın NATO-ya inteqrasiyası prosesi sürətlənib. Məlum olduğu kimi, 2008-ci ildə keçirilmiş NATO-nun Buxarest sammitində Gürcüstanın və Ukraynanın gələcəkdə ittifaqa qəbuluna yaşıl işıq yandırılmışdı, lakin o vaxtdan 2014-cü ildəki Ukrayna hadisələrinə qədər bu istiqamətdə durğunluq var idi”.
Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi NATO-nun strategiyasının dəyişməsinə səbəb oldu: “Bu baxımdan 2016-cı ildə keçirilmiş Varşava sammiti tarixi əhəmiyyətə malikdir. Orada Rusiya ekspansiyasının qarşısının alınması üçün önəmli qərarlar qəbul olundu. Bu qərarlar çərçivəsində Rusiya ilə həmsərhəd NATO ölkələrində - 3 Baltik ölkəsi və Polşada NATO batalyonlarının yerləşdirilməsi, eləcə də Rusiyanın Qara dəniz regionunda artan təsirini neytrallaşdırmaq üçün Rumıniyada xüsusi briqada yerləşdirilməsi qərara alındı. Bu proseslər nəticəsində Qara dəniz ölkəsi olan Gürcüstanın NATO və ABŞ üçün strateji önəmi xeyli artdı. O vaxtdan bəri Gürcüstan ərazisində NATO təlimlərinin keçirilməsi intensivləşib. Varşava sammitində Gürcüstanın NATO-ya inteqrasiyasına bir daha dəstək ifadə edilərək bu ölkənin müdafiəsinin gücləndirilməsi istiqamətində konkret qərarlar qəbul olundu. Artıq bu qərarların həyata keçirilməyə başladığını görürük. ABŞ hökuməti və Konqresi Gürcüstana “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib. Bundan başqa, Pentaqon 9 gürcü batalyonunun təlimini öz üzərinə götürüb. Fransa isə Gürcüstanın hava hücumundan müdafiə sisteminin qurulmasına kömək edir”.
Politoloq vurğulayıb ki, qonşu ölkənin konkret nə zaman NATO-ya qəbul olunacağı hələlik məlum olmasa da, üzvlük prosesinin xeyli sürətləndiyi göz önündədir: “NATO Hərbi Komitəsinin yanvarın 16-17-də keçiriləcək toplantısında Gürcüstanın məsələsi yenidən müzakirə olunacaq. Yəni NATO artıq Cənubi Qafqaza daxil olmaqdadır və bu prosesin uğurla yekunlaşması Rusiyanın regiondakı dayaqlarını sarsıdacaq”.
Qeyd edək ki, yaxın günlərdə ABŞ-dan Gürcüstana xüsusi qrup gələcək. Xüsusi qrupun ölkədəki təhlükəsizliyin vəziyyətini və onun gücləndirilməsi imkanlarını öyrənəcəyini bildirib.

Bu xəbər oxundu
- - -