Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın ənənələrə söykənən dövlət olduğunu nümayiş etdirir”

11.01.18, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elçin Mirzəbəyli: “Tarixə, dövlətçiliyə münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik sisteminə yanaşmada isə çevik və innovativ islahatçılıq inkişafın təməlidir”

Fəzail İbrahimli: “Bugünkü Azərbaycan Cümhiriyyət liderlərinin yaratdığı dövlətin davamıdır”

Fazil Musatafa: “Bu ölkə başçısının Cümhuriyyət ideyasına olan münasibətidir”

Zahid Oruc: “Ölkə başçısının qərarı ADR-in mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir”

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Siyasilər dövlət başçısının bu qərarını dəyərləndiriblər.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəyli bildirdi ki, dövlətçilik tarixinə və ənənələrinə münasibətdə ardıcıllıq bu ənənələrin gələcək nəsillərə ötürülməsi, dövlətçilik yaddaşının formalaşdırılması, inkarçı deyil, yaradıcı, qurucu, istiqlalçı dövlətçilik təfəkkürünün formalaşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir: “Bu amillər dövlətçiliyin mənəvi sütunlarıdır. Hansı dövlətlərdə ki tarixə, dövlətçilik ənənələrinə münasibətdə ədalətli yanaşma var, dövlətçilikdə varislik, ənənəvilik ardıcıllıqla, “dünənə daş atmadan” davam etdirilir, o dövlətlər də dünyanın siyasi xəritəsində öz mövqelərini möhkəmləndirir və inkişaf etdirirlər. Tarixə, dövlətçiliyə münasibətdə mühafizəkarlıq, dövlət idarəçilik sisteminə yanaşmada isə çevik və innovativ islahatçılıq inkişafın təməlidir. Bu kontekstdə bir nümunə gətirmək istəyirəm. Məsələn, Rusiyada Romanovlar sülaləsi, mütləq monarxiya hakimiyyəti süquta uğradı, burjua inqilabı qalib gəldi və qısa müddətdə, bəlkə də simvolik mövcud olsa da özündən əvvəlkini inkar etdi. Daha sonra bolşevik inqilabı baş verdi və yaranan yeni rejim də özündən əvvəlkilərin üstündən qırmızı xətt çəkdi. SSRİ süquta uğrayandan sonra isə 70 illik dönəm inkar edildi. Bu yanaşmanın təzahürləri müasir Rusiyanın siyasi sistemində, dövlətçilik ənənələrinə münasibətində hələ də özünü büruzə verir. Qonşu İranda 1979-cu ildə baş verən inqilab da bu ölkəyə oxşar təcrübəni yaşatdı. Yaxın Şərqə, ərəb ölkələrinə diqqət yetirsək, daha acınacaqlı bir vəziyyətin mövcudluğunu görə bilərik.
Lakin alternativlər də var. Bizə münasibətdə hansı mövqe sərgiləmələrindən asılı olmayaraq, Avropanın əksər ölkələrində tarixdə baş verən bütün kataklizmlərə baxmayaraq, dövlətçilik ənənələrinin ardıcıllığı və tarixə münasibətdə ənənəvilik qorunub saxlanılır.
Azərbaycan da böyük dövlətçilik ənənələri olan dövlətlərin yolunu gedir, tarixə münasibətdə ədalətli, həssas, mütərəqqi mövqe sərgiləyir, özünün olandan imtina etmir, tarixin səhifələrini cırıb atmır, əksinə, yanlışlardan nəticə çıxarır, doğruları isə daha da inkişaf etdirir.
Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini də məhz bu kontekstdən dəyərləndirir və Azərbaycan dövlətçiliyində ənənə ardıcıllığının, varisliyin qorunması baxımından mühüm tarixi qərar hesab edirəm. Bu yanaşma Azərbaycanın ənənələrə söykənən bir dövlət olduğunu, öz tarixindən qürur duyduğunu və gələcək nəsillərə Azərbaycanın dövlətçilik tarixinə sevgi aşılamağı qarşısına ali məqsəd kimi qoyduğunu nümayiş etdirir”.
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov da 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunmasını yüksək qiymətləndirib. Millət vəkili qeyd edib ki, bu addım Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: "Bu, Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı "İstiqlal Bəyannaməsi" abidəsini ucaltdırıb. Tarix İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini prezident şəxsi nəzarəti altında saxlayır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya ikinci dəfə də çap olundu. Hesab edirəm ki, bu ensiklopediya Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir. Cənab prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu bu gün Elmi Şurasını keçirib. Bütün tarixçilərin adından prezident İlham Əliyevə minnətdarlıq məktubu göndəriləcək. Eyni zamanda qərar qəbul olundu ki, "Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri" adlı xüsusi kitab çap olunsun. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram".
Tarixçi alim, deputat Fəzail İbrahimli deyib ki, Azərbaycan Prezidenti tərəfindən 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili" élan edilməsi ömür kitabımıza yazılan tarixi məqamdır. Ötən ilin “İslam Həmrəyliyi”, 2016-cı ilin “Multikulturalizm ili” olduğunu xatırladan deputat bildirib ki, bunun hər biri böyük məna və mahiyyət kəsb edir: “Belə ki, ötən ilin “İslam Həmrəyli ili”nin elan edilməsi dünya islam dəyərlərinin gündəmə gəlməsi, onlar arasındakı birliyə, münasibətlərə xeyli təsir etmiş oldu”.
Fəzail İbrahimlinin sözlərinə görə, 2018-ci ilin Cümhuriyyət ili élan olunması Cümhuriyyətin tarixinə, cümhuriyyət liderlərinin həyatına, tərcümeyi-halına, onların yaratdığı dövlətə göstərilən diqqətin nümunəsidir: “Bu addım tarixi keçmişimizə olan münasibətdir. Bugünkü Azərbaycan Cümhuriyyətin varisidir. Məhz bu ilin Cümhuriyyət ili élan olunması ata-balarımızın keçidiyi tarixi yola, ən əsası isə dövlətə və dövlətçiliyə münasibətin göstəricisidir”.
Tarixçi alim qeyd edib ki, bugünkü Azərbaycan Cümhiriyyət liderlərinin yaratdığı dövlətin davamıdır: “Biz varisik. Cari ilin "AXC ili" élan edilməsi eyni zamanda o yolda qurban gedən şəhidlərimizin ruhuna etiramdır. Bu baxımdan bu addımı yüksək qiymətləndirir, güman edirəm ki, Cümhuriyyətlə bağlı müstəqillik dövründə əldə edilən bütün elmi uğurlardan daha yüksək uğurlar əldə olunacaq, bu tarixin daha yaxşı öyrənilməsinə,o dövrün liderlərinin hər kəs tərəfindən dərindən tanınmasına rəvac verəcək”.
Millət vəkili Fazil Musatafa deyib ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan edilməsi ölkə başçısının Cümhuriyyət ideyasına olan münasibətidir. Onun sözlərinə görə, hər kəs bu sərəncamdan sonra Cümhuriyyət ideyasının nə qədər dəyərli olduğunu bir daha dərk edəcək: “Cümhuriyyətin 100 illiyinin qeyd olunması yönündə təşəbbüs göstərəcəklər. Prezident sərəncam imzalayıb və bu istiqamətdə irəli gələn məsələlərin ətrafında məmurlar tərəfindən ciddi addım atılmayıb. Bu il Cümhuriyyət ili elan edildikdən sonra əsas verəcək ki, hər kəsin amalı buna yönəlsin. Bu məsələ könül işidir, qəlb işidir. Təəssüf ki, bizdə əksəriyyət gözləyir ki, konkret tapşırıqlar verilsin və onun çərçivəsində hansısa işlər aparılsın. Ancaq hamı öz təşəbbüsünü ortaya qoymalıdır. Buna görə də prezidentin bu qərarını yüksək qiymətləndirir və alqışlayıram. Bu çox yüksək bir addımdır”.
Millət vəkili Zahid Oruc bildirib ki, ölkə başçısının qərarı Cümhuriyyət ideallarının əbədiyaşar olduğunu,onun müstəqil Azərbaycan dövlətinin quruculuğunda əhəmiyyətli yer tutduğunu göstərməyə, 100 illik tariximizə sahib durmağa və ADR-in mənəvi-siyasi mirasını qoruyub saxlamağa xidmət edir. Onun sözlərinə görə, ötən on illər ərzində təkcə dövlət atributları-bayraq, gerb, himnlə bağlı deyil, eləcə də Şərqdə ilk demokratik respublika təsis edərək xalqımızın min illlik arzularını gerçəkləşdirməyə qadir olmaq həqiqətən də misilsiz bir hadisədir: "Sovetlər Birliyinin çöküşü ilə dünya siyasi xəritəsində öz varlığını və milli azadlıq arzularını gerçəkləşdirməyi bacaran bir xalqın öz milli üstəqilliyinin 100 illik yubileyini qeyd etməyə tam haqqı var.Hər nə qədər 70 illik sovet dönəmindən keçilsə də tarixi arasıkəsilməzlik milli məfkurə sistemimizin əsasını təşkil edir.Ona görə prezident İlham Əliyev bir əsrin bütün mənəvi-ruhi bağlarını-Cümhuriyyət irsini Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik xəzinəsi ilə birləşdirərək keçmişlə gələcək arasında dərin bir varislik ənənəsi yaratmış olur. Ölkə rəhbərinin qərarı təkcə hakimiyyət orqanlarının deyil,hər bir azərbaycanlının üzərinə məsuliyyət qoyur ki,onlar müstəqilliyimizin 100 illik səlnaməsinə dəyərli töhfələrini verə bilsinlər.Əslində tarixin hər bir səhifəsindən-hətta o ağrılı hekəyətlərlə olsa belə,faydalanmağı bacaran liderlər zamanın fövqünə qalxa və öz millətinin taleyində əbədi izlər qoya bilirlər".
Politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən öndə gedən səhifələrindən birini təşkil edir. Şərqdə ilk demokratik, müstəqil Cümhuriyyəti quran xalqımız bununla adını tarixə yazmış oldu. Politoloq qeyd edib ki, AXC çox çətin zaman kəsiyində yaranmışdı. Belə ki, həmin dövrdə beynəlxalq aləmdə və regionda vəziyyət çox gərgin idi: “Ermənilərlə münaqişə, Rusiya, İngiltərə və digər ölkələrlə çətin münasibətlər var idi. Buna baxmayaraq AXC 23 ay yaşamağa müvəffəq oldu”. Zaur Məmmədov Prezident tərəfindən 2018-ci ilin AXC ili elan edilməsini hər bir azərbaycanlı kimi yüksək qiymətləndirdiyini bildirib: “Bu dövlət başçısının AXC-nin tarixinə, onun fəaliyyətinə verdiyi qiymətin göstəricisidir. Azərbaycan xalqı AXC-ni quranlarla fəxr edir”.

Əli

Bu xəbər oxundu
- - -