Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın mövqeyi getdikcə zəifləyir”

10.01.18, 12:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Bu ölkədə adambaşına 2200 dollar dövlət borcu düşür”

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. Gündəmi dəyərləndirən ekspert həmçinin regionada və dünyada gedən prosesləri şərh edib.
ABŞ və Rusiya generallarının Bakıdakı görüşünə toxunan Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanın bu vaxta qədər gördüyü işlərin ən yaxşı testi Bakıda ABŞ və Rusiya hərbçilərinin görüşünün keçirilməsidir. O qeyd edib ki, görüşü təşkil edən dövlətlər başa düşür ki, bu görüşə ev sahibliyi edən dövlət üçün əlavə risk yaranır və Bakı da bu riski azalda bilir: "Hesab edirəm ki, ötən il Bakıda baş tutan ABŞ və Rusiya hərbçilərinin görüşü bu vaxta qədər gördüyümüz işlərə verilən ən yaxşı qiymətdir".O həmçinin əlavə edib ki, yanvarın ikinci yarısında Bakıda NATO və Rusiyanın yüksək çinli hərbçilərinin görüşü keçiriləcək.
Dağlıq Qarabağdan danışan politoloq deyib ki, Kəlbəcəri götürməklə həm Ermənistana, həm də Dağlıq Qarabağa nəzarət etmək mümkündür. O qeyd edib ki, aprel döyüşlərində Ağdərədən torpaq azad etməyimiz bizim danışıqlar prosesində mövqeyimizi gücləndirdi: "Digər tərəfdən ötən il Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Avropa İttifaqının qəbul etdiyi yekun sənəddə göstərildi ki, münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Lakin bundan öncəki bəyanatlarda Gürcüstan, Moldova və Dnestryanı kimi münaqişələrdə ərazi bütövlüyü prinsipinə toxunulurdu. Aİ Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Aİ ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini bildirirdi".
Politoloq deyib ki, Azərbaycan Prezidentinin 3 il ərzində gördüyü işlərin nəticəsində Avropa İttifaqı ötən il qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin də ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini vurğuladı.
Cənub qonşumuzdakı hadisələri şərh edən ekspert diqqətə çatdırıb ki, İranda baş verənlər gözlənilən idi. O qeyd edib ki, İranda baş verənlərin səbəbi ölkə daxilindəki hadisələrdir. Vurğulayıb ki, ölkədə işsizlik 50 faizdir: "Bu vaxta qədər Sistan kimi ərazi qazlaşdırılmamışdı. Belə olan halda demək olar ki, İranın daxilində baş verənlər xarici qüvvələrlə bağlıdır? Bunu demək olmaz. Düzdür, xarici qüvvələrin müəyyən qədər təsiri var. Lakin etirazlar daha çox ölkə daxilində baş verənlərlə bağlıdır".
Politoloq əlavə edib ki, Azərbaycan ictimaiyyətində hər kəs İranın ərazi bütövlüyünü, Konstitusiyanı dəstəklədi: “Lakin İrandakılar bunu başa düşmürlər”. Politoloqun fikrincə, İran bütün dünyada azərbaycanlıların arxasınca gəzib onların beynini yeməyə çalışır: "İrana müraciət edirəm ki, öz vətəndaşlarının beynini qoru. ABŞ-ın bir işarəsi ilə vətəndaşların meydanlara çıxdı". Politoloq həmçinin əlavə edib ki, son dövrlər baş verən hadisələr göstərir ki, Azərbaycan müstəqil siyasət aparır: "Belə ki, Azərbaycan İran və Türkiyədən daha çox Myanmara kömək göstərdi. Digər tərəfdən Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən konfransda Prezident İlham Əliyev dedi ki, ABŞ prezidenti Donald Tramp bu bəyanata yenidən baxmalıdır. Bütün bunlar bizim müstəqil siyasət aparmağımızın göstəricisidir".
Mübariz Əhmədoğlu əlavə edib ki, 2017-ci il Ermənistan üçün Rusiyanın daha çox təsiri altına düşməsi, süni “uğur yaratma” kompaniyası, Ağdərə faktorunun yaranması ilə xarakterizə olunur. O qeyd edib ki, ötən il Ermənistanın bütün vektorlar üzrə siyasətini aktivləşdirməsi onun Rusiyanın təsiri altına düşməsi prosesini daha sürətləndirdi: “İranın qrantları hesabına tikilmiş Mehri və Aqarak şəhərlərinin qazpaylama şəbəkəsini Rusiya Federasiyasının havayı müsadirə etməsi Rusiyanın təkcə İrana deyil, həm də ABŞ və Avropa İttifaqına xəbərdarlığı idi”.
Politoloq vurğulayıb ki, hakim elita S.Sərkisyanın siyasətində süni “uğur yaratma” kompaniyası apardı. Dağlıq Qarabağ məsələsində uğur əldə etdiklərinə həm də müxalifət təmsilçiləri inanır: “2017-ci il Ermənistanın 2016-cı ildəki itkilərinin leqitimləşdirilməsi, Azərbaycanın işğalçılığa qarşı siyasi iradəsinin qətiləşməsi və maddiləşməsi, Ağdərə faktorunun yaranması ili oldu. S.Sərkisyanın siyasəti daha ciddi itkilərin bünövrəsini qoydu”.
M. Əhmədoğlu əlavə edib ki, Ermənistanın reytinqlərdə mövqeyi getdikcə zəifləyir. “Freedom House” Ermənistan mətbuatını qeyri-azad ölkələr siyahısına saldı. İntellektual mülkiyyətin mühafizəsinə görə 5, eləcə də mətbuat azadlığı indeksinə görə də 5 pillə geriləyib: “Ermənistanda adambaşına 2200 dollar dövlət borcu düşür. Ermənistan vətəndaşları müstəqillik gününü daha az həvəslə qeyd edirlər. Səbəb ölkədə ağır sosial və iqtisadi vəziyyətdir. Hər milyon nəfərə düşən avtoqəzada ölənlərin sayına görə (114,7) Ermənistan dünyada 3-cü yerdədir. Bankrot olunmuş “Nairit” zavodunun əmlakı satışa çıxarıldı”.
Politoloq deyib ki, Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyanın “Əgər Stiv Cobs Ermənistanda doğulsaydı, indi o taksi sürərdi”-fikrini daxili vəziyyətin ümumiləşdirilmiş formulu kimi qəbul etmək olar.
M. Əhmədoğlunun fikrincə, artıq “erməni soyqırımı” məsələsi arxa plana keçib. Çünki rəsmi İrəvanın iki ümummilli məsələdə (“erməni soyqırımının” və Dağlıq Qarabağın tanınması) mübarizə aparmağa gücü çatmır: “ Dağlıq Qarabağ məsələsi Ermənistan üçün ən prioritetdir. Bu erməni xarakterinə uyğun haldır. “Erməni soyqırımı” nəzəri-ideoloji məsələdir və az pul cəlb edir. Dağlıq Qarabağ məsələsi konkret maddiliklə, ərazilərlə bağlıdır və daha çox maliyyə cəlb etməyə imkan verir. Ermənistan rəhbərliyi həmişə ideologiyanın deyil, maddiyatın yanında olublar”.
Politoloq əlavə edib ki, “Diaspor Ermənistana inanmır. Ermənistan diasporda inamı itirib. Çünki diaspor Ermənistan haqqında həqiqəti bilir”, “Diasporda əksəriyyət Ermənistanda maraqlı deyil”, “Diaspor təhlükəyə çevrilir” fikirləri aktuallaşdı.

Bu xəbər oxundu
- - -