Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İdxalın artım səbəbi açıqlanıb

19.01.18, 13:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Əliyev: "Dövlət Gömrük Komitəsi 2017-ci ildə büdcə proqnozunu yerinə yetirib"
"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub". Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dünən Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib. "Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb. O bildirib ki, ötən il idxal 291 mln. dollar artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard dollardan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.
2017-ci ildə idxalın artımı Azərbaycanda həyata keçirilən investisiya layihələri çərçivəsində tədarüklərlə bağlıdır. A.Əliyev vurğulayıb ki, son illərdə ölkədə bir sıra investisiya layihələri reallaşdırılır: "Bununla əlaqədar olaraq Azərbaycana avadanlıqlar, tikinti texnikası və materialları idxal olunub. İdxalın artımına da əsasən bu tədarüklər təsir göstərib". DGK-nın məlumatına əsasən, ötən il ölkəyə 8,78 milyard manat dəyərində məhsullar idxal edilib ki, bu da 2016-cı ilin göstəricisini 2,9 faiz üstələyir.
Ötən il gömrük orqanlarından şikayətlərin sayında 1600 azalma olub. Bu barədə yanvarın 19-da Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, 2015-ci ildə gömrük orqanları barədə 2500 şikayət daxil olubsa, 2016-cı ildə bu rəqəm 2300-dən bir az çox olub. Ötən il isə şikayətlərin sayında 1600 azalma olub və şikayətlərin sayı 700-dən aşağı olub. A.Əliyev qeyd edib ki, şikayətlərin 95 faizi fiziki şəxslər tərəfindən daxil olub. Şikayətlər gömrük sərhədindən keçərkən aksiz mallarla bağlı olub.
Aydın Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bəzi ölkələrdə Gömrük Komitəsi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.
"Gömrük statistikasının metodologiyası dünya statistika metodologiyası üzrə aparılır. Azərbaycan da bu statistik metodologiyaya uyğun öz gömrük statistika məlumatlarını açıqlayır". O, ötən il üçün komitə tərəfindən təqdim edilən rəqəmlərin SOCAR-ın təqdim etdiyi rəqəmlərlə üstü-üstə düşməməsi məsələsinə aydınlıq gətirərkən deyib ki, Azərbaycanda nəinki neft və qaz, hər idxal edilən məhsulun qeydiyyatı aparılır: “Neft və enerji məhsullarının ixracı ilə bağlı konsorsium tərəfindən Dövlət Gömrük Komitəsinə məlumat verilir. Neftin, qazın və enerji məhsullarının ixracının bəyan edilmə prosesi isə ən azı 3, bəzən 4 və 5 aya qədər davam edir. Bu səbəbdən də miqdarın və həcmin, dəyərin üst-üstə düşməsi mümkün deyil". DGK sədrinin müavini Səfər Mehdiyev isə deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində məlumatlarda fərqin olması müşahidə edilir.
Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz" çərçivəsində 28 icazə verilib. A.Əliyev qeyd edib ki, bu icazələri 25 şirkət alıb. Verilən icazələrin sayı ilə şirkətlərin sayının fərqli olmasına gəlincə, DGK sədri bildirib ki, bu məhsulların müxtəlif kateqoriyaları ilə şərtlənir: "İcazələr ayrı-ayrılıqda adi məhsulların və aksiz markalı malların dövriyyəsinə görə verilir". 2016-cı ilin yekunu üzrə "Yaşıl dəhliz"in cəmi 9 iştirakçısı vardı.

Bu xəbər oxundu
- - -