Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan yalançı siyasətinə son qoymalıdır”

11.01.18, 11:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rövşən Rzayev: “ Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır”

Bəxtiyar Sadıqov: “Bu, düşmən ölkəyə və onun havadarlarına bir mesajdır”

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir sıra məsələlərlə yanaşı Qarabağ problemində də toxunub. Dövlət başçısı həmçinin Azərbaycan ordusunun artan gücündən də danışıb: “Biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır”.
Dövlət başçısı qeyd edib ki, yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib”.
Millət vəkili Rövşən Rzayev deyib ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezidentin “Aprel hadisələrindən sonra müxtəlif şərtlər irəli sürən Ermənistan heç bir şərt olmadan danışıqlar masası arxasına oturmağa məcbur olub”, fikirləri tamamilə reallığı əks etdirir”. Onun sözlərinə görə, bütün bunlar onun göstəricisi sayılır ki, Azərbaycanın mövqeyi qətiyyətlidir və güclüdür: “Bu məsələdə bir çox amillər var. Cənab Prezidentin də qətiyyətli mövqeyi onu göstərir ki, artıq Ermənistan yalançı fikirlərinə, siyasətinə son qoymalıdır və Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Azərbaycanın mövqeləri beynəlxalq aləmdə daha da güclənir, ölkəmizin öz siyasətini həyata keçirmək imkanı var və onu da edəcək. Bununla belə Azərbaycanın ərazi bütövlüyü sülh yolu ilə məhz beynəlxalq hüquq prinsiplərinə söykənərək cənab Prezidentin rəhbərliyi altında bərpa ediləcəkdir”.
R.Rzayev əlavə edib ki, 2017-ci ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə “Şərq Tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsi də Azərbaycanın mövqeyinin haqlı olduğundan xəbər verir: “Bu, bir növ Azərbaycan siyasətinin dünya siyasətində qəbul olunmasıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə tam haqqı var. Məhz beynəlxalq hüquq prinsipləri də bunu deyir”.
Deputatı Bəxtiyar Sadıqov deyib ki, Azərbaycanın güclü ordusu var və güclənməkdə davam edəcək. B.Sadıqov bildirib ki, Azərbaycanın bu gün həll olunmayan yeganə bir problemi var və bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Azərbaycanın dövlət başçısı daim bu problemin həlli üçün, xüsusilə də sülh yoli ilə həlli üçün çalışır. Ancaq bu münaqişənin həlli tək Azərbaycan tərəfindən asılı deyil. Ermənistanın qeyri-konstruktiv mövqe tutması, eyni zamanda beynəlxalq təşkilatların işğalçı ölkəyə təzyiq və təsir göstərməməsi, sanksiya tətbiq edilməməsi nəticəsində münaqişə həll olunmur. Ona görə də biz bu problemin hərbi yolla həlli variantını diqqətdən kənarda saxlaya bilmərik".
Deputat vurğulayıb ki, Azərbaycanın güclü, modern ordusu yaranıb və aprel döyüşlərində ordumuz bunu sübut etdi: "Təbii ki, ordunun gücü ilk növbədə onun Ali Baş Komandanı, zabiti və əsgərindədir, ancaq biz ordumuzun müasir silahlarla təchiz olunmasını da diqqətdən kənarda qoya bilmərik. Azərbaycan bu istiqamətdə bir sıra dövlətlərlə əməkdaşlıq edir və ən müasir texnologiyaya əsaslanan silahlar alır və yenə də alacaq. Cənab Prezidentin bunu bəyan etməsi və hər il yeni silahların alınmasına kifayət qədər vəsaitin ayrılması çox yaxşıdır. Eyni zamanda, bu, düşmən ölkəyə və onun havadarlarına bir mesajdır ki, Azərbaycan ordusu güclüdür və güclənməkdə davam edəcək və əgər aprel hadisələri təkrarlanarsa, bu, düşmən üçün ciddi uğursuzluqla nəticələnəcək. Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq".

Bu xəbər oxundu
- - -