Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dəvət etməsə, vaxtımı gözləyəcəm”

15.01.18, 11:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Neftçi”nin qapıçısı Səlahət Ağayevin apasport.az saytına müsahibəsi
- Zədə ilə əlaqədar uzun müddət yaşıl meydanlardan kənarda qaldınız. Artıq özünüzü tam hazır hiss edirsizmi?
- Bəli, tam hazıram. Hər şey qaydasındadı. Yanvarın 5-dən hazırlığa başlamışıq. Ondan əvvəl də, fasiləyə 2-3 tur qalmış oynamasam belə, kollektivlə məşqlərə qatılırdım. Özümü yaxşı hiss edirəm. Məşqlərdə var gücümlə çalışıram.
- “Neftçi”nin yanvara qədərki çıxışı ürəyinizcədi? Yoxluğunuzda komanda necə təsir bağışlayırdı?
- Mənim varlığım, yoxluğum deyəndə ki, hər şey göz qabağında idi. Komanda ümumilikdə yaxşı oyun göstərirdi. Son matçlardakı çıxışımızı çempionatın ikinci yarısında da davam etdirməyə çalışacağıq.
- Zədədən əziyyət çəkdiyiniz vaxt “Neftçi”nin qapısını Rəşad Əzizli qoruyurdu. Onun çıxışı barədə nə deyə bilərsiz?
- Rəşad çox yaxşı qapıçıdı. Həmkar olmağımız bir yana, düzünü demək lazımdı. Hamı gördü ki, Rəşad meydanda olduğu oyunlarda özünü yaxşı tərəfdən göstərdi. Üzərində işləsə, gələcəkdə daha yaxşı qapıçıya çevriləcək.
- Əzizlinin çıxışı və Aqil Məmmədovun transfer olunmasını nəzərə alsaq, sizi güclü rəqabətin gözlədiyini deyə bilərik...
- İnkişaf etmək üçün rəqabət lazımdı. Çıxış etdiyin mövqedən asılı olmayaraq, bunu görməlisən. Rəqabətdən çəkinmirəm. Əksinə, xeyrimizə olacağını düşünürəm. Hər şeyi zaman göstərər. Hər birimiz məşqlərimizi edirik. Əsas heyətdə kimin oynayacağına isə baş məşqçi qərar verəcək.
- Qış fasiləsindən sonra “Neftçi”dən hansı nəticəni gözləmək olar?
- Əvvəldən nəsə danışmaq bir az çətindi. Hər bir komanda istər ki, yaxşı nəticəyə imza atsın. Düzdü, “Neftçi” üçün çempionluq bir o qədər də inandırıcı görünmür. Amma komanda ən azından ölkə kubokunu qazana bilər. Hər şey irəlidədi.
- Qurban Qurbanovun yığmanın baş məşqçisi təyin olunmasından sonra milli karyeranızla bağlı nə düşünürsüz? Antalya toplanışına sizi çağıra bilərmi?
- Özümü tam hazır hiss edirəm. Düzdü, uzun müddət oynamadım. Amma məşqlərdə əlimdən gələni edirəm. Yüz faizlik hazıram. Lakin çağırıb-çağırmamaq məşqçilər korpusunun işidi. Biz hər qərara hörmətlə yanaşmalıyıq. Dəvət etsə, canla-başla oynayaram. Dəvət etməsə, vaxtımı gözləyəcəm.
- 2018-ci ildə şəxsi hədəfiniz nədi?
- Futbolda zədə qaçılmazdı. Allah mən də daxil olmaqla, bütün futbolçuları, idmançıları zədədən qorusun. İstərəm ki, daim oynayım və yaxşı nəticələrə imza ataq.

Bu xəbər oxundu
- - -