Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tarixi qərar

10.01.18, 11:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rais Rəsulzadə: “2018-ci ilin “AXC ili” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək ”

Əkbər Qoşalı: “Babalarımız xalqımızın yenilməz əzmini nümayiş etdirib”

Elnur Eltürk: “Bu qərar, tariximizə sahib çıxmaq və onu qorumaq deməkdir”

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Dövlət başçısının bu qərarı rəğbətlə qarşılanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ölkə başçısının bu qərarı ilə bağlı təəssüratlarını bölüşüb: “Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi çox gözəl addımdır. Bi il çərçivəsində AXC-nin təbliği baxımından ciddi addımlar atıla bilər. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. “AXC ili”ndə həmçinin, Rəsulzadənin mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifəsidir. Bu baxımdan 2018-ci ilin “AXC ili” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!”.
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı diqqətə çatdırdı ki, Azərbaycan Prezidentinin Xalq Cümhuriyyətimizin – Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət quruluşunun 100 illiyi ilə bağlı ötən il sərəncam verməsi, dünən isə 2018-ci ili “Xalq Cümhuriyyəti İli” elan etməsi yüksək siyasi, dərin dövlətçilik və nəcib xəlqi anlam daşıyır: “Elə bilirəm, bütün dünya azərbaycanlıları dövlət başçımıza minnətdarlıq, 100 il öncə çox çətin şərtlərə baxmayaraq cümhuriyyət qurmuş fədakar şəxsiyyətlərimizə rəhmət duyğuları ilə, 2018-ci ili yaddaqalan işlərlə süsləyərək, yüksək ovqatla keçirəcək! Bu isə ilk növbədə, vətəndaş məsuliyyəti, “əsl vətənpərvərlik hər kəsin öz işini yaxşı görməyindədir” düsturunu idrak etməklə, əsgərin əsgərlik, tələbənin tələbəlik, məmurun məmurluq, yazarın yazarlıq etməsi ilə - öz işinə yüksək duyğularla və necə deyərlər, peşəkarcasına yanaşması ilə mümkündür. Əlbəttə, babalarımız Şərqdə ilk xalq cümhuriyyətini, istiqlaliyyətimizi elan edərkən xalqımızın tarixi arzu, mübarizə və inamını, eləcə də, yenilməz əzmini nümayiş etdirib. Dövlət başçımızın Xalq Cümhuriyyəti ilə bağlı qəbul etdiyi qərarlar isə, Azərbaycan Xalq Cümhuriyyəti ideallarına, tariximizə, bugünümüzə və əlbəttə, böyük gələcəyimizə parlaq baxışın ifadəsidir. İlimiz mübarək olsun!”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) şöbə müdiri, diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk isə diqqətə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın şərəfli tarixidir: “Şərqin ilk demokratik dövləti olan AXC-nin yaranması bölgədə gedən proseslərə təsir göstərdi. Təsadüfi deyil ki, cümhuriyyət 23 ay yaşamasına baxmayaraq, yaddaşlarda dərin iz buraxdı. İnsan bəzən düşünür ki, 23 ayda bu qədər işlərin görülməsi mümkünsüzdür. Cümhuriyyətçilər bunu bacardılar. Üstəlik, güclü dövlət yaratdılar. Yaradılan 40 min ordu ilə Qarabağda separatçıların hücumlarının qarşısını aldılar, ölkəmizin ərazi bütövlüyünü pozmağa çalışan qondarma Muğan Sovet Respublikasının yerindəcə məhv edilməsi əldə edilən uğurların müəyyən bir qismini təşkil edirdi. Daxildə güclü sabitliyin yaranması aparılan düzgün siyasətin nəticəsi idi. Eyni zamanda, AXC mürəkkəb geosiyasi bir dövrdə yaranırdı. Dünyanın yeni düzəni formalaşırdı. Bununla yanaşı, AXC rəhbərliyinin apardığı uğurlu beynəlxalq danışıqlar AXC-nin de-fakto tanınmasına gətirib çıxartdı”. Elnur Eltürk əlavə etdi ki, xalqımıza azadlığı damla-damla dadızdıran cümhuriyyətin qurucuları hörmət və izzətlə anılmalıdırlar: “Sovet imperiyasının istiqlal tariximizi nə qədər unutdurmağına baxmayaraq, buna nail ola bilmədi. Demək, istiqlal xalqımızın ruhuna hopub. İnsanlarımız zaman-zaman gizli yolla mübarizələrini davam etdirirdilər. Belə tariximizi unutmaq və unutdurmaq olmaz. Prezident tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli”elan edilməsi istiqlal tariximizə verilən qiymətin göstəricisidir. Bu qərar, tariximizə sahib çıxmaq və onu qorumaq deməkdir. Cəmiyyətdə vətənpərvərlik və milli şüurun inkişafına təsir göstərəcəyi şübhəsizdir. Daxili tədbirləri yanaşı, xaricdə diaspor təşkilatlarımız tədbirlərin keçirilməsini sürətləndirilməlidir. Xüsusilə, xarici mətbuatda cümhuriyyətin önəmi haqqında məqalələr yazılmalıdır”.

Əli

Bu xəbər oxundu
- - -