Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Heç bir halda güzəştə getməyəcəyik”

11.01.18, 9:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqe tutduğunu bir daha bəyan etdi.
Dövlət başçısı qeyd etdi ki, bu mövqe ədalətli və beynəlxalq hüquqa əsaslanan, eləcə də daha çox beynəlxalq dəstək qazanan mövqedir.
2017-ci ili Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu il adlandıran Prezident, separatçı rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmaması, eləcə də ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsinə diqqət çəkib.
Eyni zamanda, Azərbaycanın hərbi gücünün və ordusunun maddi-texniki bazasının möhkəmləndiyini bəyan edən dövlət başçısı, bu il də ordu quruculuğu istiqamətində bir sıra işlərin aparılacağını söyləyib.
Dövlət başçısının çıxışını şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri - icmanın rəhbəri Bayram Səfərov deyib ki, bütün dünya Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edir: "Təbii ki, Dağlıq Qarabağın, işğal altında olan bütün ərazilərin düşmən tapdağından azad olunması prosesinin cənab Prezident tərəfindən sülh yolu ilə aparılması sevindiricidir. Bu ili doğma torpaqlarımıza qayıdış ili kimi arzu edirəm və inanıram ki, yaxın vaxtlarda dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində bu, baş tutacaq", - deyə icma rəhbəri vurğulayıb.
"Dağlıq Qarabağ problemi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. 2018-ci ildə danışıqlar və Azərbaycanın xarici siyasəti bu istiqamətdə olacaqdır". Bunu isə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında deyib.
"2017-ci ili xarakterizə edərkən belə demək olar ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfindən prinsipial cəhdlərlə müşayiət edildi. Ötən il intensiv danışıqlar ili kimi qeyd edilməlidir. 2016-c ilin aprel hadisələrindən sonra ermənilər danışıqlar masasına əyləşməkdən imtina edirdilər, Azərbaycana müxtəlif mərkəzlərdən təzyiq olunurdu. Bütün bunlara baxmayaraq, diplomatiyamızın, ilk növbədə dövlət başçısının prinsipial mövqeyi erməniləri danışıqlar masasına gətirməyə məcbur etdi. 2017-ci ilin uğuru bundan ibarətdir. Əminik ki, 2018-ci ildə də bu əsasda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar davam etdiriləcək və münaqişənin həllində addımlar atılacaq. Cənab Prezident müşavirədə bir daha qeyd etdi ki, Azərbaycanın mövqeyi qətiyyətlidir, heç bir halda güzəştə getməyəcək", - millət vəkili əlavə edib.
"Keçən il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar böyük bir nəticə verməsə də, ancaq heç bir dövlət Qarabağı müstəqil subyekt kimi tanımadı. Hətta Ermənistanın ən böyük müttəfiqi Rusiya da bu addımı atmaqdan çəkinib. Əksinə, bir sıra beynəlxalq strukturlar və dövlətlər bu işğalı pisləyib. O cümlədən, keçən il keçirilən “referendumu” da pisləyiblər. Bu da Azərbaycanın maraqlarına cavab verən bir məqamdır", - bu fikirləri politoloq Fikrət Sadıqov açıqlayıb.
Politoloq deyib ki, “Şərq tərəfdaşlığı”na daxil olan ölkələr tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması da ölkəmizin uğurudur.
"Ermənistanı daha təcrid bir vəziyyətə salmalıyıq. Artıq Ermənistan belə bir vəziyyətdədir ki, heç bir layihədə iştirak etmir. Türkiyə ilə münasibətləri yoxdur, sərhədlər bağlıdır, Azərbaycanla münaqişə vəziyyətindədir. Əgər onlar nəyəsə nail olmaq istəyirlərsə, inkişaf prosesinə başlamaq istəyirlərsə, bundan nəticə çıxarmalıdırlar. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi prosesi başlamalıdır", - ekspert belə şərh edir.
Politoloqun fikrincə, 2018-ci ildə həm hərbi, həm də diplomatik sahədə daha qabaqlayıcı addımlar atılmalıdır.
Millət vəkili Azər Badamovun fikrincə Avropa seperatizm nədir və onun nəticələrinin necə olacağı haqda xəbərsiz idi. Ona görə də separatizmdən əziyyət çəkən ölkələrə loyal münasibət göstərirdi. Azərbaycan hər dəfə deyəndə ki, torpaqlarımız separatistlər tərəfindən işğal olunub, Avropa İttifaqı üzdə bizim istəyimizə "hə" desə, də altda heç bir münasibət bildirilmirdi”.
Millət vəkilinin sözlərinə görə, İspaniyanın Katoloniya vilayətində separatçıların baş qaldırmış müstəqillik arzuları sanki Avropa ölkələrini qış yuxusundan oyatdı: “Onlar gördülər ki, vaxtında separatçıların qarşısı alınmasa nəticələri ağır olacaq. Ona görə də Avropada separatizmin baş qaldırılması beynəlxalq ictimaiyyətə siqnal oldu. Məhz Avropada separatizm meylləri baş qaldırandan sonra Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" ölkələrinin sammiti çağırıldı və orada Avropa İttifaqı "Şərq Tərəfadaşlığı"na daxil ölkələrin ərazi bütövlüyünün tanıdığını və separatizm meyllərin təsiri ilə mövcud dövlət sərhədlərinin dəyişdirilməsi yolverilməz olduğunu qeyd olunan bəyənnamə qəbul olundu. Düşünürəm ki, hər bir ölkə ədaləti və beynəlxalq hüququ dəstəkləməlidir. Əks halda özləri ədalətsizliklə üzləşə bilərlər”.
Ekspert Mirsamir Məmmədov isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana heç bir güzəşt oluna bilməz: “Bizim onlara ancaq güzəştimiz o ola bilər ki, müharibə aparıb onları yerində oturtmayaq. Dinc vasitələrlə işğal etdikləri torpaqlarımzdan əl götürməlidirlər, yoxsa Azərbaycan ordusu işğalçılara yerini göstərməyə qadirdir. Bu hal isə Ermənistanın tamamilə məhvi demək olacaq”.
Sabiq dövlət müşaviri Qabil Hüseynli isə Ermənistanda Serj Sərkisyanın Qarabağ siyasətinə qarşı çıxanların sayının artdığını deyib. Politoloq bildirib ki, Ermənistan Milli Konqresinin partiyanın lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mövqeyini bir daha gündəmə gətirməsi Ermənistanın daxilində hökm sürən siyasi böhranın dərinləşməsindən xəbər verir:
“Petrosyan ölkəsindəki real vəziyyətdən çıxış edərək problemin mütləq həllini və kompromislərin zəruriyilini bir daha bəyan edib. Onlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağın mümkün olmayacağını anlayırlar. Əslində, Petrosyan Sərkisyana başa salmağa çalışır ki, münaqişənin həlli hər iki ölkəyə lazımdır. Çünki o da bilir ki, danışıqlarda müsbət irəliləyişin olmamasında başlıca günahkar indiki Ermənistan hakimiyyətidir”.
Politoloqun sözlərinə görə, Petrosyan sözügedən çağırışı ilə Ermənistanın gec-tez gerçəyi qəbul etmək məcburiyyətində qalacağına işarə edir:
“Ermənistanda Serj Sərkisyanın Qarabağ siyasətinə qarşı çıxanların sayı artır. Keçmiş prezident bunu etiraf edirsə, demək, bu rəqəm daha böyükdür. Görünür, Sərkisyan hakimiyyətdən getdikdən və martda Ermənistanın siyasi idarəetməsi dəyişdikdən sonra yeni gələnlər fərqli siyasət yürüdəcək. Bu zəmində danışıqlar prosesində müsbət məqamlar yarana bilər”.
Qeyd edək ki, Ermənistan Milli Konqresi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini bir daha gendəmə gətirərək keçmiş prezidentin 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.
“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, - deyə Petrosyan qeyd etmişdi.

Cavid

Bu xəbər oxundu
- - -