Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyənin yürütdüyü əzmkar siyasi xətt qələbə çaldı”

19.01.18, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qabil Hüseynli: “Türkiyə öz yeni siyasətini düzgün formalaşdırarsa, o, əvvəlki strateji mövqelərini tamamilə bərpa edəcək”

Vüqar Zifəroğlu: “ABŞ-ın Yaxın Şərq siyasətini belə dəyişməsi o qədər də təəccüblü olmadı”

Türkiyə ordusunun Afrin əməliyyatı ilə bağlı beynəlxalq situasiya günü gündən gərginləşir. Amerika rəsmiləri bir birini təkzib edən açıqlamalarla çıxış edirlər. Suriya Afrin əməliyyatını Suriyaya hücum kimi qiymətləndirəcəyini bəyan edib. İran və Rusiya isə hələ ki, səssizdir.
ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert məsələ ilə bağlı bəyanat yayıb. Bəynatda vurğulanıb ki, Türkiyə Afrin əməliyyatından imtina etməlidir: “Türkiyəni Afrinlə əlaqədar addım atmamağa çağırırıq. Hər kəs İŞİD-ə qarşı aktivləşməlidir”.
Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad deyib ki, Türkiyədən Afrin istiqamətində hər hansı hərbi əməliyyat təşəbbüsü Suriyaya hücum olaraq qiymətləndiriləcək. Nazir müavini həmçinin türk qırıcılarının Suriyada əməliyyata başlayacağı halda Suriya Hava Hücumundan Müdafiə Sistemlərinin həmin təyyarələri dərhal vurmağa hazır olduğunu bildirib.

Türkiyə qərarlıdır

Türkiyə isə əməliyyat keçiirlməsində və Afrinin terrorçulardan təmizlənməsində qərarlı görünür.
Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib ki, Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək. N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".
Təbii ki, hələ ki, səssiz qalan Rusiyanın buradakı mövqeyi həlledici önəm daşıyır. ABŞ hərbçilərinin Türkiyə ordusu ilə açıq savaşa girəcəyi demək olar ki istisnadır. Əksər ekspertlər Amerikanın sadəcə terror qruplaşmalarına pərdəarxası dəstəklə kifayətlənəcəyini düşünürlər. İran isə çox güman ki, prosesləri sadəcə izləməklə kifayətlənəcək. Bu səbəbdən də Rusiyanın münasibəti çox önəmlidir. Əsəd rejimini məhv olmaqdan xilas edən Rusiya həmçinin Suriya ordusunu Türkiyəyə mane olmamaq üçün razı sala bilər.
Buna görə də Türkiyə ordusunun baş qərargah rəisi Hulusi Akarın və Milli İastihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın Moskvaya təcil isəfəri təsadüfi deyhil.
Türkiyə Müdafiə naziri Nurəddin Canikli həmçinin söyləyib ki, Türkiyə Rusiya ilə Afrin əməliyyatlarıyla bağlı məsləhətləşmələr aparır: “Biz Afrində əməliyyatlara hazırlaşırıq. Bunun üçün lazımı addımlar atırıq. Rusiya və regionun digər maraqlı ölkələri ilə koordinasiya qurmağa çalışırıq. Onların baxışlarını bizim mövqe ilə yaxınlaşdırmaq lazımdır”.
“Habertürk”ün yadığı məlumata görə isə Rusiya Afrində olan 170 rus əsgərinin bölgəni tərk etməsi qərarını verib.

“Heç kim Türkiyəyə göstəriş verə bilməz”

Türkiyənin “Yeni Şəfəq” qəzeti yazır ki, Afrindəki əməliyyatlara xüsusi təlim görmüş hərbçilər qatılacaq. Əməliyyatın 2-ci Ordu komandanı general İsmayıl Mətin Temel tərəfindən idarə olunacağı iddia edilib.
Qeyd edək ki, Temel 2-ci Ordu komandanlığına 2016-cı il 15 iyul çevriliş cəhdindən sonra gətirilib. O, bundan öncə Vanda xidmət edib.
Əməliyyatlar barədə danışan Türkiyənin Baş naziri Binəli Yıldırım isə vurğulayıb ki, Türkiyənin məqsədi öz sərhədlərinin təhlükəsizliyini təmin etməkdir. O qeyd edib ki, hər bir ölkənin öhdəliyi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdən ibarətdir. B.Yıldırım onu da vurğulayıb ki, heç kim Türkiyəyə hansı addım atmaq barədə göstəriş vermək hüququna malik deyil.
MHP ilə yanaşı CHP də Afrin məsələsində hökumətə dəstək verib. CHP sədri Kamal Kılıçdaroğlu “sərhədlərimizdə terror təşkilatı və onun qollarına dəstək verilməsini heç vaxt qəbul etmirik”, - deyə bildirib.
Partiya sədri qeyd edib ki, sərhədlərimizin, ölkəmizin təhlükəsizliyini təmin etmək 80 milyonun borcudur.
Türkiyə mətbuatı Silahlı Qüvvələrin Suriyanın Afrin şəhərindəki terror hədəflərini top atəşi ilə vurduğu ilə bağlı məlumat yayıb. Bildirilir ki, Türkiyənin Hatay bölgəsindən sərhədə yaxın olan qəsəbələrdən terror hədəflərinə 10 atəş zərbələri endirilib. Məlumata görə, Türkiyə ordusu tərəfindən edilən atəş zərbələri terror təşkilatlarının təxribat xarakterli zərbələrinə qarşılıq verilib.

“Afrin strateji əhəmiyyətə malikdir”

Türkiyəli köşə yazarı Taha Dağlı yaranmış vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib. Taha Dağlı yazır ki, PKK-nın Afrində möhkəmləndirilməsində əsas məqsəd terror təşkilatının İraqın şimalından başlayan və Suriyanın şimalı ilə davam edən yolla Aralıq dənizinə çıxışını təmin etməkdir: “Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir yerdir. Bu ərazinin kimin nəzarətində olacağını sadəcə Türkiyənin təhlükəsizlik qayğıları ilə də ifadə etmək düzgün olmaz. Bundan əlavə Afrinin iqtisadi bir önəmi var. Cənubu İdlib, qərbi Azez olan Afrin PKK işğalında qaldığı müddətdə Türkiyə üçün təhlükəsizliyə təhdid olaraq həmişə qarşımıza çıxacaq”.
“Məsələnin iqtisadi tərəfi PKK-nı Afrinə yerləşdirənlərin xeyrinədir və birbaşa olaraq Türkiyənin iqtisadi mənafeyini hədəfə alır. Çünki ortada Şimali İraq neftinin və qazının Aralıq dənizinə çıxışı zamanı Türkiyəni təcrid etməyə hesablanmış bir layihə var. Afrin isə bu layihənin ən vacib ünsürüdür”.
Onun sözlərinə görə layihə Türkiyənin həm təhlükəsizliyini, həm də iqtisadiyyatını təhdid edəcək: “Təbii qaz və neft ixracında Türkiyənin təcrid olunması ehtimalı həmişə gündəmdə olacaq. Bundan əlavə, Türkiyə sərhədlərində ərəb qonşu əvəzinə PKK olacaq. Bu da Türkiyənin cənubdakı ticari münasibətlərini zədələyəcək. ABŞ-ın burada məqsədi Türkiyəni zərərsizləşdirməkdən əlavə, həmçinin Suriyadakı hərbi gücünü qorumaq və eyni zamanda inkişaf etdirməkdir. Suriyada ABŞ-ın dənizə çıxış imkanı əldə etməsi gələcəkdə hərbi baza planları üçün zəmanət deməkdir. Bu mənada hərbi dəstəyin hava yolu ilə deyil, dəniz vasitəsilə verilməsidə əhəmiyyətlidir. Bu kolidorun yalnız iqtisadi və hərbi fəaliyyətlər üçün olduğunu da demək düzgün deyil. PKK-nın mövcud olduğu və ABŞ-ın nəzarət etdiyi marşrut isə istənilən qaçaqmalçılıq fəaliyyəti üçün açıq olacaq”.

“ABŞ meydanda tək qaldığını hiss etdi”

Politoloq Qabil Hüseynli hesab edir ki, Avropanın aparıcı ölkələrinin Türkiyəyə böyük iltifatla yanaşması və bu ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları yeniləmək istəyi Ankaranın mövqelərini xeyli möhkəmləndirib: “Hadisələrin bu cür inkişaf etdiyi şəraitdə ABŞ meydanda tək qaldığını hiss etdi. Üstəlik, Türkiyənin bölgədə aktiv hərbi əməliyyatlara başlamasının ilk günündən sonra məsələnin ciddiyyətini tamamilə başa düşdü. Çünki ABŞ kürd yaraqlılarına böyük miqdarda silah versə də, cəmi 2-3 min nəfər döyüşçü formalaşdıra bilmişdi. Üstəlik, əraziyə yerləşmiş məhdud sayda rus qoşunlarının da çəkilib getməsi, Rusiya və İranın Türkiyəni müdafiə edən bəyanat verməsi ABŞ-ı həm hərbi-siyasi, həm də diplomatik cəhətdən çox çətin vəziyyətə saldı”. Q.Hüseynli güman edir ki, ABŞ tərəfi nəzərdə tutduğu planlardan imtina etmək məcburiyyəti qarşısında qalıb: “Vaşinqton artıq Suriyanın şimalında kürdlərdən ibarət sərhəd qoşunları formalaşdırmaq ideyasını həyata keçirməyin mümkünsüzlüyünü başa düşüb. Çünki bu, bölgədə böyük müharibə və Vaşinqtonun mövqelərinin tamamilə laxlayıb sıradan çıxması deməkdir. Dövlət Departamentində başa düşdülər ki, ABŞ-ın bu addımı atması nəticə etibarilə Rusiya və İranın burda üstünlük qazanmasına gətirib çıxara biləcək yeni geosiyasi vəziyyət yaradacaq. Odur ki, ABŞ hazırda diplomatiyanın inandırma metoduna üstünlük verməyə başlayıb. Yəni, Türkiyəni dilə tutmaq, onunla yaxınlaşmaq, Avropa İttifaqının etdiyi kimi Ankaranı öz tərəfinə çəkmək və onu Rusiya və İrandan uzaqlaşdırmaq istəyir. ABŞ bunun xatirinə hətta, kürd dövləti, kürdlərdən ibarət sərhəd qoşunları yaratmaq ideyasından da keçə bilər və yəqin ki, keçəcək”.
Politoloq bildirib ki, Türkiyənin son günlər yürütdüyü əzmkar və cəsarətli siyasi xətt qələbə çaldı və bu qələbə nəticəsində Türkiyə öz yeni siyasətini düzgün formalaşdırarsa, o, əvvəlki strateji mövqelərini tamamilə bərpa edəcək. Türkiyənin NATO ilə münasibətləri yenə də yüksək səviyyədə olacaq, Avropa İttifaqına daxil olmaq üçün danışıqlar prosesi yenilənəcək. ABŞ-la münasibətlər də tədricən yaxşılaşma yoluna qədəm qoyacaq: “Mən uzun müddətdir davam edən Suriya mübarizəsində Türkiyə siyasətinin ilk dəfə qələbə çaldığının şahidi oluram və buna ürəkdən sevinirəm”.

“Bu balans hazırkı dönəmdə Vaşinqtonun lehinə deyil”

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu isə bildiirb ki, Hazırda ABŞ Yaxın Şərq siyasətini birmənalı olaraq yalnız öz maraqlarına uyğun qurur. O bildirib ki, ABŞ və Türkiyənin NATO-ya üzv ölkələr olmasına baxmayaraq, son dövrlərdə ABŞ-ın Türkiyəyə qarşı həyata keçirdiyi siyasət bu təşkilatın prinsiplərinə ziddir: “ABŞ-ın Yaxın Şərq siyasətinə nəzər salsaq görərik ki, bu ölkənin hansısa beynəlxalq təşkilatın maraqlarını nəzərə almaqla addımlar atacağı inandırıcı görünmür. Digər tərəfdən ABŞ Türkiyə-Suriya sərhədinə qoşun hissələri toplamaqla, PYD-YPG qüvvələrinə silah yardımları etməklə, Suriyanın şimalında yerləşən müəyyən məntəqələrdə ən azından öz nüfuzunu, mövcudluğunu qorumağa çalışır”. Analitikin sözlərinə görə, Suriyada gedən son proseslər nəticəsində bu bölgədə mənzərə dəyişib: “Çünki artıq burada İranın, Rusiyanın ciddi mövqeləri var. Ümumiyyətlə, Əsədin hakimiyyətdə qalması, İŞİD-in sıradan çıxması bütövlükdə Yaxın Şərqdə münaqişə edən tərəflər arasında güc balansını pozdu. Bu balans hazırkı dönəmdə ABŞ-ın lehinə deyil. Əlavə olaraq, Türkiyə “Fərat qalxanı” əməliyyatından sonra Suriyanın şimalında mövqelərini gücləndirdi, eyni zamanda ardıcıl şəkildə kürd seperatçı qruplaşmalarına zərbələr endirdi. Bu da ABŞ-ın regionda müttəfiqi halını almış kürd qruplaşmalarını arxa plana keçirdi, onların bu bölgədə mövqelərini kifayət qədər zəiflətdi. ABŞ həm də bu səbəbdən bölgədə öz müttəfiqlərinə dəstək vermək məcburiyyətində qaldı”.
Analitik vurğulayıb ki, Türkiyə tərəfinin artıq Afrin əməliyyatlarına başladığını deyə bilərik: “Türkiyə tərəfindən seperatçı terror təşkilatlarına öldürücü zərbələrin vurulması, bütün bunların fonunda ABŞ-ın Yaxın Şərq siyasətini belə dəyişməsi o qədər də təəccüblü olmadı”.

Əli

Bu xəbər oxundu
- - -