Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ASAN xidmət” Azərbaycan vətəndaşlarına da viza verəcək

15.01.18, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ilk - 1 saylı “ASAN xidmət” mərkəzi 2013-cü ilin yanvar ayında vətəndaşlara xidmət göstərməyə başlayıb. Hazırda Azərbaycanda 12 “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba və Masallıda rayonundadır. Bu il isə Şəki, İmişli, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabad rayonlarında regional “ASAN xidmət” mərkəzlərinin inşasına başlanılacaq. Dövlət Agentliyində və mərkəzlərdə birgə 2 724 işçi çalışır.
Hazırda Dövlət Agentliyinin özündə 12 şöbə fəaliyyət göstərir ki, bu şöbələrin 174 içisi var. İşçilərin 60 faizi kişi, 40 faizi qadındır. Ən gənc işçinin isə 21 yaşı var.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov “ASAN xidmət”in ad günü ərəfəsində agentliyin bugünkü və gələcək fəaliyyəti ilə bağlı “Report”a müsahibə verib.
- Dövlət Agentliyi hazırda hansı işlər görür? Yeniliklər varmı və ya gözlənilirmi?
- Xidmətlərin sadələşdirilməsi, standartlaşdırılması və daha rahat şəkildə vətəndaşlara çatdırılması Dövlət Agentliyinin funksiyalarından biridir. Amma bu o demək deyil ki, Dövlət Agentliyinin işi yalnız “ASAN xidmət” mərkəzlərinin idarə edilməsindən ibarətdir. İşimizin bir hissəsi də innovasiyaların (“Report”: yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların tətbiqi) tətbiq edilməsi və dövlət xidmətlərinin elektronlaşması, rəqəmsal mühitə keçidin sürətləndirilməsidir. Bu da mövcud prosesləri daha yüksək səviyyəyə qaldırır, daha yeni dəyərlər yaradır. Hazırda “ASAN Visa” sistemindəki yeniliklər üzərində çalışırıq, həmçinin doğum evlərində körpələrə Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi sistemi qurulub, “İdeya Bankı” layihəmiz hər il daha da təkmilləşərək davam edir. Könüllülərə dəstək veririk, sistemlərdə inkişaf işi davam etdirilir. Dövlət Agentliyi bu ildən etibarən bütün dövlət orqanlarının xidmətlərini qiymətləndirməyə başlayacaq. Həmçinin yeni konsepsiyalar hazırlanır, yeni avadanlığın qoşulması işi də davam etdirilir.
- “ASAN Visa” sistemindəki yeniliklər nədən ibarətdir?
- 2017-ci il yanvar ayının 10-dan etibarən “ASAN Visa” sistemi ilə xarici vətəndaşlara viza verilməsinə başlanılıb, sistem qurulduqdan sonra turistlərin ölkəyə gəlişi asanlaşdı. Bu günə kimi sistem vasitəsilə 280 minə yaxın şəxsə Azərbaycana gəlməsi üçün viza verilib. Hazırda viza verilən ölkələrin sayı 81-dən 94-ə qalxıb. Əvvəlcə vizalar ancaq 3 iş günü ərzində verilirdisə, 2017-ci ilin ortalarından başlayaraq 3 saat ərzində də viza verilməsi mümkünləşib, bu isə turistlərin işini daha da asanlaşdırıb. Əvvəl vizalar 30 gün üçün birgirişli formada verilirdisə cənab Prezidentin fərmanı ilə Miqrasiya Məcəlləsinə olan sonuncu dəyişiklik isə artıq vizaların çoxgirişli və 90 günlük verilməsini müəyyən edib. Yaxın günlərdə sistemin bu dəyişikliyə uyğunlaşdırılması həyata keçiriləcək.
Yenilik isə odur ki, “ASAN viza 2.0” sisteminin yaradılmasına başlanılıb. Bu sistem Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi işini aparacaq. Hazırda sistem üzərində işlər gedir. Yeni xidmət üçün “ASAN xidmət”in bütün mərkəzlərində yeni şöbə yaradılacaq. Səfirliklərin ölkədəki şöbələri bir sistemə qoşulacaq və mərkəzlərdə yaradılan yeni şöbə bütün səfirliklərlərə aid vizalar üçün müraciətləri qəbul edə biləcək. Nazirliklərin elektron xidmətlərindən istifadə olunduğu üçün viza alınması əməliyyatı vətəndaşlar üçün daha da asanlaşdırılacaq. Artıq vətəndaşın özü ilə gətirməli olduğu sənədlərin sayı azalacaq, həmin sənədlər müvafiq qurumların sistemlərindən götürüləcək. Həmçinin, bundan sonra “ASAN xidmət” mərkəzlərinin olduğu regionların vətəndaşları viza almaq üçün paytaxta gəlmək məcburiyyətində qalmayacaq, sənəd yığmalı, növbəyə durmalı olmayacaq. Vətəndaşlar ancaq viza sənədini götürmək üçün səfirliklərə gedəcəklər.
2018-ci ildə bu sistemin fəaliyyətə başlaması nəzərdə tutulub. Artıq pilot səfirliklərin seçilməsi işinə başlanılıb. İlkin olaraq Mərakeş səfirliyi seçilib. Litva və Birləşmiş Ərəb Əmirliklərinin səfirlikləri ilə bu istiqamətdə danışıqlar aparılır. Dövlət Agentliyində bu məsələ ilə bağlı aidiyyatı dövlət qurumlar ilə birgə İşçi Qrupu da yaradılıb.
- Körpələrə Fərdi İdentifikasiya Nömrələrinin (FİN) doğum evində verilməsinin məqsədi nədir?
- İndiyə qədər körpələrə FİN nömrə doğum haqqında şəhadətnamə alanda verilirdi. Körpə doğum haqqında şəhadətnamə alana kimi heç bir sistemdə qeydiyyatda olmurdu. Bu isə bəzi neqativ halların yaranmasına səbəb olurdu. Körpə doğulanda ancaq Səhiyyə Nazirliyinin sistemində qeydiyyata alınırdı ki, bu sistemin də aidiyyatı sistemlərlə mükəmməl əlaqəsi yox idi.
Ötən il Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirlikləri “ASAN xidmət”lə birgə bu prosesin sadələşdirilməsini həyata keçirdi, sistemlər bir-biri ilə əlaqələndirildi. Artıq körpələr dünyaya gələn kimi dərhal doğum evində onlara FİN nömrələri verilir. 2017-ci ilin əvvəlindən bu sistem tətbiq olunmağa başladı və artıq 120 mindən çox körpəyə FİN nömrə verilib. Sistem ölkədə olan bütün doğum evlərini əhatə edir. Körpə dünyaya gələn kimi xəstəxanın sistemində qeydiyyata alınır, baş həkim dünyaya gələn uşaqların siyahısını öz elektron imzası ilə təsdiqləyir. Bütün baş həkimlər elektron imza və müvafiq kompüterlə təmin edilib. Baş həkim siyahını elektron imzası ilə təsdiqləyəndən sonra məlumat avtomotik Ədliyyə Nazirliyinin sisteminə (“Report”: əhalinin dövlət reyestri sisteminə) sorğu formasında göndərilir. Oradan körpə üçün 7 rəqəmli FİN müəyyən olunur və həmin FİN Səhiyyə Nazirliyinin sistemində dərhal əks olunur. Həmin FİN ananın FİN-inin altına yazılır. Bununla da körpə qeydiyyata düşür. Artıq körpə üçün şəhadətnamə alınanda ananın şəxsiyyət vəsiqəsini təqdim etmək kifayət edir, başqa sənədə ehtiyac olmur. Əgər ana körpəsinə doğum haqqında şəhadətnamə almasa, özünün şəxsiyyət vəsiqəsini dəyişəndə və ya digər sənəd müraciətlərində bu ona xatırladılır. Bu sistem tam yerli məhsuldur.
- Könüllülər üçün hazırda hansı yeniliklər tətbiq olunur?
- Dövlət Agentliyi yaranandan könüllülərə dəstək verir. Biz həm də könüllülərə dəstək oluruq ki, onlar öz ideyalarını, startaplarını həyata keçirsinlər. Könüllülər tərəfindən həyata keçirilən BAŞLA layihəsi çərçivəsində Artıq bir neçə ideya üçün sponsorlar da tapmışıq. Bəzi ideyalar isə artıq tətbiq olunmağa başlayıb.
- Bayaq yeni avadanlığın qoşulması işinin davam etdiyini bildirdiniz . Yeni hansı avadanlığın sistemə qoşulması gözlənilir?
- Hazırda “Ready 2.0” avadanlığının sistemə qoşulması üzərində iş gedir. Bu avadanlıq “ASAN xidmət” mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Vətəndaş artıq sənədi götürmək üçün operatora yox, hazır sənəd avadanlığına yaxınlaşacaq. Bu cihaz həm vətəndaşın, həm də mərkəzlərin işini asanlaşdıracaq. Sənəd hazır olan kimi həmin avadanlığa yerləşdiriləcək və vətəndaşa avtomatik sənədin hazır olması ilə bağlı sms göndəriləcək.
- Dövlət orqanlarının xidmətlərinin qiymətləndirilməsi işində hansı yeniliklər gözlənilir?
- Bu ildən etibarən agentlik bütün dövlət orqanlarının xidmətlərinin (“Report”: həm mərkəzi icra hakimiyyəti orqanları, həm publik hüquqi şəxslər, həm də yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) qiymətləndirilməsi işini aparacaq. "ASAN indeks" çərçivəsində dövlət orqanları ulduzlarla qiymətləndirilir ki, indiyə qədər 5 ulduz verilən xidmət olmayıb.
Bu işin bir yaxşı tərəfi də odur ki, biz artıq bütün qurumlarda olan ən yaxşı təcrübələri görürük və həmin təcrübələrin digər qurumlarda tətbiq oluunması ilə bağlı təkliflər veririk.
- Elektron lisenziyaların verilməsi işində hansı yeniliklər tətbiq olunur?
- Hazırda mərkəzlərdə 37 növ lisenziya verilir. Bu sistemin məqsədi sahibkarların biznesə başlama prosedurlarının sadələşdirilməsi və asanlaşdırılmasıdır. Bu prosesin daha da sadələşdirilməs üçün "elektron lisenziya portalı" yaradılıb. Artıq “ASAN xidmət” mərkəzlərinə gəlməyə ehtiyac olmayacaq, vətəndaşlar evlərindən lisenziya üçün müraciət edə biləcəklər. Yaxın vaxtlarda portal istehsala buraxılacaq. Bu da ölkədə biznes və investisiya mühitinin inkişafı baxımından, eyni zamanda beynəlxalq reytinqlərdə ölkənin mövqelərinin yüksəlməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.
- "ASAN 2.0"ın konsepsiyası nədən ibarətdir?
- Bu, “ASAN xidmət”in bir sonrakı inkişaf mərhələsidir. Hazırda vətəndaşlar “ASAN xidmət” mərkəzlərində hansısa xidmətdən istifadə etmək üçün mərkəzə 2 dəfə müraciət edirlər. Birinci dəfə öz müraciətlərini vermək üçün, ikinci dəfə isə sənədlərini götürmək üçün mərkəzlərə gəlirlər. İndi növbəti layihə üzərində işləyirik ki, vətəndaşlar mərkəzlərə bir dəfə müraciət etsinlər. Bu konsepsiyaya əsasən vətəndaşlar elektron sistemdən istifadə edəcəklər. Onlar öz şəxsi kabinetləri və portal vasitəsi ilə müraciət edəcəklər və yalnız sənədlərini götürmək üçün “ASAN xidmət” mərkəzlərinə yaxınlaşacaqlar. Bu həm vətəndaşların vaxt itkisini, həm də xərclərinin qarşısını alacaq. Sistemin digər dövlət orqanlarının sistemləri ilə əlaqələndirilməsi isə vətəndaşların xidmətlərə müraciət zamanı təqdim etdikləri sənədlərin sayını əhəmiyyətlə dərəcədə azaldacaq. Eyni zamanda da “ASAN xidmət” mərkəzlərində vətəndaşların daha çevik idarə edilməsi baxımından daha önəmli layihə olacaq.

Bu xəbər oxundu
- - -