Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qulam Yəhyanın xatirələri

25.01.18, 8:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dedim ki, buraya toplaşanların hamısı körpüdən keçməyənə qədər mən o taya keçmək fikrində belə olmayacağam

10-cu yazı

21 Azər günü səhər saat 8-də Təbrizdən Mərəndə tərəf hərəkət etdik. Mərəndə çatanda körpüdə iki maşının aşdığını gördük, düşüb yoxladıq, maşında silah da var idi. Silahları da götürdük. Bu zaman şəhər tərəfdən və yolun ətrafındakı bağlardan bizə güllə atmağa başladılar. Fədailər cavab vermək istədikdə, mən göstəriş verdim ki, səbr etsinlər. Səbəbsiz adam öldürmək olmaz. Onlardan soruşduq ki, kimlərdir və nə istəyirlər. Onlar bizim bu xeyrxah suallarımızın cavabında bizi bir daha gülləyə basıb, təslim olmağımızı əmr etdilər. Biz bir də təklif etdik ki, əməllərindən əl götürsünlər, onların hərəkəti yaxşı deyil. Bizim bu təklifimizdən deyəsən, şəkkə düşüb bunu bizim zəiflik və qorxaqlığımız hesab edərək üzərimizə hücum etməyə başladıqda fədailərimiz balaca cavab verməli oldular. Onlardan yaralanan və bəlkə ölən də oldu. Biz Mərəndi keçib, Culfaya tərəf hərəkət etdik.
Biz Culfa körpüsünə çatarkən bəzilərinin özlərinin və ailələrinin orada dayandıqlarını gördüm və xəbər verdilər ki, mənim və ailəmin keçməsinə icazə verilib. Mən dedim ki, buraya toplaşanların hamısı körpüdən keçməyənə qədər mən o taya keçmək fikrində belə olmayacağam. Bir qədərdən sonra hamıya körpünü keçmək icazəsi verildi. Lazımi qeyd ilə əvvəl uşaqlar və qadınlar və sonra tək-tək yoldaşlar keçdilər.

Xatirənin ikinci hissəsi (mühacirət dövrü)

Biz körpünü (Cülfada) keçdikdən sonra Milanyan xəbər verdi ki, əfsər yoldaşlarımızdan bir neçə nəfərini (5-7 nəfər) sərgurd həbəşi Mərənddə tutub, həbs edib. Bu xəbər məni bir qədər sarsıtdı. Deməli, bizimlə gəlmək istəməyən səngər yoldaşlarımızdan bəziləri düşmənin çənginə keçib. Mən Milanyana dedim ki, nə üçün körpünü keçməmiş demədin, biz gedib onları və başqa yoldaşlarımızı azad edərdik. O, cavabında dedi ki, mən sizi o tayda narahat etmək istəmədim, məhz ona görə də orada demədim. Mən dedim ki, orada narahat etmək istəmirdinsə, bəs nə üçün indi deyirsən. Siz xəyal edibsiz ki, əgər Mərəndə qayıtmalı olsaydıq, onda sizi də aparardıq. Ancaq mən sizi əmin edirəm ki, biz oraya gedərkən sizi aparmazdıq. Fədailərlə gedərdik və sizi inandırıram ordakı yoldaşlarımızı da azad edərik. İndi bu taydan qayıtmağa icazə verməzlər və həqiqətən də belə oldu. Mən əlaqədar məqamlara müraciət etdim ki, bizim yenidən qayıtmağımıza icazə versinlər. Sərhəd rəisi polkovnikə müraciət etdim. O, cavabında bildirdi ki, bu mümkün deyil.
Bizi sərhəddi keçən günü Naxçıvana apardılar. Onun sonrakı günü daha doğrusu azərin 22-də yoldaşlarla görüşdük. Ümumi görüşdən sonra ADF MK üzvləri də Milli Məclis nümayəndləri bir yerə toplaşıb ümumi vəziyyətimizdən, geri çəkilməmizdən danışdıq. Əlbəttə, belə hazırlıqsız, plansız geri çəkilmə işimiz bərk tənqid edildi. Hər halda tənqidi çıxışlar nə qədər ağır olsa da ancaq şudə faktın müqabilində vaqe olmuşdu. Bu haqda danışmaqda yubandığımız hamıya məlum idi.
Bu söhbətdən sonra mən Təbrizdən gəlməyimiz və Mərənddə vuruşmağımız haqda danışdım. Yoldaşlara dedim ki, bizim Culfaya gəlməkdə məqsədimiz Pişəvəri və sizlərlə görüşüb, fədailərlə dağlara çəkilmək, fədai hərəkatını davam etdirmək idi. Məhz buna görə də mən Miyana bankından 200 min tümən də pul götürmüşdüm ki, bir müddət həmin pul ilə dolanarıq. Lakin biz Culfaya gələnə qədər siz sərhəddi keçdiyinizə görə görüşə bilmədik və biz bu taya keçməli olduq. Qərar oldu ki, pulu Pişəvərinin sərəncamına verəm, mən də pulu Pişəvəriyə təhvil verdim. Gətirdiyim puldan başqa Kaviyan, Abbas Pənahi və başqa yoldaşların da gətirdiklərinin Pişəvəriyə verilməsi qərara alındı.
Buradakı söhbətimizdən sonra qərara alındı ki, yoldaşlarımızın yerbəyer edilməsi işi ilə mən məşğul olum. Belə məsləhət oldu ki, hələlik yoldaşları Jdanov (indiki Beyləqan-red.) rayonunda saxlayaq, sonra nə edəcəyimiz haqqında məsləhətləşərik. Bu məqsədlə mən Jdanov (indiki Beyləqan-red.) rayonuna getməli oldum. Oraya gedib, orada raykomun katibi Orucovla görüşdüm. Mən oraya gedənə qədər Orucov işdən xəbərdar edilmişdi və o da lazımi hazırlıq işləri barədə göstəriş vermişdi. Ona görə də biz çətinlik çəkmədən yoldaşları sovxozlarda yerbəyer etdik. Biz yoldaşların yerini bir də yoxladıq. Yoldaşlarımızın əksəriyyəti fədailərdən ibarət olduğu üçün nisbətən cavan və subay yoldaşlar idilər. Bir qism Təbrizdən gəlmiş yoldaşlar ailəli idilər. Hər halda sovxozun imkanları dairəsində yoldaşlar yerbəyer olduqdan sonra həmin sovxozun direktoru, bizi daha doğrusu, raykomun katibi Orucovu, məni və bir neçə başqa yoldaşı nahara evə dəvət etdi.
Orada başqa xarici yeri tutmaq mümkün olmadığı üçün Türkiyədən Ankaranı tutmağı xahiş etdik. Türkiyə radiosu bizim geri oturmağımızdan danışırdı. Bu xəbərlərin içərisində dedi ki, hərəkata rəhbərlik edənlərdən biri general Qulam Yəhya dövlət qoşunları tərəfindən tutulub iki parça edildi və Təbrizdən çıxan darvazada asıldı. Bu xəbəri eşidən ev sahibəsinin əlindən podnis düşdü və o, ağlamağa başladı. Orucov öz sahibəsindən soruşdu ki, nə üçün belə yanıqlı ağlamağa başladın? Xanım özünü zorla ələ alıb, suala sualla cavab verdi. Məgər siz eşitmədiniz o biçarəni iki şaqqa edib, Təbrizin darvazasından asıblar, yəqin ki, onun da ana-bacısı, ailəsi var. Bəs indi onlar belə müsibətə necə dözəcəklər?
Orucov gülümsəyərək xanıma dedi ki, sən tez çayı gətir, o iki şaqqa edilən bu gün sizin qonağınızdır. Xanım nə isə başa düşmədi. Orucov məni ev sahibəsinə göstərib, dedi ki, iki şaqqa edilib, darvazadan asılan Qulam Yəhya budur. Ev sahibəsi inanar-inanmaz mat olub qalmışdı. Yeri gəlmişkən demək lazımdır ki, o zaman bu kimi yalan şayiələr yaymaqda sanki bəzi xarici radiolar biri digərindən irəli keçməyə yarışırdılar. Belə şayiələrin qarşısını almaq məqsədilə radio ilə çıxış etməli oldum.
Bizi Bakıya istədilər, mən və Pişəvəri yol uzunu belə fikirləşdik ki, yəqin ki, yenidən fədai hərəkatı ilə əlaqədar bizi Bakıya dəvət edirlər. Əgər belə olmasaydı onda məni yox, Pişəvəri ilə Badiqanı dəvət edərdilər. Çünki təşkilatı işlərə o baxırdı. Ona görə də Bakıya təcili dəvət olunmağımız, hamının, o cümlədən mənim də böyük sevincimə səbəb olmuşdu. Bizi MK-da qəbul etdilər. Orada bir sıra mövzularda söhbət oldu. M.C.Bağırov əlini bintlə sarımışdı. O, dedi ki, həkimlərin dediklərinə görə, əsəb pozğunluğundan baş verir. O, dedi ki, həyatımda ikinci dəfədir, əlim belə olur. Birinci dəfə oğlumun Böyük Vətən müharibəsində həlak olması xəbərini eşidəndə belə olmuşdu. Bu dəfə də sizin hadisə ilə əlaqədar əlim belə olub. O, Stalindən alınmış teleqramı bizə oxudu. Teleqramda ümumiyyətlə, bizə səbrli olmaq, işdə ciddi və möhkəm olmağımız tövsiyə edilirdi.
Bir dəfə də 1947-ci il mart ayının əvvəllərində Pişəvərini və məni MK-ya dəvət etdilər. Mirzə İbrahimov və Həsən Həsənov da orada idilər. Söhbət bizim yoldaşlrın necə yerbəyer olmasından başlandı. Mən yoldaşların necə yerbəyer olması haqqında qısa məlumat verdim. Bağırov bizim yoldaşların vəziyyətlərinin qaranlıq qalmış yerləri haqqında bir sıra suallar verdi və mən də cavablarını dedim. Sonra dedi yoldaşlarla vaxtaşırı görüşmək yaxşı olar. Eyni zamanda dedi ki, sənəti olmayan yoldaşalara müəyyən sənətlərin öyrədilməsi pis olmazdı. Sonra yoldaşlarımızın savadlanma kurslarına cəlb edilmələri haqda göstəriş verdi. Bir qədər də söhbət etdikdən sonra Bağırov Pişəvəridən soruşdu ki, bayrama necə hazırlaşırsız? Mənə elə gəldi ki, Pişəvəri belə bir suala cavab verməyə hazır deyildi. Ona görə də cavab verdi ki, bayrama hələ çox qalır. Bağırov üzünü mənə çevirib, fədailərin bayram keçirmələrinin təşkil edilməsi haqda danışdı və Mirzə İbrahimova göstəriş verdi ki, bu işi təşkil etsinlər.
Bu söhbətdən sonra rayonlara getməli oldum. Yoldaşlarla görüşlərimiz həqiqi bayrama çevrildi. Hər şeydən əvvəl ona görə ki, çoxdan idi ki, yoldaşlarla görüşməmişdik. Bundan başqa bu görüşlərdən onlar nə isə gözləyirdilər, hər şeydən əvvəl Vətənə getmək və Vətəni yenidən azad etmək arzusu bizim görüşlərimizi həqiqi bayrama çevirirdi. Bunlardan əlavə qardaş ölkədə onların həyatı və yaşayış tərzləri ilə maraqlanmağı yüksək qiymətləndirirdilər.
Mən ilk görüşümüzdə yoldaşlara məsləhət gördüm ki, onlar müəyyən sənət öyrənsinlər, savadsızlığlarını ləğv etmək üçün kurslara getsinlər. Doğrudur, onlar mənim nə demək istədiyimi bilir və bu tədbirlərin həqiqətən onların xeyrinə olmasını aydın hiss edirdilər. Digər tərəfdən mənim belə söhbətlərim onların vətənə getmələrinin yubanmasından xəbər verdiyi üçün o qədər də fərəh doğurmurdu. Mən hiss edirdim ki, onlar nə isə ancaq Vətənə qayıtmağımız ilə əlaqədar olan hadisə və söhbətləri xoşlayırlar. Mən yoldaşlara aydınlaşdırdım ki, Vətənə getmək və istədiyimizə nail olmaq üçün hələlik ən vacib tədbir sənət öyrənib, savadsızlığımızı ləğv etmək, siyasi bilik və dünyagörüşümüzü artırmaqdır. Fədailərin hələlik yeganə xahişləri bu idi ki, onlarla tez-tez görüşək.
1947-ci ildə məhəllərdə təşkilatlar yaranmağa başlandı. Təşkilatlar müəyyən edilmiş plan əsasında vaxtlı-vaxtında cələsələrini (yığıncaqlarını-red.) keçirirdilər. Bu cələsələrdə (yığıncaqlarını-red.) fırqənin nizam-intizamı, məramnamə-nizamnaməsi, gündəlik cari işlərlə yanaşı beynəlxalq aləmdə baş verən hadisələrlə birlikdə vətənimizdə gedən hadisələr təhlil edilirdi. Məhəllərdə təşkilat verməyimizin hər cəhətdən əhəmiyyəti çox böyük oldu. Demək olar ki, bütün müvəffəqiyyətlərimiz öz başlanğıclarını buradan başlamış oldu. Biz təşkilat vasitəsilə yoldaşlarımızın bütün işlərinə yetişir, ehtiyaclarını öyrənir və onların dəf edilməsinə iqdam edirdik. Xüsusilə, yoldaşların münasib işlərlə təmin olunması, sənət öyrənib, savadlanması və sair işlərinin yerinə yetirilməsi bilavasitə təşkilat vasitəsilə həyata keçirilirdi. Bizim yoxlamalardan aydın oldu ki, Mərəzədə olan bir neçə yoldaşın vəziyyəti yaxşı deyil. Ona görə də onları oradan Umbakıda olan Azneft sisteminə gətirdik ki, vəziyyətləri qısa müddətdə yaxşılaşdı.

Hazırladı: Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -