Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan “etimad norması“nı yerinə yetirib

19.01.18, 13:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycana etimad çağırışı etmək artıqdır, çünki ölkəmiz "etimad norması"nı yerinə yetirib. Azərbaycan işğala məruz qalıb, bizim torpaqlarımız işğal altındadır".
Politoloq Fikrət Sadıqov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırmasına münasibət bildirərkən belə deyib.
Fikrət Sadıqovun sözlərinə görə, birinci dəfə deyil ki, bu cür çağırışlar səslənir - etimad tədbirləri görülməli, Ermənistanla Azərbaycan bir-birinə etimad etməlidir: “Əgər Minsk qrupunun həmsədrləri bu məsələnin həllində maraqlıdırsa, etimad tədbirləri haqqında bəyanat vermək artıqdır, Ermənistana təzyiqlər göstərilməlidir. Ermənistan başa düşməlidir ki, işğal siyasətindən əl çəkmək lazımdır, işğal daim davam edə bilməz. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, status-kvonun davam etməsi ilə heç vaxt razılaşmayacaq və münaqişənin həlli üçün müxtəlif yollardan istifadə edəcək. Ona görə Azərbaycanı etimada çağırmaq lazım deyil, Ermənistana təzyiq etmək lazımdır. Mənə elə gəlir ki, belə ifadələrin səslənməsi hər halda Azərbaycana aid olmamalıdır”.
Politoloq vurğulayıb ki, etimadın yaranması üçün birinci növbədə Azərbaycanın işğal edilmiş torpaqları qaytarılmalıdır: “Azərbaycanın mövqeyi kifayət qədər prinsipial və qətidir. Azərbaycan öz mövqeyini bir daha bəyan etdi. Polşanın Krakov şəhərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar 6 saata yaxın davam etdi. Müsbət dinamika ondan ibarətdir ki, həmsədrlər tərəfindən kreativ, məntiqə uyğun təkliflər də səslənib. Görüşdə, görünür, çox ciddi söhbət olub. Yeni təkliflər əlbəttə ki, məsələnin həllinə yönələn və Azərbaycanın maraqlarına cavab verən təkliflər olmalıdır. Bu təkliflərin arxasında nələrin dayandığını indidən konkret demək çətindir. Amma təkliflər Azərbaycanın maraqlarına cavab verməsə, əlbəttə ki, dövlətimiz bunu heç bir zaman qəbul etməyəcək. Çünki bizim əsas məqsədimiz işğal olunmuş torpaqlarımızın azad edilməsi prosesinin başlanmasıdır və biz buna nail olmalıyıq”.
Fikrət Sadıqov qeyd edib ki, həmsədrlərin son bəyanatından o qədər də optimist gözləntilər barədə nəsə demək çətindir: “Amma hər halda digər görüşlərdən fərqli olaraq, burada hansısa müsbət cizgilər müşahidə olundu. Bundan sonra hansı konkret addımların atılacağını isə yaxın gələcək göstərəcək”.

Bu xəbər oxundu
- - -