Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk əsilli ruslar: admiral Kolçak

11.01.18, 10:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Kolçak Aleksandr Vasilyeviç (4.11.1874-7.2.1920). Admiral, rus əksinqilabının rəhbərlərindən biri, Rus-Yapon və I Dünya müharibəsi iştirakçısıdır. Sovet hakimiyyətinə qarşı vuruşub, 1918-ci ildən Sibir hökumətinə başçılıq edib. 1920-ci ilin yanvarında həbs edilib, Sovet hökuməti tərəfindən güllələnib.
Admiral Kolçak yaxşı təhsil almışdı. Gimnaziyada oxumuş, sonra Dənizçi Kadet Korpusuna köçürülmüşdü. Çox mütaliə edirdi və ədəb-ərkanlı idi. Gənc yaşlarından yoldaşları arasında böyük nüfuza malik idi, dostları hər şeyi ondan soruşub öyrənirdilər. "Kolçak hər şeyi bilir", - deyə zərb-məsəl yaranmışdı. Atası xüsusi hərbi əsərlərin müəllifi idi; Peterburqda hərbi zavodun dəniz artilleriya silahları istehsalına rəhbərlik edirdi. Gənc Kolçak bütün boş vaxtlarını burada - Obuxov zavodunda keçirirdi. Ailədə hərb ənənələri hökm sürürdü. Özü sonra bolşevik istintaqında Fövqəladə Komissiyaya hərbi mühitdə böyüdüyünü, atasının və əmilərinin də hərbi dənizçi olduqlarını göstərirdi. Kolçak anası ilə möcüzə nəticəsində sağ qalıb mühacirətə gedən 9 yaşlı oğluna da son vəsiyyətvari məktubunda yazırdı ki, qoy o böyük şəxsiyyətlərin həyatını oxusun, bu, insanda güclü keyfiyyətlərin yaranmasına kömək edir.
Kolçak hələ çox gənc ikən donanmada - uzaq İərqdə "Rürik" gəmisində işləməyə başlayır. Bu yaşdan İərq silahlarına aid materiallar və maddi əşyalar toplamağa girişir. Müasirləri gələcək admiralın hələ gənclik illərindən ingilis, fransız, alman dillərində sərbəst danışmasından, bütün Avropa dəniz döyüşlərinin tarixini yaxşı bilməsindən və eyni zamanda, gözəl hafizəsindən heyrətə gəlirdilər. Hələ gəncliyində əzab-əziyyətlə təkbətək qalmalı olmuşdu: Rus şimal ekspedisiyasında Arktika tədqiqatçısı geoloq Tolla birlikdə iştirak edir; E.V.Tollun qrupu itkin düşəndə qırx gün ölümlə üz-üzə dayanaraq onun axtarışını dayandırmır. Geri döndükdə Kolçakın Rusiya Elmlər Akademiyasının Xəbərlərində hesabatları dərc olunur. 1903-cü ildə ekspedisiyanın nəticələrinə görə, müqəddəs Vladimir ordeni ilə təltif olunur və Karsk dənizindəki bir adaya qəhrəman leytenant Kolçakın adı verilir. Qeyd edək ki, 30-cu illərin sonunda sovet elmi idarələri onun adını ekspedisiyasının həlak olan digər üzvü matros Rastorquyevin adı ilə əvəz edir. Gənc Kolçak Uzaq Şimala ilk məhəbbətin hərarətini aparmışdı: sevdiyi qız Sofiyanın adını elə orada kəşf etdiyi bir adaya vermişdilər. Onun qoyduğu ad indi də yaşayır. 1904-cü ildə həmin qızla evlənirsə də qar və buzlar hopmuş bu ailə həyatına ürəkdən bağlana bilmir; tale ona böyük məhəbbət ərməğanı hazırlamaqda idi. Rus-Yapon müharibəsi onu Yakutskda yaxalayır, müharibədə iştirak edir. Port-Arturda əsir düşür. Əsirlikdən dönərkən, şücaətinə görə üstü yazılı qızıl qılınc və müqəddəs Anna ordeni ilə təltif olunur. Baş ştabda işə başlayır. Yeni tipli hərb gəmilərinin hazırlanması ilə bağlı dəniz desantı və sualtı gəmilərə aid aktual mövzularda məruzələr edir. Baltik dənizində və Qara dənizdə minalar düzdürür.
Kolçak 1916-cı ildə admiral rütbəsi alır. Milyonlarla insanın taleyini bir anda alt-üst edən inqilab başlayır. Fırtına dalğaları onu cəbhədən cəbhəyə atır. Sibirin hərbi diktatoru - hakimi seçilir (18 noyabr 1918-ci il).
Admiral özünə yaxın olan dairələrdə idarəçilik işinin ona yad olduğunu etiraf edirdi. Lakin vətənini azad görmək arzusu ona ruh verirdi. Çox inandığı generalları Zineviçin və Qaydanın öz korpusları ilə qırmızılar tərəfinə keçməsi onu ruhdan saldı. O bildi ki, qırmızılara qələbə bəxş edən o mükəmməl silah - yalan təbliğat, təşviqat silahı onda yoxdur. Qırmızı Ordunun cəbhəboyu irəliləməsini görüb Omsk şəhərini tərk edir. Yolda onu ələ keçirən çexlər (Çexoslovak korpusu - I Dünya müharibəsində ruslara əsir düşən çexlərdən təşkil olunmuşdu) bu xilaskar admiralı bir böyük kisə qızıla bolşeviklərə satır. Bolşeviklər Sibirin Qızıl mədənlərindən tonlarla qızıl ələ keçirmişdilər, bu elə də böyük "qiymət" deyildi. İrkutskda həbsxanaya salınan admiralı İnqilab Komitəsinin sədri İ.Smirnov Leninin göstərişi ilə səssiz-səmirsiz güllələdir: fevralın 7-də səhər saat 4-də onu və baş nazir Pepelyayevi Uşakovka cayı sahilində (əsil adı: Uşaq çayı) güllələyib, buz deşiyindən çaya atırlar.
O isə kamerada ittihamı dinləyib ardınca belə vaxtsız gələnlərə: "Deməli, məhkəmə olmadı?!" - deyə sormuşdu. Və həmin anda son arzusunu bildirmişdi: Timirova ilə son görüş. Son arzu da dərhal rədd edildi. Qəlbində korun-korun şölələnən daha bir sevgisi var idi: o bu həbsxana divarları arasında oğlunun da nigarançılığını çəkmişdi. Bu həsrət onu bu divarlardan daha artıq sıxırdı. Mühacir rus yazıçısı İvan Bunin gündəliyində Kolçakın həlakının ildönümü münasibətilə kilsədə keçirilən mərasimdə olduğunu və bütün vaxtı ağladığını qeyd edir. Yenə gündəliyində artıq 1924-cü il avqustun 4-nə aid qeyddə yazıçı Kolçakın xanımını və oğlunu gördüyü barədə yazırdı: "Kolçakın oğlu məndə güclü təəssürat yaratdı. Onun necə tünd və qorxunc gözləri vardı".
Timirova sağ qalıb ölümdən addaya bilsə də az qala bütün ömrü boyu çəkən həbsxana həyatı yaşadı və xatirələri hansı yollasa kənara çıxdı, 80-ci illərdə çap olundu. Yeganə oğlundan - hələ uşaqkən öz anasına əmanət etdiyi oğlundan bir xəbər bilmədi. Kiçicik bir ümidlə - oğlunun anası ilə bəlkə qaçmağa imkan tapdığına özünü inandırmaqla dözüb dayanırdı. Düşərgələrin birində - Karakandada - 40-cı illərin lap sonunda bir dustaq onun oğlu ilə vaxtilə bir düşərgədə olduğunu çatdıraraq, Timirovanın oğlunun orada döyülərək öldürülüb ümumi həbsxana çalasına elə ayağı "birkalı" atıldığını xəbər verir. Beləliklə, bu bədbəxt qadının zədəli ürəyində 30 ilə qədər qoruduğu son ümidi də puça çıxır.
Ömrü boyu daşıdığı həsrət və nisgili yalnız admiralın ona ad günündə - o bəxtiyar günlərdə Finlandiya sahillərindən teleqrafla göndərdiyi bəyaz inci çiçəkləri və onların ətri hopmuş qısa vüsalların sevincli xatirəsi qovub dağıda bilirdi. O gözəl xatirələri nə bir kimsə ilə bölüşə bilir, nə də o günlərin xoşbəxtliyinə kimi isə şahid çəkə bilirdi. Azadlığa çıxanda rus mühacir yazıçısı Mark Aldanovun onun admiralla olan məktublarını çap etdirdiyini eşidib, özü də həmin məktubları görmək istəyir. Gör aradan nə qədər vaxt keçib... İndi 63 yaşı var. Həbsxana qapılarından ilk dəfə içəri qədəm qoyanda 22 yaşın içindəydi. Məktublar gəlib çıxır, Allah bilir, çətin sovet sərhədlərindən yazıçı onu necə keçə bilib. Məktubları görən kimi o illəri - gəncliyini, sevgiyə, eşqə qərq olduğu çağları yada salır. Yandıqca yanır. Ona yanır ki, admiralı tanıyanlardan heç kim sağ deyil, sağ qalıb yaşayanlar isə onu tanımayan, yalançı karikaturasına inananlar idi.
Kolçakın yazdığı gündəliyi (iki dəftərlik) ölümündən sonra çexlər mənimsəmiş, özləri ilə vətənə aparmışdılar. Hətta xanımı Sofiya Kolçak bunu onlardan hüquqi yolla da ala bilməmişdi. Nəhayət, 1945-ci ildə məğlub olmuş Çexoslovakiyadan SSRİ-yə hərbi qənimətlər sırasında gətirilmişdi. Gündəlik maraqlı bir üslubda - Timirovaya ünvanlanmış məktublar şəklində yazılmışdı.
Moskvada məktubları oxuyan çekistlər Timirovanı təkrar həbs edirlər və onun admiral Kolçakdan ötrü necə bir əziz insan olduğunu anlayıb bədbəxt qadını qapalı həbsxanaya keçirirlər. Kolçakın ölümündən 25 ildən artıq keçirdi, lakin hələ də o sovet hökumətində qorxu və xof yaratmaqda idi. İbrət olsun deyə qeyd edə bilərik ki, admiralın ölümünün və ordunun məhvinin iştirakçıları olan İrkutsk Fövqəladə Komissiyası və İnqilab Komitəsi rəhbərlərinin heç biri 37-ci ilin "sallaqxana"sından can qurtara bilməyiblər - ailələri ilə birlikdə vətən xaini kimi güllələniblər.
Çexlərin də xəyanətinin cəzasını övladları çəkdi. Bir neçə onilliklər sonra çex gənclərini sovet tanklarının altında qoyanda və bu gənclər nümayişkaranə surətdə özlərini meydanda yandıranda öz sadəlövh ata-babalarının bolşeviklərə tarixi xidmətlərini - iblisvari satqınlığını təəssüflə yada salmamışdılarmı?
...Türk adı Kolçak rus dilində soyadı, tarixi hərbi termin, "qolçaq", "bazubənd" mənalarını bildirir. Həm də Kolçak rus dilində göbələk növlərindən birinin adıdır. Görünür, "düşmən-düşmən" deyilsə də nə dildən düşməyəcək, nə könüldən silinməyəcək bir tarixçədir bu.

Minaxanım Təkləli
professor

Bu xəbər oxundu
- - -