Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanı soyuq fevralda gözləyən təhlükələr

11.01.18, 9:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Putinə dörd istiqamətdən zərbə hazırlanır

Görünən odur ki, yeni ildə Vaşinqtonla Moskva arasındakı münasibətlərdə gərginlik azalmayacaq. ABŞ Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsinin təhqiqatını davam etdirir, hər iki tərəf bir-birini silahlar haqqında müqavilənin pozulmasına görə suçlayır və uzunmüddətli qarşıdurmaya hazırlaşaraq, bütün dünya üzrə öz mövqelərini möhkəmləndirməkdə davam edirlər.
Bundan savayı, ABŞ Rusiyaya qarşı sonrakı sanksiyalar üçün dörd sfera müəyyən edib, bu halda, RF prezidenti Putin üçün ən təhlükəli zərbə rus oliqarxlarına qarşı məhdudlaşdırıcı tədbirlər ola bilər. “Strateq” yazır ki, bu barədə “Apostrof”un sərəncamında olan, ABŞ özəl kəşfiyyat-analiz şirkəti "Stratfor”un hazırladığı materialda deyilir.
ABŞ sovet dövründən başlayaraq, Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. Hazırda ABŞ tərəfindən tətbiq edilən əsas sanksiyalar Rusiyanın Ukraynaya münasibətinə (oxşar tədbirlər AB, Kanada, Avstraliya və Yaponiya tərəfindən də görülüb), Donbasdakı münaqişədə iştirakına, MH17 sərnişin təyyarəsinin qəzaya uğramasına və Krımın ilhaqına görə tətbiq edilən sanksiyalardır. Bu tədbirlərə aşağıdakılar:
– Rusiyanın 6 ən böyük bankı, 4 dövlət neft kompaniyası və 4 müdafiə müəssisəsinə avrobondların buraxılışının məhdudlaşdırılması;
– Rusiyanın enerji sahəsinə yönəlik olan, ABŞ kompaniyalarına dərin sularda neft və qaz çıxarılması üçün mal və texnologiyanın verilməsini və ixracını qadağan edən sanksiyalar;
– ikili təyinatlı malların göndərilməsinə qadağa qoyulması;
– yüzlərlə rus hüquqi və fiziki şəxsinə qarşı sanksiyaların (səfərlərin məhdudlaşdırılması və aktivlərin dondurulması) tətbiqi daxildir.
Lakin bu sanksiyaların Rusiyaya təsiri kifayət qədər mübahisəli məsələdir. Çünki neft qiymətlərinin aşağı olması ona gətirib çıxardı ki, elə sanksiyaların tətbiq edildiyi həmin ildə Rusiya iqtisadiyyatı geriləməyə başladı. Nəticədə Rusiya öz iqtisadiyyatının böyük hissəsini izolyasiya etdi. Qərbdən edilən idxal yerli imkanlar, Asiya-Sakit okean regionu və Yaxın Şərqlə yeni ticarət əlaqələri hesabına kompensasiya edildi. Sanksiyalar, “ExxonMobil”lə olan neft razılaşması kimi, bir neçə həlledici enerji layihəsini pozdu və onlar Rusiyada neft istehsalına uznmüddətli təsir edəcəklər. Lakin Vaşinqtonu məyus etsə də, Moskva, böyük hesabla, sanksiyalara qarşı duruş gətirdi.
2017-ci ilin avqustunda ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yaxın illərdə genişləndirilməsini də nəzərdə tutan qanunu imzaladı. Bu ilin fevralından ABŞ Maliyyə Nazirliyi, başlıca olaraq Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsinin təhqiqatı ilə bağlı, mümkün yeni sanksiyalar haqqında geniş informasiya təqdim edəcək.
Maliyyə Nazirliyi özünün fevral hesabatında Rusiyanın yeni dövlət borcunu alan ABŞ vətəndaşlarına qarşı mümkün sanksiyaların Rusiyaya və dünya bazarına təsirindən ətraflı bəhs edəcək. Hazırda qüvvədə olan sanksiyalar bəzi rus şirkətlərinə (“Sberbank” və neft nəhəngi “Rosneft” kimi) qərb investorları üçün istiqrazlar buraxmağa imkan vermir, ancaq onlar Rusiya hökumətinə veksellər (borc öhdəlikləri) buraxmağa mane olmur. Beləliklə, Kreml öz üzərinə suveren borc götürür və onu sanksiyalar altında olan şirkətlərə verir. 2017-ci ildə xarici investorların Rusiya dövlət borcuna investisiyası buraxılan istiqrazların ümumi həcminin (cəmi 25 mlrd. dollar) 5%-dən 30%-dək artdı. Ötən il inkişaf etməkdə olan bazarlarda rus dövlət istiqrazları qərb maliyyə şirkətləri arasında ən yaxşı olanlardan biri hesab edilirdi.
2018-ci ildə Rusiya hökuməti artıq çox zəifləmiş olan federal büdcəsini düzəltmək üçün əlavə olaraq 18 mlrd. dollar borc götürmək niyyətindədir. Rusiya iqtisadiyyatı resessiyadan (geriləmə) çıxır, lakin uzunmüddətli staqnasiya (durğunluq) dövrünə girir. Bundan əlavə, Rusiya əhalisi və ölkənin çoxlu mühüm şirkət və bankları daha böyük çətinliklərlə qarşılaşır, iqtisadi sistemin sabitsizləşməməsi üçün Kremli öz üzərinə böyük maliyyə yükü götürməyə məcbur edir. Kreml, böyük ehtimalla, “üzdə” qala bilməsi üçün öz ehtiyat fondlarının əhəmiyyətli hissəsini sərf edəcək və beynəlxalq səviyyədə daha çox borc götürəcək.
Əgər ABŞ Rusiyanın suveren borcu ilə bağlı sanksiya tətbiq edərsə, bu, ABŞ sərhədlərindən kənarda olan investorları da Rusiya avrobondlarını almaqdan çəkindirə bilər. 2017-ci ilin dekabr ayının ortalarında RF Maliyyə Nazirliyi bəyan etdi ki, hökumət fevral hesabatından öncə istiqraz buraxmayacaq. Orada əmin idilər ki, gələcək borcun satın alınmasını təmin etmək üçün Moskvanın Qərbdən kənarda kifayət qədər əlaqəsi vardır. Son illərdə Rusiya Qərbin təzyiqlərini yumşaltmaq üçün öz gücünü digər regionlarla əlaqələrini möhkəmləndirməyə sərf edib. Buna görə, Rusiyanın suveren borcuna qarşı genişləndirilmiş sanksiyaların tətbiqi onun üçün əngəl ola bilər, lakin davranışını dəyişdirməyə məcbur etmək üçün yetərli çətinlikdə deyil…
Sanksiyaların daha bir variantı ABŞ Maliyyə Nazirliyinin fevralda nəşr ediləcək ikinci hesabatının bir hissəsi olacaq. Bu hesabatda ən önəmli rus oliqarxları, onların gəlirləri, korrupsiya sübutları, onların xaricdəki biznes əlaqələri və aktivləri, həmçinin gəlir mənbələri təqdim ediləcək. Onların ailələri və yaxın çevrələri, eynən aktivləri kimi, sanksiyalara məruz qalacaq. Bundan əlavə, onların uşaqlarına xaricdə təhsil almaq qadağan edilə bilər.
Məhdudlaşdırıcı tədbirlərin bu variantının tətbiq sferası qüvvədə olan fərdi sanksiyalardan kəskin fərqlənir. Artıq sanksiyaya məruz qalmış oliqarxlar öz aktivlərini əsasən Rusiya daxilndə saxlayırlar və onlar da Rusiyanın xarici siyasətilə, konkret olaraq Ukraynadakı münaqişə ilə birbaşa bağlıdırlar. Bu siyahının Putinin şəxsi dostları olan oliqarxlar hesabına genişləndirilməsi, işin birbaşa Rusiya prezidenti Putinə hücuma yaxınlaşdığını göstərir.
Bu təhqiqat çərçivəsində sanksiyalara məruz qala bilərlər deyə, oliqarxlar arasında narahatlıq genişlənib. Bu elitalar öz varidatlarını fırtınalı 1990-cı illərdə əldə ediblər və Putinə mütləq qaydada loyal deyillər. Adətən, onlar böyük həcmdə pul və aktivlərini xaricdə saxlayırlar və onların əksəriyyəti Kremlə bağlıdı, ona görə ki, onlara Putinin dəstəyi lazımdı.
Adları KİV-ə sızanlar əsasən metallurgiya və enerji sənayesinin nəhənglərinə bağlı olanlardı: Oleq Deripaska, Roman Abramoviç, Mixail Fridman, Əlişir Usmanov və Mixail Proxorov. Jurnalistlərin məlumatına görə (bu barədə “Apostrof” artıq yazıb- red.), Rusiya oliqarxları Vaşinqtonu lobbiçilərlə və öz vəsaitlərini qorumaq üçün onları arvadları ilə boşamağı, öz aktivlərini sabiq arvadlarının adına keçirməyi təklif etdikləri vəkillərlə doldurub. Həmçinin, məlumat verilib ki, oliqarxlar Rusiya “Forbes”ni təhdid ediblər ki, jurnal rus milyarderləri haqqında özünün illik siyahısını dərc etməsin.
Putinin hakimiyyətdə olduğu birinci onillikdə onun təqibini yaşayan biznesmenlər iri kompaniyaları idarə edirlər və güclü oyunçulardırlar. Kreml qeyri-dövlət biznesinin dəstəklənməsi, ölkənin maliyyə sektorunun möhkəmlənməsi və bir sahədən asılı olan çoxlu region və şəhərlərin mövcudluğunun təmin edilməsi üçün onlara arxalanır. Əgər bu biznesmenlər məsuliyyət daşımadıqları Rusiya xarici siyasətinə görə ABŞ-ın hücumlarına məquz qalarlarsa, o halda onlar Putinə və onun administrasiyasına qarşı mübarizəyə qalxa bilərlər, bu da RF-nin onsuz da sabitsiz olan elitar sistemini silkələyə bilər.

Bu xəbər oxundu
- - -