Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xarici işlər nazirlərinin görüşü danışıqlar prosesinin növbəti mərhələsidir”

18.01.18, 12:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Məmmədov: “Sarkisyan və onun komandası heç bir beynəlxalq qurumun, başda BMT olmaqla, qətnamələrini icra etmir”


Polşanın Krakov şəhərində Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanla görüşü keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
Ekspertlər görüşü dəyərləndiriblər.
Politoloq Fikrət Sadıqov deyib ki, xarici işlər nazirlərinin görüşü Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinin növbəti mərhələsidir. O, qeyd edib ki, görüşdə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub: “İlk növbədə cəbhə xəttindəki vəziyyət, dövlət başçılarının görüşlərinin nəticəsi müzakirə olunan mövzulara aiddir. Çünki dövlət başçılarının görüşlərində nazirlərə tapşırıqlar verilir və sair. Görüş Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun həqiqətən də çox maraqlı bəyanatından sonraya təsadüf edir. Bu bəyanat Azərbaycanın maraqlarına cavab verir. Biz dəfələrlə demişik ki, məsələni ancaq mərhələli şəkildə həll etmək lazımdır. Ermənistan uzun illər ərzində münaqişənin həllində “paket həll” variantına üstünlük verirdi və dəfələrlə bizə şərt qoyurdu ki, əvvəlcə Dağlıq Qarabağı dövlət qurumu kimi tanıyın, sonra isə biz Dağlıq Qarabağ istisna olmaqla işğal altındakı digər rayonları azad edə bilərik. Bu mənada Lavrovun bəyanatı əslində Ermənistanın mövqeyini alt-üst edir. Mən Lavrovun bəyanatının arxasında nəyin dayandığını bilmirəm. Amma reallıq bundan ibarətdir”.
Fikrət Sadıqov qeyd edib ki, bu bəyanat fonunda nazirlərin görüşü, məsələnin mərhələli şəkildə həll olunması çox müsbət amildir: “Mən nazirlərin görüşü zamanı bütün ciddi, prinsipial məsələlərin həll olunacağına əmin deyiləm. Amma hər halda Azərbaycanın prinsipial və qəti mövqeyi bəllidir. Biz bunu dəfələrlə səsləndirmişik. Düşünürəm ki, bizim bu istiqamətdə mövqeyimiz dəyişilməz olaraq qalacaq”.
Nazirlərin görüşünün 2018-ci ildə keçirilən ilk görüş olmasına diqqəti yönəldən politoloq deyib: “Onu da yaddan çıxarmayaq ki, bu görüş Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilib. Əlbəttə, həmsədrlər müəyyən təkliflər irəli sürməlidirlər. Onların iştirakı formal yanaşma ilə məhdudlaşmamalıdır. Onlar başa düşməlidirlər ki, beynəlxalq hüquq normaları yerinə yetirilməlidir. Çünki Azərbaycanın təcavüzə məruz qalması, 1 milyon qaçqın və məcburi köçkünün olması göz qabağındadır”.
Qeyd eək ki, yanvarın 15-də isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır: “Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfinin Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışladığını açıqlayıb.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Polşanın Krakov şəhərində keçirilən görüşü Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşünə bir növ zəmin yaradır: “Amma nə qədər ki, hərbi cani Serj Sarkisyan komandası hakimiyyətdədir, onlarla danışıqlar heç bir konstruktiv nəticə verməyəcək”. Onun sözlərinə görə, işğalçı ölkə beynəlxalq hüququn bütün norma və prinsiplərini ayaq altına ataraq hörmətsizlik edib: “Bunlar dövləti cinayətkar kriminal aləmin qanunları ilə idarə edirlər. Danışıqlarda onlardan hansısa nəticə, irəliləyiş əldə etmək çox çətindir. Ümid edirəm ki, qarşıdan gələn seçkilərdə erməni xalqı, cəmiyyəti ayağa qalxaraq bunları süpürüb atarlar. Beləcə bu komanda hakimiyyətdən tamamilə təmizlənib gedər. Onların yerinə düzgün fikirləşib nəticə çıxarmağı bacaran ermənilət gəlsələr o zaman hansısa nəticə gözləmək olar. Sarkisyan və onun komandası heç bir beynəlxalq qurumun, başda BMT olmaqla, qətnamələrini icra etmir. Ermənistan onlara havadarlıq edən ATƏT-in Minsk qrupunun üç dövlətinin himayədarlığı nəticəsində işğalı davam etdirir. Buna qarşı Azərbaycan nə etməlidir? Burada iki yol var, biri danışıqlar yolu, digəri isə hərbi güc tətbiq etməklə işğalçını torpaqlarımızdan çıxarmaq yoludur. Birinci yol artıq uzun illərdir davam edir və heç bir nəticə də vermir. Ona görə də bunun qarşısını almaq, bu terrorçuları, cinayətkarları yerində oturtmaq üçün bu gün Azərbaycanın bütün imkanları var və ölkəmiz bu imkanlarından, gücündən istifadə edərək hərbi əməliyyatlara başlamalıdır. Amma hər halda nikbin olaq və ümidlə gözləyək görək danışıqlarda nə olacaq”.
Araşdırmaçı jurnalist Mürtəza Bünyadlı diqqətə çatdırıb ki, bu görüşün də əvvəlki görüşlərdən heç nə ilə fərqlənməyəcəyi və nəticəsiz sonuclanacağını əvvəlcədən bəlli idi. Onun sözlərinə görə, çünki görüşdə hər hansı nəticənin əldə olunması və irəliləyişin olması üçün elə bir ciddi əsas yoxdur: “Nəticəli danışıqların aparılması üçün İrəvanın danışıqlar prosesində destruktiv mövqeyindən əl çəkməsi və konstruktivlik nümayiş etdirməsi üçün ən azından ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən çağırışlar edilməli və təzyiqlər edilməlidir. Ancaq biz indiyədək belə bir halın şahidi olmamışıq. Biz ümumiyyətlə həmsədr ölkələrin Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsində maraqlı olmadığını müşahidə etməkdəyik. Əgər Minsk Qrupunun həmsədr ölkələri münaqişənin həllində maraqlı olsaydı, konkret həll planlarına və bunu həyata keçirmək üçün işğalçıya hər hansı formada təzyiq edərdi. Biz isə bunu görmürük. Bunun bariz nümunəsi kimi Minsk Qrupunun həmsdər ölkələrindən biri olan Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində heç bir plana malik olamdıqları barədə açıqlamasını çəkə bilərik”.
Onun fikrincə, həmsədr ölkələrin işi ancaq tərəflərə təzyiq edərək cəbhə bölgəsində gərginliyin yaranmamasına və genişmiqyaslı hərbi əməliyyatlarının bərpa olunmasına imkan verməməkdir: “Həmsədr ölkələrin digər bir işi də lazım gəldikçə işğalçı dövlətə hərtərəfli, maliyyə, siyasi, hərbi dəstək verməklə onun işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət etməsidir.
Ona görə də bu görüşü də digər görüşlər kimi imitasiya xarakterli görüş kimi dəyərləndirmək olar. Baxmayaraq ki, Azərbaycan tərəfi nəticəli danışıqların, münaqişənin həllində konkret detallarn müzakirəsini tələb etsə də, İrəvan hər zaman olduğu kimi destruktiv mövqeyindən geri çəkilməməkdədir. Səbəb də qeyd etdyimiz kimi həmsədr ölkələrin Ermənistanın işğalçılıq şıltaqlığına şərait yaratmasıdır. Nə qədər ki, Ermənistanın bu şıltaqlığına göz yumulacaq, İrəvan nəinki destruktiv mövqeyindən geri çəkilməyəcək, hətta, yeni yeni cinayətlər törətməyə həvəslənəcək.
Əslində həmsədr ölkələrinin belə bir mövqe sərgiləməsi Cənubi Qafqazda sülhün, sabitliyin, inkişafın, təhlükəsizliyin təmin olunmasına deyil, əksinə bölgədə onsuz də kövrək olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Odur ki, Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün öncə problemin tənzimlənməsində vasitəçilik missiyasını yerinə yetirən Rusiya, ABŞ və Fransanın mövqeyində dəyişiklik etməlidir. Və bu ölkələr Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq konkret addım atmalıdırlar. Bunun üçünsə öncə Ermənistana təzyiqlər edilməli və İrəvanı işğalçılıq siyasətindən geri çəkilməyə vadar etməlidir. Bu olmayacağı təqdirdə bölgədə müharibə qaçılmazdır”.
Politoloq Vasif Əfəndiyev isə vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin işğalı ilə bağlı aparılan danışıqlar 24 ildir ki, nəticəsiz davam etməkdədir: “994-cü ilin may ayının 12-də atəşkəs rejiminin tətbiq olunmasından sonra münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması razılığı əldə olundu. Dekabr ayında Budapeştdə keçirilən zirvə toplantısında münqişənin həlli üçün açar olan “ATƏT üzvləri ölkələrinin çoxmillətli sülhməramlı qüvvələrinin konflikt ərazidə yerləşdirilməsi” barədə maddə sənəddə əksini tapdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrindən sonra əldə olunan bu razılıq prosesin uğurlu davamı kimi dəyərləndirmək olar. 1996-cı ildə Lissabon sammitindən sonra 53 dövlətin dəstəklədiyi təkliflərin əsasında Minsk qrupu 1997-ci ildən paket və mərhələli həll proqramları ilə çıxış edərək və prinsipləri münaqişənin həllli üçün əsas prioritet olaraq qəbul olundu. Bu danışıqların intesivliyi münaqişənin bitməsi üçün müəyyən ümidlər verirdi”. Onun sözlərinə görə, danışıqlar prosesinə təkan vermək üçün 1999-cu il aprelin 26-da ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentləri arasında artıq yeni formatda birbaşa danışıqlara başlandı və ATƏT-in Minsk qrupu tərəfindən danışıqların bu formatı bəyənildi: “Lakin 2000-ci ildən sonra danışıqlar intensiv olsa da dalana dirənmiş vəziyyətindədir. İlk növbədə Rusiyada siyasi hakimiyyətin dəyişməsi və Putinin dövlətin zirvəsinə qalxması diplomatik sahədə indiyə qədər əldə edilmiş üstünlüklərimizin zaman-zaman Ermənistanın xeyirinə dəyişdirilməsinə cəhd edildi. Lakin bütün təzyiqlərə baxmayaraq diplomatik uğurlarımız davam etməkdədir. Münaqişənin həlli ilə məşğul olan bütün beynəlxalq təsisatlar Dağlıq Qarabağın işğaldan azad olunması prinsipindən kənara çıxmayıb. Lakin münaqişənin həlli mexanizmi təklif olunsa da 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin nail olduğu “sülhməramlı qüvvələrin yerləşdirilməsi “ planının həyata keçirilməsinə böyük əngəllər var. İlk növbədə icra mexanizminin həyata keçirilməsində əngəl ölkə Rusiyadır. Rusiya tərəfi konflikt bölgədə yalnız özünə məxsusu silahlı qüvvələrin yerləşdirilməsini təklif edir. Həmçinin Rusiyanın təkliflərində milli maraqlarımıza və torpaq bütünlüyümüzə təhlükə törədən amillər çoxdur. Bununla yanaşı Rusiya 2-ci və ya 3-cü dövlətlərin iştirakına icazə verməyəcəyini inadla ortaya qoyur. ATƏT-in Minsk qrupu ölkələrinin səylərinə baxmayaraq İran və Rusiya status kvonun saxlanmasında maraqlıdırlar. Bütün siyasi texnoloqların haqlı olaraq qeyd etdiyi kimi 2018-ci il danışıqlar prosesində taym-aut ili olacağı gözlənlir. İndiyə qədər Qarabağ münaqişəsinin həlli üçün mümkün olunan bütün siyasi qərarlar və təkliflər qəbul olunub. Bu qərarlarla hətta münaqişə dövlətlərinin razılğı da alınıb. Lakin yuxarıda qeyd etdiyim kimi icra mexanizminin tətbiqi həyata keçirilmir. Buna da əngəl olan tərəf Rusiyanın siyasi sistemi və hakimiyyətidir ”.

Əli

Bu xəbər oxundu
- - -