Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın Rusiya siyasətinə görə cəzalandırılması yolverilməzdir”

12.01.18, 7:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın hərbi-sənaye kompleksinə daxil olan müəssisələrin ABŞ-ın tətbiq edəcəyi yeni və daha geniş sanksiyalar paketinin təsiri altına düşmə ehtimalı var.
Bu barədə ABŞ Xarici Siyasət Şurasının analitikləri Stiven Blankvə Con Herbest bildiriblər.
Bildirilir ki, ABŞ-ın Rusiyanın hərbi-sənaye müəssisələrinə qarşı yeni sanksiyaları üçüncü ölkələri Rusiya silahları almaqdan çəkindirə bilər. Hətta Rusiya silahlarını alan iri alıcı dövlətlərin hökumətlərinə də bu sanksiyaların tətbiq edilə biləcəyi fikirləri səsləndirilir. Digər tərəfdən bu gün Azərbaycanın silah ticarətində əsas tərəfdaşlarından biri Rusiyadır.
Bu proses Azərbaycan-ABŞ-Rusiya münasibətlərinə necə təsir edəcək?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc bildirib ki, bu gün Rusiya və ABŞ arasındakı münasibətlərin getdikcə gərginləşməsi regional və beynəlxalq təhlükəsizliyə zərbə vurur:
“Bu proses müxtəlif ərazilərdə baş verən münaqişələrin ortadan qaldırılmasına, xalqların məruz qaldığı fəlakətlərin durdurulmasına mənfi təsir göstərməklə yanaşı, eləcə də yeni gərginlik ocaqlarını meydana çıxarır. Reallıq bundan ibarətdir ki, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış ölkələrin əksəriyyəti öz xarici siyasət kursunda Amerika ilə əlaqələri ön plana qoyublar.
Bu da başa düşüləndir. Bir tərəfdən soyuq müharibəni Qərb qazanmışdı, ikinci tərəfdən öz arsenalında böyük iqtisadi və hərbi resurslara söykənən dövlətlə hesablaşmamaq sadəcə mümkün deyil. Lakin Rusiya indi Amerikanın məlum təhlükəsizlik konsepsiyalarında qiymətləndirildiyi kimi dünyanın hazırkı quruluşuna etirazını bildirir və təftişli bir mövqeyə doğru çağırış verib. Belə olduğu təqdirdə Rusiya müxtəlif ərazilərdə aktiv şəkildə özünün hərbi bazaları, qüvvələri ilə iştirak edib. Digər tərəfdən silah satışı da onun xarici siyasətinin həyata keçirilməsində mühüm vasitələrdən biridir.
Fevralın birinə doğru Rusiya hakimiyyətinə qarşı heç zaman tarixdə görülməmiş böyük miqyaslı sanksiyalar işə salınacaq. Ukrayna ətrafındakı hadisələrdən sonra enerji şirkətlərinə, xüsusi iqtisadi korporasiyalara, ayrı-ayrı konkret şəxslərə, Putinin yaxın çevrəsinə yönəlik belə tədbirlər onsuzda gerçəkləşdirilib. İndi isə proseslərin yeni bir fazaya keçməsi üçün burada həm hərbi qurumları hədəfə gətirmək istəyirlər, həm də üçüncü ölkələri Rusiyanın əleyhinə qaldırmaq üçün müəyyən işlər aparırlar. Hər bir halda bunlar regional proseslərə mənfi təsir göstərəcək”.
Deputat qeyd edib ki, Azərbaycanın məqsədi Rusiyanın hərbi imkanlarından bəhrələnərək silahları Qərbə qarşı yönəltmək, Avropa maraqlarının ziddinə getmək deyil:
“Azərbaycan Rusiya silahlarına alternativsiz amil kimi baxdığına görə bu dövlətlə əməkdaşlıq etmir. Məsələ belə qoyulmamalıdır. Qərb açıq şəkildə xüsusilə Avropa bölgəsinə daxil olan ölkələrin hamısına silah satmaqdan imtina edib. ABŞ Dövlət Departamentinin bununla bağlı ayrıca qadağa aktı var. Həmçinin Avropa ölkələri də bu mövqedən çıxış edirlər. Yəni Azərbaycan birinci növbədə buna məcbur olub. İkinci tərəfdən əgər bizim ölkə əleyhinə hər hansı qətnamələr veriləcəyi təqdirdə, heç şübhəsiz, dövlət bunu dəyərləndirəcək.
Hər bir halda Azərbaycanın Rusiya siyasətinə görə cəzalandırılması yolverilməz addım olardı. Düşünürəm ki, dövlət rəsmiləri bu prosesi dərindən izləyirlər. Bizim üçün önəmli olan Qərblə, NATO ilə münasibətlərimizin yaxşı inkişaf etməsidir. Qoy Amerika, Almaniya bizə silah satsın, öz hərbi bazarını bizə açsın. O halda imkanlarımız daha da genişlənəcək və iki-üç dövlətdən asılılığımız da ortadan qalxacaq”.
Politoloq Arzu Nağıyev isə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Moskva ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən ölkələrə təsir edəcəyini düşünmədiyini deyib.
“Azərbaycan da Rusiyadan silah və hərbi texnika alan ölkələr sırasındadır. Lakin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Moskva ilə Bakı arasındakı silah alqı-satqısına və ikitərəfli əlaqələrə təsir edəcəyi inandırıcı görünmür. Onsuz da bütün dünyada silah satışı ilə bağlı limit var. Təbii ki, o limit də pozulmur. O ki qaldı sanksiyalardan sonra Rusiya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən ölkələrə silah satışının dayandırılmasına, əgər Moskvanın hər hansı bir dövlətlə silah müqaviləsi varsa, ABŞ buna hansı mexanizmlə qadağa qoya bilər?! ABŞ-ın hansısa tərəfdaşlarına qarşı yönəldilən silahdan söhbət gedərsə, bu, tamam başqa məsələdir”, - ekspert bildirib.
Qeyd edək ki, Amerikanın Xarici Siyasət Şurasının analitiki Stiven Blank ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalarının Cənubi Qafqaz ölkələri üçün təsirli ola biləcəyini, hətta Moskvadan silah və hərbi texnika alan Ermənistan və Azərbaycanın da bir sıra sürprizlərlə qarşılaşa biləcəyini bildirib.

Bu xəbər oxundu
- - -