Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyənin Suriyaya ordu hissələrini yeritməsi BMT nizamnaməsinə tamamilə uyğundur”

23.01.18, 10:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 


Musa Qasımlı: “Bu özünü müdafiə etmək məqsədi güdür”

Elxan Şahinoğlu: “Suriya rejimi Türkiyə ilə sərhədi özü qoruya bilmədi”


Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı davam edir.
Əməliyyatın 4-cü günündə sərhəddin Kilis-Hatay bölgəsində mövqe tutan Türkiyə Silahlı Qüvvələri top atəşi ilə Afrindəki terrorçulara aid sığınacaqları vurur. Bildirilir ki, partlayış səsləri Kilisin sərhədə yaxın kəndlərindən eşidilir.
Onu da bildirək ki, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi "Zeytun budağı" əməliyyatında türk əsgəri şəhid olub. Türkiyə mediası xəbər verir ki, türk ordusunun hərbçisi “Zeytun budağı” əməliyyatı çərçivəsində Kilisin Gülbaba kəndinin cənub şərqində Burseya dağında baş verən döyüşlərdə şəhid olub.
Bu, Türkiyə ordusunun "Zeytun budağı" əməliyyatı çərçivəsində verdiyi ilk şəhiddir.
Bu arada Türkiyə ordusunun ard-arda endirdiyi ağır zərbələr nəticəsində çarəsiz vəziyyətə düşən terrorçular ABŞ və rəhbərlik etdiyi koalisiyadan yardım istəyib. Dayaq nöqtələri bir-birinin ardınca dağıdılan terror qruplaşması koalisiya üzvü dövlətlərdən Türkiyəni dayandırmasını istəyib. Terrorçular kömək istəyərkən İŞİD-lə mübarizənin təhlükə altında qalması ehtimalını bəhanə olaraq göstəriblər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Vaşinqtonu ittiham edib. O bildirib ki, PYD və YPG bölmələrinin Türkiyə ərazisinə raket zərbəsi endirmədiyini bildirən ABŞ-ın dövlət katibi Reks Tillerson terrorçuların dili ilə danışır. Nazir deyib ki, Birləşmiş Ştatlar terrorçulardan sitat gətirmək əvəzinə Türkiyənin təqdim etdiyi faktlara inanmalıdır. M.Çavuşoğlu vurğulayıb ki, PYD və YPG terrorçuları Türkiyə üçün real təhdiddir.
Qeyd edək ki, ötən gün PYD və YPG terrorçularının Türkiyənin Hatay vilayətini atəşə tutması nəticəsində bir nəfər ölüb.
Əməliyyatının 4-cü günüdə isə Azad Suriya Ordusunun əsgərləri Afrin yaxınlığında işğaldan azad etdikləri kəndlərdə PKK/PYD terrorçuları təslim olmağa başlayıb.
Təslim olan terrorçuların üzərində təşkilata aid sənədlər, şəxsiyyət vəsiqələri və PKK liderlərinin fotoları aşkarlanıb.


“Biz Suriyanı işğal etmirik”


Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünya mediasında “Türkiyə Suriyanı işğal edir” başlığı ilə gedən yanlış məlumatlara aydınlıq gətirərkən “biz Suriyanı işğal etmirik. Bölgədə fəaliyyət göstərən terror təşkilatlarını aradan qaldırırıq”,- deyə bildirib. İ. Kalın qeyd edib ki, Suriya torpağında gözümüz yoxdur: “Əgər elə bir niyyətimiz olsaydı Cerablus, Əl Bab və digər nöqtələrdə yerləşərdik. Heç bir qonşu ölkənin bir başqa ölkə tərəfindən işğal edildiyini görmək istəmirik”.
Türkiyə və Rusiya arasında İdlib ilə Afrinin paylaşıldığı haqqında yayılan məlumatlara aydınlıq gətirən prezident sözçüsü qeyd edib ki, belə bir bazarlıq etməmişik: “Biz sadəcə İdlibdə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirik. Bura böyük ərazidir. Türkiyə ilə sərhəddə 2 milyon insan yaşayır. Minlərlə miqrant İdlibdən gəldi. Bunları qida, dərman və sığınacaqla təmin edirik. Həm Türkiyə, həm də Suriya tərəfdə. Biz İdlibdə terrorun məhv edilməsini istəyirik”.
Əməliyyatın nə vaxta kimi davam edəcəyi barədə danışan Kalın qeyd edib ki, əməliyyat günlərlə də davam edə bilər, aylarla da: “Nə qədər lazımdısa o vaxta kimi davam edəcək. Əməliyyatın müvəffəqiyyətlə yekunlaşması üçün hərbçilərimiz vacib taktiki planlar edib. Hazırda yaxşı irəliləyişlər əldə etmişik”.

Diplomatik hazırlıqlar...

Millət vəkili Musa Qasımlı deyib ki, uzun illər boyu terrordan əziyyət çəkən Türkiyənin "bıçaq sümüyə dirəndiyindən" məcburən Suriyaya ordu hissələrini yeritməsi BMT nizamnaməsinə tamamilə uyğundur, özünü müdafiə etmək məqsədi güdür. Onun sözlərinə görə, təkcə Türkiyə Cümhuriyyəti dövləti deyil, özünə hörmət edən hər hansı bir dövlət sərhədləri boyunca terror dəhlizinin yaradılmasına seyrçi qala bilməz: “Hesab edirəm ki, əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb. Bu hərəkatın təkcə hərbi deyil, eyni zamanda siyasi, diplomatik tərəfləri vardır. Bunsuz Türkiyə dövləti hərbi əməliyyata başlamazdı”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu isə diqqətə çatdırıb ki, Türkiyənin əsas hədəfi həmin bölgəni terrorçulardan təmizləmək və ora Azad Suriya Ordusunu yerləşdirməkdir. Onun sözlərinə görə, bu ona görədir ki, şimal və cənub hissədə olan PKK tör-töküntüləri birləşə bilməsinlər: “Aydındır ki, bütün Suriya ərazindən silahlı kürd terrorçularını təmizləmək çətindir. Bəlkə də mümkün deyil. Amma hər halda Afrin əməliyyatının əsas məqsədi odur ki, Türkiyə sərhədi boyu imkan qədər təhlükəsizlik zolağı yaradılsın və terrorçuların Afrin üzərindən birləşməsinə maneələr yaradılsın. Gələcəkdə bu ərazilərə terrorçular yenidən daxil olarsa, Türkiyə bu əməliyyatı yenə də təkrarlaya bilər. Amma düşünürəm ki, Türkiyə uğurlu əməliyyat keçirdikdən sonra terrorçu qruplar Ankaranın və Azad Suriya Ordusunun bölgədə varlığını qəbul etmək məcburiyyəti qarşısında qalacaqlar”.

“Terrorçuluq baş alıb gedir”

O vurğulayıb ki, hələlik, fors-major halın baş verməsinə işarə edən heç bir dəlil yoxdur: “Tam əksinə, əməliyyatdan qabaq Türkiyə diplomatiyası çox fəal oldu. Nəticədə əməliyyat başlayarkən ciddi etirazla da qarşılaşmadı. Çünki təhlükəsizliyini təmin etmək Türkiyənin haqqıdır. Suriya rejimi Türkiyə ilə sərhədi özü qoruya bilmədi. Terrorçuluq baş alıb gedir. Rusiya da, İran da, Amerika da, ərəb dünyası da bu haqqı tanıdı. Düzdür, bəziləri müəyyən narahatlıqlarını bildirdilər. Amma açıq-aşkar Türkiyə əleyhinə çıxış etmədilər. Amma bundan sonra da Türkiyə diplomatiyası fəal olmalıdır. Tarixdə bəzən belə də olub ki, cəbhədə qazanılan uğurlar masa üzərində əldən gedib. Osmanlı tarixində də belə hallar olub. Bunun baş verməməsi üçün informasiya mübarizəsində fəal olmaq lazımdır. Dünyaya yenə də anlatmaq lazımdır ki, Türkiyənin məqsədi Suriyanı parçalamaq deyil, tam əksinə, terrora son qoyub Suriyanın ərazi bütövlüyünü təmin etməkdir”
Hərbi əmәliyyata region ölkələrinin Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirliklərinin PKK-ya yardım vəd etməsinə dair yayılan xəbərləri dəyərləndirən ekspert əlavə edib ki, Səudiyyə Ərəbistanının, Misirin və ya BƏƏ-nin PKK-ya silah verməsi ağlabatan deyil: “Bu, onların özlərinin maraqlarına da uyğun deyil və dezinformasiyadır. Əksinə, onlar PKK kimi terrorçu qrupları özləri üçün də təhlükə sayırlar.
PKK-ya dəstək verən qüvvələr fərqli ölkələrdə fəaliyyət göstərirlər. Onlar İraqda, Suriyada mövcuddurlar. Vaxtilə Dəməşq PKK-ya dəstək verirdi, Abdullah Öcalanı ölkədə gizlədirdi. İndi isə rejim dağılıb, onların yadına heç PKK düşmür. ABŞ PKK-nı terror təşkilatı kimi tanısa da, PYD və YPG-ni bu statusda tanımır, onlara dəstək verir. Türkiyənin etirazı da bunadır”.
Suriya hökuməti ilə işbirliyinin olub olmayacağına gəlincə isə politoloq deyib ki, Türkiyə hakimiyyəti ilə Suriya dövlətinin başçısı arasında əvvəllər problem yox idi: “Amma Rəcəb Tayyib Ərdoğan Suriyada silahlı münaqişə başlayandan sonra Əsəd rejimi ilə bütün körpüləri yandırdı. Bildirdi ki, qətliamın günahkarı Əsəddir. Türkiyə bunda haqlı idi. Çünki Suriyada əvvəlcə terrorçular baş qaldırmamışdı. Əvvəl insanlar etirazını bildirdi, ordudan onlara qarşı istifadə edildi, vətəndaş müharibəsi yarandı və bundan da terrorçular məharətlə istifadə etdilər.
İndi bu qədər tənqiddən, sərt çıxışlardan, Əsədi cani adlandırandan sonra Ərdoğan üçün yenidən əlaqələri bərpa etmək çox çətindir. Seçiciləri də Ərdoğanı baş düşməz. Amma Ərdoğan da reallığı anlayır. Reallıq da bundan ibarətdir ki, Əsəd hələlik hakimiyyətdən getməyəcək. Onun Rusiya kimi dəstəkçisi var. Demək, müəyyən təmaslar olmalıdır. Yüksək səviyyədə olmasa belə, aşağı, gizli səviyyəli təmaslar həyata keçirilməlidir. Məsələn, bu əməliyyatdan öncə Rusiya üzərindən Suriya rejimi ilə təmas qurulub ki, Dəməşq bunun əleyhinə çox da çıxmasın. Türkiyənin baş naziri Binəli Yıldırım da bugünlərdə işarə etdi ki, rəsmi səviyyədə təmaslarımız olmasa belə, lap aşağı səviyyədə müəyyən təmaslar ola bilər. Bunun özü ondan xəbər verir ki, artıq Ərdoğan reallığı qəbul edib. Fikir verin, son zamanlar heç Əsədin adını çəkmir. Halbuki, Ərdoğan illər öncə hər gün hər çıxışında Əsədi “yıxıb-sürüyürdü”. İndi çox da üzərinə getmir. Əsəd yerindədir, hakimiyyətini qoruyur, Rusiya ona dəstək verir və bu mərhələdə Əsədin əleyhinə getməyin heç bir effekti olmayacaq”.

Əli

Bu xəbər oxundu
- - -