Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

«Avesta»da dünyanın yaranması haqqında mifik təsəvvürlər və Azərbaycan

12.01.18, 8:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

“Dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşüncəsində özünəməxsusluqlarla şərtlənsə də onun bədii təfəkkür üçün ümumi olan cəhətləri və xüsusiyyətləri də var. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində hər bir xalqın yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün mifologiya ən mötəbər mənbələrdəndir». Bu mənada «Munisnamə»ni XII yüzilliyə aid Azərbaycan mifologiyasının məlumat kitabı adlandırmaq olar. Burada dünyanın əsas elementlərinin həmin dövrə qədərki görüş sistemlərindən (animizm, antropomorfizm, totemizm, dualizm, şamanizm və monoteizm) götürülüb islam prizmasından keçirilən modelinə rast gəlirik.
Həmin modelə görə, Yüksəklərdən yüksək olan Allah hər şeydən əvvəl yeddi qapılı cəhənnəmi yaradıb. Sonra o, oddan iki məxluq düzəldib, şir cildində olanı Halid, dişi canavar cildində olanı isə Salit adlandırıb. Onlar nəhənglərin nəhəngi idilər. Şir-Halidin quyruğu əqrəb, canavar-Salitin quyruğu isə ilan quyruğu kimi idi. Allah bir dəfə hər ikisinə silkələnməyi əmr edir, onların üstündən saysız-hesabsız əqrəblər, ilanlar tökülür. Cəhənnəm ildə iki dəfə (istidən və soyuqdan) qaynayır və püskürüb nərildəyir. Qaynamadan bərk həyəcanlanan cəhənnəm dəniz suları kimi coşub-daşır, onun dalğaları ilanlardan bəzilərini götürüb yer üzərinə atır. Yayda bərk istilərin və qışda isə şaxtaların düşməsinin səbəbi cəhənnəmin qaynamasıdır (bir qədər sonra isə bunun səbəbi başqa cür izah olunur). Allahın əmri ilə Halid Salitlə evlənir. Salit hamilə olur, vaxt çatanda yeddi ərkəc, yeddi dişi uşaq doğulur. Böyüyəndən sonra Allah ərkəcləri dişilərlə evləndirir. Sonra Allah ilk insanı - Adəmi yaradır, ərkəclərin altısı Adəmə boyun əyir, İblis adlanan yeddincisi isə imtina edir. Allah İblisi lənətləyir. Altı qardaş - Haris, Yaksak, Müzir, Əbuməza, Rəviyə və Sarisdən olan övladlar xeyirxah ruhlardı, gözəl pərilərdi, İblisdən doğulanlar isə divlər, cinlər, şər ruhlardı. İşığın və qaranlığın qoruyucusu Bərhayıl sağ əlində Günəşi, sol əlində isə Ayı tutur. Onun sağ əli gündüzü, sol əli isə gecəni yaradır. Gündüzü yaradan əl Şərqə, gecəni yaradan əl Qərbə doğru uzanır. Əgər Bəhrayıl yorulub Şərqə doğru uzanan əlini göydən çəksə, bütün kainat zülmətə bürünər və heç vaxt səhər açılmaz. Bəhrayılın göyə uzanan qolları arasında üstünə ağ və qara xətt cızılmış lövhə qoyulub. Bu lövhə ilin hər fəslinə uyğun olaraq gecə-gündüz mütənasibliyini qorumağa xidmət edir. Belə ki, Bəhrayılın gözləri həmişə lövhəyə dikili qalır. O, gündüzlərin və gecələrin qısalıb-uzanmasını uyğun xətlərin uzanıb-qısalması ilə tarazlayır. Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim külək tanrısı Səbayel bəlkə də bu inancdan yaranıb) dəniz suyunun və küləklərin qoruyucusudur. O, göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. Əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsər-əlamət qalmaz. Allahın yerdə yaratdığı varlıqlar dörd qrupda cəmləşir: birincisi, insanlardır ki, insan başlı, ikincisi, yırtıcı, vəhşi heyvanlardır ki, şir başlı, üçüncüsü, ev və yük daşıyan heyvanlardır ki, inək başlı, dördüncüsü isə yerdə qalan heyvanlar, quşlar və başqa zəif məxluqlardır ki, qırğı başlı dörd nəhəng mələyin himayəsi ilə təbii fəlakətlərdən, istilərdən, sərt şaxtalardan, lənətlərdən, əzab-əziyyətlərdən mühafizə olunurlar. Qeyd etmişdik ki, «Munisnamə»də dünyanın başlanğıcı bütün torpaqlara bağlanan böyük Qaf dağı nişan verilir. Mərkəzdə yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf mavi zümrüddən qurulmuşdu… Dünyanı idarə edən Qaf dağı nəhəng öküzün başındakı iki buynuzun arasında yerləşir. Bu öküzün böyüklüyü minillik yol məsafəsinə bərabərdir. Mövcud dünyanın torpağı yeddi qatdır, dənizləri də yeddi nəhəng su məkanından, sahəsindən ibarətdir. Qaf dağından sonra 40 dünya təsvir edilir. Bu dünyaların hər biri mövcud dünyadan 40 dəfə böyükdür və 400 hissəyə parçalanır. Parçalanan hissələrin hər biri insanların yaşadıqları ölkələrdən 400 dəfə böyükdür. O dünyalarda zülmət yoxdur (Atəşpərəstlik təsəvvürlərində də dünya qızıl dövründə gecələrsiz təsvir olunur). Heç vaxt qaranlıq gecələr olmur, oralarda həmişəlik gur işıq məskən salıb. Bütün torpaqlar təmiz qızıldan, əksər əşya və predmetlər isə işıqdan əmələ gəlib. O dünyaların sakinləri mələklərdir. Onlar nə insanları, nə də İblis kimi məxluqları tanımaq istəyir, nə cənnətdən, nə də cəhənnəmdən xəbərləri var. O 40 dünyadan o yana nəyinsə mövcud olub-olmaması isə bir Tanrıya məlumdur. Məxluqları dünyanın bir qatından o biri qatına aparan vasitələr müxtəlifdir: a) Qanadlı at, ona minən düşməməlidir, yoxsa ikinci dəfə belinə qalxa bilməz. Koroğlu otuz doqquzuncu gün tövlənin çardağından deşik açıb baxmasaydı, Qırat da həmin ata çevriləcəkdi; b) Mənzil başına on, doqquz və bir günə çatan sehirli nəhəng quşlar - Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya qırx günə gətirən Simurq quşu onlardan biridir; v) Quş cildində olan Xızır, bir göz qırpımında Qəribi doğma yurduna gətirir. Dünyanın bir qatını digərindən ayıran vasitələrin təsviri daha orijinaldır. Keçiddə duran mələyin boyu o qədər uzundur ki, ayağı yerdə, başı göydə yerləşir. Onun qabağında göydən yerə pərdə sallanır, sonu dənizin dibinə çatır. Pərdənin ortasında ikitaylı qapı var, qapıdan işıq topasından ibarət qıfıl asılır, qıfıla isə şüadan möhür vurulur. (Adama elə gəlir ki, ulu babalarımız kompüterləşib, kənardan ultraşüalarla, əl, barmaq izlərini toxundurmaqla idarə olunan müasir qapılardan danışırlar). Qapıda iki qoruyucu mələk var ki, başları ilə öküzə, bədənləri ilə qoyuna oxşayırlar. Bu qapıdan o yana bir-birinə söykənən iki dəniz mövcuddur, birinin suyu şirin, digərininki acıdır. Bu dənizlərin hər ikisi eyni yerə tökülsə də, suları bir-birinə qarışmır, necə ki, yağ suda həll olunmur. İki dənizin arasında cənnətə oxşayan bir ada yerləşir. Orada çoxlu meyvə ağacları, müxtəlif cür quşlar, ətirli otlar, çiçəkli düzənlər var. Bütün quşların başları qızıldan, gözləri yaqutdan, qanadları xrizolitdən, dimdikləri mirvaridəndir. Onlar bir-birilərindən gözəldir. Adanın acı sularla əhatə olunan ortasında təmiz qızıldan ibarət, böyüklüyü təsəvvürə gəlməyən dağ var (Qızıl dağ). Şirin sular yalayan tərəfdə isə balıqlar kimi parıldayan gümüş dağ yerləşir. Hər dağın başında bir mələk oturur ki, biri şirin, digəri acı suyu qoruyur. Onlar bu suları bir-birinə qarışmağa qoymurlar. Dünyanın bütün sərvətləri bu iki dağda saxlanır. Dünyadakı bütün mədənlərin, faydalı qazıntıların mənbəyi qoşa dağlardır, şirin suların, bulaqların, yeraltı arxların, quyuların başlanğıcı şirin sulu; duzlu sulu arxların, quyuların başlanğıcı isə acı sulu dənizdir. Bu iki dəniz öz mənbəyini Allahın göydəki taxtının altından alır. Yaradıcı mələklərdən əvvəl bu dənizləri, adanı və oradakı qızıl, gümüş dağları yaratmışdı. Dünya modelinin bu cür təsvirinə başqa xalqların mif sistemlərində təsadüf edilmir.
Azərbaycanlıların kosmoloji təsəvvürlərində atəşpərəstlik sistemlərinin də təsiri güclü olub. Zoroastrizmdə məkan və zaman sonsuz hesab edilir. Məkan iki hissəyə ayrılır: a) işığın heç vaxt tükənmədiyi sahə Xeyrə və Ahur-Məzdə məxsusdur; b) qaranlığın əbədi hökm sürdüyü yer Şərin və Anhro-Manyunun vətənidir. Sonsuz zaman «zurvan akaran» şəklində tələffüz edilir. Birinci söz Ahur-Məzdlə Anhro-Manyunu bətnində yetişdirən zaman və tale tanrısı Zurvanla bağlıdır və ehtimal ki, Azərbaycanda qədim ərazi adında (Şirvan) pasportlaşıb. İkinci kəlmə isə eyni anlamda Azərbaycan türk dilində indi də «axır» şəklində işlənir. Ahur-Məzd zamanın son kəsiyini müəyyənləşdirib «zurvan xvadat» ifadələri ilə əks etdirir. İkinci söz rus dilindəki «xvatit» (bəsdir) feili ilə səsləşir. Bütov zamanın davamlılığı 12 min ildir və 4 (3 min illik) bərabər mərhələyə ayrılır.
Təqvim mifləri rituallarla bağlı görüşləri özündə əks etdirir. Müntəzəm olaraq ilin fəsillərinin, aylarının, günlərinin bir-birini əvəz etməsi ilə təbiətin (günəşin çıxıb, batması ilə gündüz gecəyə çevrilir, onun istisinin azalıb-çoxalması, külək əsməsi, göy guruldaması, havaların açılıb-bozarması, soyuyub qar düşməsi, yağış yağması fəsilləri meydana gətirir) və bitkilərin dəyişib haldan-hala düşməsi (cücərməsi, yarpaqlaması, çiçəkləyib meyvə verməsi, çılpaqlaşması və s.) ilkin təsəvvürlərdə bir silsilə mifik obrazların kortəbii şəkildə yaranmasına təkan verib. Bitki, heyvan və təbiət hadisələrində ruhun varlığı ideyası meydana gəlib. Ulu əcdadlar dünyadakı varlıqların ölüb-dirilməsini (Yağış göy gurultusundan sonra damcılayır və çalalara yığılan suyun torpağa hopması ilə ömrünü başa çatdırır; bitki toxumu cücərib torpaqdan baş qaldırır, boyu uzanandan, bar yetişdirəndən sonra quruyur və ölür - bütün bunları insanlar özlərinin ana bətnindən çıxıb, böyüməsi, boya-başa çatması, qocalıb o dünyaya köçməsinin analoqu kimi başa düşürdülər, ananın doğuşdan qabaq ağrı çəkib çığır-bağır salmasını isə göy gurultusuna bənzədirdilər) ruhların iki qütbə ayrılması ilə (xeyir və şər ruhlar) əlaqələndiriblər. Bərəkət, bolluq gətirən hami ruhlara ehtiram göstərib sitayiş edib, yolunda qurbanlar kəsiblər. Ölüm, fəlakət, quraqlıq, aclıq və soyuğu qoruyan ruhlara qarşı isə mübarizə yolları axtarıblar. Əlbəttə, təqvim miflərində də ilkin yaranış motivlərinə müraciət olunurdu, lakin etioloji kateqoriyaya daxil olanlardan fərqli olaraq, əsas qayə, məqsəd yaranma, meydana gəlmə epizodları ilə deyil, yaranan varlıqların sonrakı funksiyalarında açılırdı. Məsələn, ən primitiv formada olan bir mifik təsəvvürü götürək: Günəş doğulur və torpağa can verir («Gün çıx, çıx, çıx...» mərasim nəğməsində Günəşin doğulması torpağın dirilməsi üçün arzulanır). Burada iki məsələdən söhbət gedir. Təqvim kateqoriyasının prizmasından baxanda günəşin doğulması məqsəd deyil, vasitədir. Əsas deyil, köməkçidir. Ulu əcdadın ritual vasitəsi ilə çatdırmaq istədiyi ideya torpağın canlanıb üzərində ağacları, bitkiləri yetişdirə bilməsidir. Başqa sözlə, etioloji miflərdə əsas diqqət Günəşin doğulması səbəbini aydınlaşdırmağa yönəlirsə, təqvim miflərində Günəşin doğulandan sonrakı fəaliyyətinə, dünyadakı varlıqların xidmətində durmasına üstünlük verilir.

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -