Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

8 gün ərzində düşmən 4 itki, 10 yaralı verib

12.01.18, 7:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İşğalçı Ermənistan ordusunda baş verən hadisələr, yeyinti, əsgərlərin orduda xidmət etməkdən boyun qaçırması, “dedovşina” halları, əsgərlərin zabitlər tərəfindən incidilməsi, intihar hallarının artması ilə yanaış hər gün itkilərin qeydə alınması Sarkisyan hakimiyyətini qorxuya salıb. Artıq erməni xalqı öz ordusuna güvənmədiyindən hərbi xidmətə şağrılan övladlarını xarici ölkələrə göndərməklə gizlətmək məcburiyyətində qalıblar. Bu gün Ermənistan ordusunda xidmət edə biləcək əsgər tapılmır. Ermənistan ordusunda itkilər sürətlə artmağa başlayıb. Kişi qıtlığı səbəbindən artıq qadınların da orduya cəlb edildiyi bir ölkədə vəziyyət daha da acınacaqlı hal alıb. Hətta tələbələri də orduya məcburi cəlb etməyi planlaşdıran Ermənistanın cinayətkar hakimiyyəti erməni xalqını beləcə uçuruma sürükləyir.
Orduda şəxsi heyət arasında mənəvi-psixoloji durum və nizam-intizam xeyli zəifləyib. Bunu Ermənistan silahlı qüvvələrinin maddi-texniki təminatında yaranan problemlərlə əlaqələndirənlər də az deyil. Ermənistan ordusunda fərarilik halları gündən-günə artır. Bu, ordunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən bölmələrində daha qabarıq şəkildə nəzərə çarpır. Maraqlıdır ki, fərarilərin əksəriyyəti düşmən tərəf hesab olunan Azərbaycan hərbçilərinə təslim olmağa üstünlük verirlər. Bunun bir səbəbi təqibdən yaxa qurtarmaqdırsa, digəri burada təslim olan erməni əsirlərə göstərilən münasibətdir.
Azərbaycan Müdafiə Nazirliyi bu məsələlərlə bağlı bəyanat verib.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdən kənarda yerləşən və Silahlı Qüvvələrə qarşı daim qərəzli mövqeyi ilə seçilən bəzi internet resursları 1 nəfərdən ibarət olan “Xəzər” hərbi tədqiqatlar institutu adlandıran bir “qurum”un növbəti dəfə Azərbaycan Ordusu haqqında hazırladığı qərəzli “statistika”sını tirajlayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistandakı hazırki ictimai-siyasi, sosial-iqtisadi və ən əsası müdafiə sahəsindəki vəziyyəti bilərək bu ölkələrin ordularını müqayisə predmetinə çevirmək düşmənçilik və absurd baxışdan başqa bir şey deyil.
Dövlətimizin qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb və Orduda mənəvi-psixoloji durum sağlamlaşıb. Döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə müdafiənin ön xəttində zəruri fortifikasiya işləri və mühəndis-istehkam tədbirləri həyata keçirilərək mövqelər möhkəmləndirilib, daha etibarlı sığınacaqlar, səngərlər hazırlanıb, qoşunların maskalanması və mühafizəsi gücləndirilib. Bu səbəbdən də bütün istiqamətlər üzrə ötən illərlə müqayisədə 2017-ci ildə döyüş və qeyri-döyüş itkiləri 20 % azalıb.
Lakin Ermənistan və onun işğalçı ordusunda olan real acınacaqlı vəziyyət nəticəsində düşmən itkilərinin sayı daim artır. Təkcə rəsmi məlumatlara əsasən, 2017-ci ildə düşmən tərəfi 32 döyüş, 30 qeyri-döyüş itkisi verib, eləcə də ermənilərin 100-dək yaralısı olub. Müxtəlif mənbələrdən əldə olunan məlumata görə, isə həqiqətdə erməni tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır.
Artıq cari ilin cəmi 8 günü ərzində, yalnız rəsmi məlumatlara əsasən işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb.
Odur ki, əsası olmayan, qeyri-rəsmi mənbələrdən toplanaraq Azərbaycan Ordusu haqqında yanlış və dezinformasiya xarakterli xəbərlərin yayılması mövcud duruma heç bir ciddi təsir göstərmir. Çünki xalqımız Ordumuzdakı vəziyyəti yaxşı bilir və Ali Baş Komandanın rəhbərliyi ilə aparılan islahatlar nəticəsində əldə edilən uğurlardan tam məlumatlıdır.
Belə olduğu halda bu cür pərakəndə rəqəmləri mütəmadi şəkildə toplayıb, hər dəfə müxtəlif cəfəng şərhlər əlavə etməklə acınacaqlı vəziyyət təsəvvürü yaratmağa cəhd göstərmək düşmən dəyirmanına su tökmək məqsədi daşıyır və bu kimi əməllər ölkəmizi gözü götürməyənlərin maraqlarına xidmət edir.
Aşağıda göstərilən siyahıda, yalnız Ermənistandan hərbi xidmətə çağırılan hərbçilər haqqında rəsmi statistika təqdim edilib. Əgər buraya Dağlıq Qarabağdan çağırılan və erməni ictimaiyyətindən də gizlədilən məlumatları əlavə etsək, onda ölən erməni hərbçilərin sayı xeyli artar.
Müdafiə nazirliyinin məlumatına görə, həqiqətdə Ermənistan tərəfinin real itkiləri rəsmi göstərilən rəqəmlərdən qat-qat artıqdır. "Yalnız rəsmi məlumatlara görə, cari ilin cəmi 8 günü ərzində işğalçı ordunun 4 nəfər hərbi qulluqçusu ölüb, 10 nəfəri isə ağır yaralanıb", - deyə nazirliyin açıqlamasında bildirilib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Azərbaycanın işğal olunan ərazilərində xidmət edən Ermənistan ordusunun əsgərləri ciddi psixoloji gərginlik içərisindədirlər. Çünki onlar bilirlər ki, işğal olunmuş ərazilərimizdə xidmət edirlər.
Polkovnik bildirib ki, bu gün ciddi sosial problemlərin yaşandığı Ermənistanda kütləvi iğtişaşların ardı-arası kəsilmir. Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər: "Ermənistan cəmiyyəti ölkə rəhbərliyindən tələb edir ki, bizim gənclər Qarabağda yox, Ermənistanda xidmət etsinlər, öz torpaqlarını qorusunlar. Qonşu dövlətin işğal olunmuş ərazisində xidmət etməsinlər. Ermənistan ictimaiyyətinin narahatlığı, narazılığı orduda, təmas xəttindəki bölmələrdə də əks-sədasını tapır.
Ermənistan ordusundakı qanunsuzluqlar, özbaşınalıqlar hərbçilər arasında itkilərə səbəb olur. Bu itkilər əksər hallarda təmas xəttində deyil, qeyri-döyüş şəraitində baş verir. Nizamnamədən kənar münasibətlər səbəbindən düşmən ordusunda ölüm halları, intiharlar daim artır. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Ordusu mənəvi-psixoloji cəhətdən də düşməndən qat-qat güclüdür. Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin mənəvi-psixoloji durumu çox güclü və yüksəkdir”.
Ekspert Elşən Həsənov bildirib ki, Ermənistan silahlı qüvvələrində hökm sürən acınacaqlı vəziyyət havaların soyuması ilə əsgərlər üçün daha da dözülməz həddə çatıb: “İstilik sistemlərindən məhrum olan, soyuq hava şəraitində xidmətin çətinliklərinə dözə bilməyən işğalçı ordunun əsgərləri arasında özünəqəsd halları artıb. Hərbi hissələrdə mövcud özbaşınalıq, yerlibazlıq, “dedovşina” ilə bərabər artıq işğalçı ordunun şəxsi heyəti soyuqla da təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb. Soyuqların düşməsi ilə onsuz da pis olan vəziyyət daha da ağırlaşıb.
Erməni mətbuatından oxuyuram ki, övladları ilə əlaqə yaratmağa nail olan ermənistanlı analar bildiriblər ki, soyuqların düşməsi və yağışların yağması ilə səngərlər su ilə dolub. Dağlıq ərazilərdə və hündürlüklərdə yerləşən postlar daha bərbad vəziyyətdədir. Texnika nasaz vəziyyətdə olduğundan təminat gecikir, gecə qaranlıqda növbə çəkənlərin gözlərinə daim düşmən, basqın görünür, qorxudan tez-tez həyəcan siqnalı verirlər. Valideynlər hiddətlə bildirirlər ki, əsgərlər əl altında olan vasitələrdən sadə üsulla soba qurmağa çalışsalar da, yanacaq çatışmır”
Yeri gəlmişkən, “Aysor” nəşri xəbər verir ki, Ermənistan parlamentində keçirdiyi brifinqdə xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib ki, hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olunması barədə danışmaq çətindir".
“İrəliləyişdən danışmaq çətindir, çünki hələlik tərəflər arasında qarşılıqlı inam atmosferi yoxdur. Bu cür atmosfer tamamilə yoxdur”, - deyə Koçaryan qeyd edib.
Onun sözlərinə görə, inamın yaranması üçün şərtlərdən biri atəşkəs rejiminə əməl olunmasıdır. Koçaryan qeyd edib ki, görüşlər ilk növbədə bu problemin həllinə - təmas xəttində gərginliyin azalmasına yönəlib:
“Bizim yenə itkilərimiz var. Lakin buna baxmayaraq, bu görüşlər cəbhədə gərginliyin səviyyəsinin azalmasına yardım edir”.
Koçaryan eyni zamanda qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan XİN rəhbərləri Nalbandyan və Məmmədyarovun görüş tarixi və yeri barədə məlumat verə bilməz. Lakin görüş yanvar ayının ortasında baş tutacaq.
Cavid

Bu xəbər oxundu
- - -