Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Afrin əməliyyatı mahiyyət etibarilə hücum yox, müdafiədir

23.01.18, 7:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyənin Suriya macərasına atılmaqda təməl hədəfi rejimi dəyişdirmək və Şamda özünə yaxın, “İhvan” xəttinin təmsilçilərinin ağırlıqda olacağı bir siyasi konfiqurasiya qurulmasına nail olmaq idi. Bölgə liderliyinə hesablanmış bu ambisiyalı hədəf müxtəlif səbəblərdən baş tutmadıqdan, Rusiya və İranın Suriyaya gələrək Əsədi xilas etməsindən sonra Türkiyənin öncəlikləri də məcburən dəyişdi. Artıq məqsəd orada Türkiyənin milli təhlükəsizliyinə və regional maraqlarına qarşı yönəlmiş amillərin qarşısını almaqdan ibarət idi.
Bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Türkiyənin siyasətində hücum mövqeyindən müdafiə mövqeyinə dönüş baş verdi:
"Afrin əməliyyatı da mahiyyət etibarilə hücum yox, müdafiədir. ABŞ-ın himayəsindəki PYD-YPG-nin timsalında kürdlər Türkiyə sərhədləri boyunca uzanan, “Demokratik Muxtar İdarəçilik” elan etdikləri 3 kantonu (şərqdə Cəzirə, mərkəzdə Kobani, qərbdə Afrin) birləşdirməyi və mümkün olarsa, Aralıq dənizinə çıxmağı strateji hədəf kimi qoymuş və bunu gerçəkləşdirməyə yaxınlaşmışdı. Ərəblərin çoxluqda olduğu Menbiç nəzarətə götürülərək digər 2 kantondan ayrı düşmüş Afrin anklavına yol açılmışdı. Türkiyə əvvəlcə “Fərat qalxanı” əməliyyatı ilə Azez-Cerablus-Əl Bab istiqamətində nəzarətini təmin edərək Menbiç-Afrin xəttini kəsdi, lakin təhlükə aradan qalxmadı, çünki Əsəd Hələbi geri aldıqdan sonra Hələb-Afrin yolu açıldı və kürdlər Menbiçdən cənuba enərək bu yol vasitəsilə qərbdəki Afrinə yenidən çıxış əldə etdilər".
Politoloqun sözlərinə görə, “Zeytun budağı” əməliyyatında məqsəd Hələb-Afrin yolunu da nəzarətə götürmək və ümumilikdə Afrində YPG-ni zərərsizləşdirərək kantonların birləşməsi ehtimalını ortadan qaldırmaqdır:
"Amma təhlükəni tamamilə sovuşdurmaq üçün YPG-nin yaxınlıqdakı Menbiçdən də çıxarılması lazımdır və Ərdoğan məhz bu səbəblə Afrindən sonra hədəfin Menbiç olacağını söyləyir. Afrində hərbi mövcudiyyəti olan Rusiyanın, eləcə də həmin ərazidə əsgəri olmayan ABŞ-ın əməliyyata etiraz etməməsinə və göz yummasına nail olunmasını Ankaranın diplomatik uğuru kimi qiymətləndirmək mümkündür. ABŞ-la bərabər Rusiya da PYD-YPG ilə çox yaxın əlaqələrə malikdir, hətta Moskvada bu qruplaşmanın (yəni dolayısı ilə PKK terror təşkilatının) rəsmi nümayəndəliyi var. Lakin PYD-YPG-nin Rakka əməliyyatından üzü bəri ABŞ-la müttəfiqliyi dərinləşdirməsi və Suriyada ABŞ təsirinin genişlənməsində əsas alətə çevrilməsi, eləcə də son olaraq ABŞ-ın kürdlərdən ibarət “Sərhəd təhlükəsizlik qüvvələri” yaradacağı barədə xəbərlər Rusiyanı narazı saldı".
Politoloq vurğulayıb ki, Moskvanın kürdlərdən Afrini Suriya mərkəzi hökumətinə təhvil vermələrini istədiyi, bu halda onları qoruyacaqlarını vəd etdiyi, lakin kürdlərin bundan imtina etdiyi barədə məlumatlar var:
"Bütün bunlar rusları qıcıqlandıran və onları Türkiyə ilə anlaşmağa sövq edən amillər idi. Rusiya təbii ki, nə isə əldə etmədən nəyəsə razılıq verməz. Əsəd qüvvələrinin son günlər İdlibdə irəliləməyə başlaması Türkiyənin Rusiyaya güzəştinin nəticəsi kimi görünür, halbuki Ankara ötən günlərdə bununla əlaqədar Rusiya və İrana rəsmi etirazını bildirmiş, hətta Ərdoğan Putinə telefon açaraq Əsədin Astana razılaşmalarına zidd olaraq İdlibə irəliləməsinin qarşısının alınmasını istəmişdi. Lakin Türkiyənin Afrin əməliyyatına başlamasından saatlar sonra Əsəd qüvvələri İdlib ətrafındakı Əbu Duhur hava limanını, bir çox kəndi ələ keçirdilər və hazırda hücumu davam etdirirlər".

Bu xəbər oxundu
- - -