Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İranda fars və Azərbaycan dilləri əsas dövlət dili olmalıdır

16.01.18, 7:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Biz deyirik: “Ana dilimizdə təhsil almaq istəyirik"

2-ci yazı

Türk bazisli özünüdərk prosesinin təhlükəsindən narahat olan Xatəmi hökuməti repressiya dalğasını gücləndirdi. Siyasətçilər və mütərəqqi ziyalılar həbs olunur, bəzi hallarda isə qətlə yetirilirdilər. 1999-cu il yerli şuralara seçkilər keçirilən zaman cənubi azərbaycanlılara müxtəlif vədlər verərək onlardan səs alan “islahatçı” hökumətin əsl mahiyyətinin əvvəlkilərdən fərqlənmədiyi ortaya çıxdı. Bu iqtidar da cənubi azərbaycanlıların - türklərin milli haqlarının reallaşması, o cümlədən ana dili ilə bağlı tələblərinin həyata keçirilməsi üçün heç bir tədbir görmədi.
2000-ci ilin əvvəlində İranın beynəlxalq münasibətləri, xüsusilə ABŞ-la münasibətlərinin pisləşməsi Cənubi Azərbaycanında da ictimai-siyasi vəziyyətə mənfi təsir göstərir, gərginləşdirirdi. Mahmudəli Çöhrəqanlının Vaşinqtonda qəbul olunmasından sonra isə Azərbaycan təşkilatlarının ABŞ-dan açıq və ya gizli dəstək ala biləcəyinə dair şübhələr səslənməyə başlamışdı. Sözsüz ki, həmin illərdə Cənubi Azərbaycandakı milli hərəkat ABŞ-ın maraqlarına cavab verirdi. Çünki İran dövlətinin zəiflədilməsinə yönəldilmiş istənilən hərəkat ABŞ tərəfindən alqışlanırdı. Qeyd olunan ölkənin cənubi azərbaycanlıların mübarizəsinə dəstək vermək cəhdi müşahidə olunsa belə, bu superdövlətin milli hərəkata tam dəstək verməməsi özünün maraqları və geostrateji amillərlə yanaşı, İrandakı Azərbaycan türklərinin mütəşəkkil, hərəkatın lokomotivi rolunu oynaya biləcək güclü bir təşkilat yarada bilməməsi və bütün qüvvələri ətrafında birləşdirən xarizmatik liderin olmamasına bağlı idi.
Dünyada gedən qlobal dəyişikliyin ən mühüm nəticələrindən biri demokratikləşmə prosesinin İranda da həyata keçirilməsi məsələsi bu dövrdə böyük dövlətlərin İrana təzyiq vasitələrindən birinə çevrildi. Digər tərəfdən İranda antidemokratik vəziyyətin güclənməsi milli qüvvələrin mövqelərinin, baxışlarının dəyişməsində növbəti bir mərhələ oldu. Milli hərəkatda əsas məqsədlərə gedən yolun demokratiyadan keçdiyini hesab edən bir qrup yaranmışdı. Demokratiya milli haqların əldə edilməsi üçün ən önəmli bir vasitə hesab edilirdi.
Güman edirdilər ki, demokratik təsisatlar bərqərar olarsa, milli haqları da əldə etmək asanlaşar. Məsələn, milli hərəkatın fəallarından olan, Dünya Azərbaycanlılarının Haqlarının Müdafiə təşkilatının (DünAzHaq) rəhbəri Böyük Rəsuloğlu bildirirdi: “Nəhayət, ətrafımızda gedən oyunlara düşməmək üçün öz demokrasi şüarımızı xalqımızın nəzərinə çatdırmalıyıq. Millətimiz bilməlidir ki, biz deyirik: “Ana dilimizdə təhsil almaq istəyirik”. Demokratiya da onu deyir. Biz deyirik: “Ana dilimizdə azad mətbuat və radio-televiziyamız olmalıdır”. Demokratiya da onu deyir. Biz deyirik: “İqtisadiyyatımız inkişaf etməlidir”. Demokratiya da onu deyir. Biz deyirik: “Millətimiz azad olmalıdır”. Demokratiya da onu deyir”.
Milli demokratik düşərgədə təmsil olunan, yalnız demokratik dəyərləri əsas götürən milli qüvvələrin fəaliyyəti rasional-realist fəallıq müstəvisi üzərinə keçdi. Onların fəaliyyətində milli-demokratik tələblərin önə çıxması milli-siyasi məsələni ikinci plana keçirdi. Milli identiklik məsələsi əsasən demokratiya uğrunda mübarizənin tərkib hissəsi kimi təqdim olunmağa başlandı. DünAzHaq 2001-ci ilin yanvarında “Amnesty İnternational” beynəlxalq təşkilatının Orta Şərq üzrə nümayəndəsi D.Dik və təşkilatın rəhbəri A.Harrisona göndərdiyi müraciətdə İranda hakimiyyət qanadları arasında qarşıdurma nəticəsində antidemokratik meyillərin həddindən artıq güclənməsinə toxunaraq “...Hüquqlarımızın bərpası üçün qanuni mübarizə apardıqlarına görə həbsxanaya salınanların qaranlıq gələcəyinə az da olsa işıq tutmağınızı xahiş edir, siyasi məhbus kimi onlara kömək etməyinizi diləyirik”. DünAzHaq və BAB-ın mart, may aylarında İranın dini lideri Xamneyiyə bu dövrdə həddini aşmış repressiya dalğasının dayandırılması, milli hüquqlar uğrunda mübarizə aparan milli fəallar haqqında düzgün qərar çıxarılması barədə müraciətlərdən sonra onlara qarşı ittihamlara, əks-təbliğat aparılmağa başlanmışdı.
İranın beynəlxalq münasibətlər sistemindəki mövqeyi ilə yanaşı, eyni zamanda ölkə daxilindəki milli-siyasi proseslərin dərinləşməsi 2001-ci ilin əvvəllərində İranda hakimiyyət qanadları arasında baş verən qarşıdurmanı gərginləşdirən səbəblərdən sayıla bilər. İranda olan Qərb müxbirlərdən birinin yazdığı kimi “Xatəmi şeytan üçbucağına işarə etdiyi danışığı ilə İranı uzun bir böhran bataqlığına salan və özünə müxalif olanların çörəyinə yağ sürtən və milli islahat ümidlərini yarımçıq qoyan Buşu günahlandırır”. Doğrudan da mühafizəkarların bir neçə seçimdə qələbəsi, islahatçıların məğlubiyyəti də bunu sübut etdi (2003-cü il bələdiyyə, 2004-cü il məclis və nəhayət, 2005-ci il prezident seçkiləri). 2005-ci ildə hakimiyyətə mühafizəkar qüvvələrin gəlişinin səbəblərindən biri də irançı qüvvələrdə milli birliklə bağlı yaranan qorxu hissi idi.
Hakimiyyət qanadları arasında qarşıdurmanın dərinləşməsi ölkədəki antidemokratik vəziyyəti daha da möhkəmləndirirdi. Lakin bu antidemokratik vəziyyət hərəkatın inkişafına mane ola bilmədi, əksinə, yeni təşkilatlar yarandı. 2000-ci ildə yaradılmış Günəş Partiyasının əsas məqsədi cənubi azərbaycanlıların mədəni-siyasi hüquqları (“Azərbaycanın qanuni hüququnun bərpası, dilinin, tarixinin və mədəniyyətinin özünə qaytarılması”) uğrunda mübarizə aparmaq idi. Partiya 2002-ci ildə öz varlığını elan etmiş və qeydiyyatdan keçmək üçün sənədlərini İranın Daxili İşlər Nazirliyinə təqdim etsə də “Günəş”çilərin istəkləri təmin olunmadı.
2001-ci ildə yaradılmış “21 Azər” təşkilatının son məqsədi Azərbaycan Milli Hökumətini bərpa etmək idi. Bunun üçün qarşıya qısamüddətli (taktiki) və uzunmüddətli (strateji) məqsəd qoymuşdu. Təşkilatın proqramında uzunmüddətli məqsəd belə ifadə edilir: “İranda bəlli ərazidə yaşayan və çoxluq təşkil edən millətin milli dövləti, bəlli ərazidə yaşasa da, azlıqda olan millətlərə milli muxtariyyət və iç-içə yaşayan millətlərə mədəni muxtariyyət haqqı rəsmən tanınmalıdır”. Taktiki məqsəddə isə ana dilində təhsilin təmin edilməsi əsas vəzifə kimi müəyyən edilir.
Bu dövrdə GAMOH da fəaliyyətini genişləndirirdi. GAMOH-un 2002-ci ildən başlayaraq xarici nümayəndəlikləri və təmsilçilikləri açılırdı. Təşkilatın Azərbaycan Respublikasında, Türkiyədə, Avropa ölkələrində və ABŞ-da 24 bürosu fəaliyyət göstərirdi. GAMOH BMT-nin müxtəlif komissiyalarının, Avropa Birliyinin, Avropa Parlamentinin, eləcə də demokratik dövlətlərin rəsmən tanıdığı demokratik təşkilat idi. 2002-ci ildə İranda siyasi məhbus olan azərbaycanlılarla bağlı məlumatları dünyaya, beynəlxalq təşkilatların nəzərinə çatdırmaq məqsədilə cənubi azərbaycanlı milli fəallar Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMEK) yaratdılar. Əsas məqsədləri cəmiyyəti, beynəlxalq ictimaiyyəti insan hüquqları məsələləri ilə məlumatlandırmaq, bu yöndə mədəni və ictimai işlərin görülməsi, cənubi azərbaycanlı siyasi məhbuslara müxtəlif istiqamətlərdə kömək göstərilməsi idi. 2004-cü ildə təşkilatın fəaliyyətinə qadağa qoyulsa da, gizli şəkildə öz işini davam etdirib. 2004-cü ilin aprelində ermənilərin Türkiyə əleyhinə nümayişləri zamanı etiraz bildirdikləri üçün üzvlərinin çoxu həbs olunmuş və fəaliyyətinə qadağa qoyulmuşdu.
2003-cü ildə yaradılmış Azərbaycan Milli Cəbhəsi Azərbaycanın tarixi torpaqlarında milli quruluşun bərpa edilməsini əsas məqsəd kimi qarşıya qoymuşdu. Təşkilatın 21 mart 2003-cü ildə 12 maddədən ibarət müraciətnaməsində onun proqramı əks olunub. Qeyd olunan tarixdə yayınlanmış Fərmanın B bəndinin 6-cı paraqrafında Azərbaycan türk dilinin milli və rəsmi dil olması tələbi irəli sürülürdü. 2004-cü ildə isə Güney Azərbaycan İstiqlal Partiyası təsis edilmişdi. Partiyanın nizamnaməsində (05.12.2004) Cənubi Azərbaycanın tam müstəqil olması, Demokratik Respublika yaradılması uğrunda mübarizə aparıldığı bildirilir. Partiya müstəqil Cənubi Azərbaycan Respublikasından kənarda qalan azərbaycanlıların taleyini də nəzərdən qaçırmır. Tehran və ətrafının ikidilli (fars, türk) respublika elan olunmasına, qaşqaylar üçün muxtar dövlət yaradılmasına çalışacağını bəyan edir.
2004-cü il aprelin 11-də “Ərdəbil ostanına Azərbaycan əbədi adının qaytarış komitəsi” adlı bir komitə öz varlığını bəyan etdi. Komitənin əsas məqsədi Azərbaycan adının azərbaycanlıların yaşadığı ostanlara qaytarılması uğrunda mübarizə aparmaqdır. 2004-cü ildə Cənubi Azərbaycanın qərb bölgəsinin kürdləşməsi əleyhinə mərkəzi Urmiyada yerləşən Batı Azərbaycan Milli Müdafiə Komitəsi (BAMMK) yaradılmışdı. Komitə hədəfləri belə qeyd olunurdu: terrorizmə qarşı olmaq; Azərbaycanın qərb bölgəsinin kürd və beynəlxalq terroristlərdən təmizlənməsi; terroristlərin əsl simalarını sənədlərlə sübut etmək və xalqı onlara qarşı duyuq salmaq; xalqı məlumatlandırmaqla milli müqavimət hərəkatı yaratmaq; kürdlərin şüurlu surətdə köçürülməsi siyasətini xalqa açıqlamaq; Azərbaycanın qərb bölgəsinin etno-demoqrafik şəklinin dəyişdirilməsinin əsas istiqamətlərini müəyyən etmək; bu bölgənin Azərbaycanın qədim yurdu olması ilə bağlı tarixi, etnoqrafik sənədlərin beynəlxalq aləmə çatdırılması.
2004-cü ildə yaradılmış Azərbaycan Federal-Demokratik Hərəkatı (əsası İsveçdə yaşayan Əlirza Ərdəbili və Məhəmməd Azadgər tərəfindən qoyulub) öz qarşısına İranda federativ və demokratik bir cümhuriyyət və İran türklərinin Federativ Cümhuriyyətini yaratmaq məqsədini qoymuşdu. Qurumun platformasında göstərilirdi: “İran Federativ Respublikası 2 parlamentli dövlət olmalı, İranda yaşayan millətlərin federativ dövlətləri, muxtar bölgələrin dövlətləri və özəl şəhər Tehran hökumətinin azad və könüllü şəkildə birləşməsi nəticəsində yaranmalıdır… Mərkəzi dövlətin 6 rəsmi dili olacaq… Azərbaycan dili Azərbaycanda və muxtar türk qurumlarında dövlət dili olacaq. Xorasan türkləri, İranın cənubunda yaşayan türklər, Qaşqay türkləri yerli hakimiyyət orqanları yaratmaq hüququna malikdirlər”. 2005-ci ildə yaranan digər qurum - Azərbaycan Milli Əncüməni bütün milli qüvvələrin bir cəbhədə birləşməsi və vahid məqsəd uğrunda mübarizə aparmasını istəyirdi.

Yeganə Hacıyeva

Bu xəbər oxundu
- - -