Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl şiə deyil”

25.01.18, 9:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tarixçi Əkbər Nəcəf: “O dövrdə xalqın qəbul elədiyi bir İslam anlayışı vardı, buna tarixşünaslıqda türk islamı deyirlər”

Mərmərə Universitetinin məzunu, tarixçi Əkbər Nəcəf ilə müsahibəni oxucularımıza təqdim edirik.

- Müstəqillik illərində Azərbaycan tarixşünaslıqda nə yeniliklər baş verib və ya hansı köhnə mexanizm və yanaşmalar qalmaqdadır?
- Metodologiya, konsepsiya, böyük nisbətdə mənbəşünaslıq eynidir. Bu vaxt ərzində çox az mənbələr ortaya çıxarıldı, tədqiq olundu. Tarix anlayışı eyni olaraq qaldı. Hələ də sovet dövründə formalaşan tarix nəzəriyyəsi üzərindən Azərbaycan tarixini formalaşdırırıq. Dəyişmə bir az ideoloji tərəfdən olub, bugünkü tariximiz ideologiyalaşıb. Ona görə, böyük nisbətdə dəyişmə yoxdur.
- Bu illər ərzində tarixə yanaşma necə olmalı idi?
- Azərbaycan tarixçiliyinin sovet dövründə də bəzi problemləri var idi. Əslində Azərbaycan tarixşünaslığının təməlini atan elə sovet tarixşünaslığı olub. Onun xaricində bir Azərbaycan tarixşünaslığı məfhumu olmayıb. Biz o məfhumu qoruduq. İkincisi, coğrafiya üzərindən, xalq kimliyi üzərindən tarixə baxırdıq. Hətta dilə də o şəkildə yanaşırdıq və bu eyni şəkildə də davam edir. Daha da betəri, biz hələ də tarixə xronologiya, determinizm tarixi anlayışı üzərindən baxırıq. Bundan başqa, bütün ideoloji terminlər olduğu kimi qalıb; quldarlıq anlayışı, feodalizm anlayışı, sinfi mübarizə anlayışı və sair.
- Müasir dünyada tarixə bizim öyrəndiyimiz kimi yanaşılmır?
- Bu dediyim nəzəriyyədir. XIX əsrdə ortaya çıxıb. Dünyada bu gün quldarlıq quruluşu kiçik bölgə üçün əhəmiyyətlidir. Üstəlik bunu tarix olaraq hər hansı bir dövrlə də əhatələyə bilməzsən. Feodalizm ilə bizim ümumiyyətlə əlaqəmiz yoxdur.
- Azərbaycanda feodalizm olmayıb?
- Xeyr. Mümkün deyil. Heç quldarlıq olmayıb, feodalizm hardan olacaq? Bu, Avropa tarix anlayışı marksizm üzərindən Rusiyaya keçdi, ordan da SSRİ-dəki xalqların tarixinə yapışdırdılar. Bizdə nə quldarlıq olub, nə də feodalizm.
- Bəs inkişaf tempi necə baş verib?
- Bizdə inkişaf tempini hər hansı dövrlə məhdudlaşdıra bilməzsən. Bizim ərazi hərəkətli bir ərazidir. Hardasa Monqolustandan üzü bəri Aralıq dənizinə qədər olan bu ərazi istər orta əsrlərdə, istərsə də son qədim dövrlərdə gərgin siyasi proseslərin baş verdiyi yer idi. Biz də bu hərəkətliliyin içində, bəzən də lap mərkəzində olmuşuq. Ona görə burda sabit bir siyasi sistemin, xüsusilə sosial sistemin qurulması çox çətindir. Bəli, bu insanların siyasi-sosial sistemləri vardır, ancaq qeyd edildiyi kimi, mütləq şəkildə feodalizmin içində yer almayıblar.
- O zaman Atabəylər, Hülakilər, Səfəvilər və başqa dövlətlərə feodal dövlətləri demək olmaz?
- Bunlara feodal dövlətləri demək olmaz. Bunlar geniş mülkiyyətə sahib dövlətlərdir. “Feod” yalnızca mülkiyyət formalarından biridir. Amma sənin əlində olan bu dövlətlər bu sistemə uyğun deyil. Bəli, müəyyən tədqiqatçılar orta əsrlərdə mövcud olmuş bəzi dövlətlərə feodal dövləti kimi yanaşıblar. Ancaq dediyim kimi, bu nəzəriyyədir, baxışlardan biridir. Nəzəriyyə üzərindən tarix oxuyuruq, tarix üzərindən nəzəriyyələrə baxmırıq, bizdə əksinədir. Bizim tarixşünaslığımızda quldarlıq nə zaman ortadan qalxır. Faktiki olaraq Qərbi Roma İmperiyasının parçalanması ilə başlayır. Bundan sonra nə oldu, dünyada qul anlayışımı yığışdı? Ondan sonrakı dövrdə bu coğrafi ərazidə quldar kimliyi, quldar ənənəsi yenə davam elədi.
- İslamın gəlişi ilə quldarlıq daha da möhkəmləndi.
- İslamın gəlişi ilə quldarlıq üst səviyyəyə çıxdı. Xilafətdə qullar hətta irqinə və milliyyətinə görə ayrılırdılar. Müsəlmanlar türklərdən gətirdikləri qulları hərb sistemində istifadə edirdilər. Çünki İslamın ilk dövrlərindəki böyük zənginlik ərəbləri müharibə sistemindən kənarlaşdırdı. Amma İslamın da şərti var, müharibəyə getmədiyin zaman vergi ödəməlisən, bu vergi də dövlətin əlində toplanırdı. Ərəb də məcburən ordunu qullarla doldurmalı oldu. Amma bir müddət sonra ordunun içindəki türklər xilafəti ələ keçirdilər. Artıq 961-ci ildən sonra istədikləri xəlifəni devirib, istədiklərini qoyurdular.
- Yeniçərilər Osmanlı sarayına təsir edən kimi...
- Yeniçəri bunların yanında yaxşıdır. Ərəb xilafətindəki türk əsgərlərin gücü daha çox idi. Xəlifə adına qərarlar verirdilər. Onlara məmlük və ya qılman deyirdilər.
- Bu qulları ərəblər hardan alırdılar?
- Azərbaycandan, Xəzərlərdən, Orta Asiyadan və sair türk bölgələrindən. Nəzərə alın ki, Azərbaycanda yaranmış Sacilər dövləti Orta Asiyadan xilafətə gəlmiş qul tərəfindən qurulub. Ancaq bu qulu biz Roma qulları ilə qarışdıra bilmərik. Bu qulların bütün haqları vardı. Əvvəla, qul İslamı qəbul etdiyi zaman onun qulluğu qurtarır. Üstəlik burda silk anlayışı yoxdur. Bu qul dövlətin təpəsinə qədər gedə bilər. Bir də bu qullara təhsil verilir, oxudurdular. Qulların fiziki quruluşunu öyrənir, müəyyən sahədə istifadə edirdilər. Onlar bilirdilər ki, sudanlı quldan harda istifadə etmək olar, slavyan quldan harda istifadə etmək olar.
- Ərəb saraylarında xacə kimi kimlərdən istifadə edilirdi?
- Əsasən iki irqdən xacə kimi istifadə edilirdi: qaradərililər və səkalibə deyilən slavyanlardan.
- Tarixdən bildiyimiz Afşin də türk qul idi?
- Yox, Fərqanə bölgəsindəki kiçik bir xaqanlıq vardı. Afşin ordan qaçmışdı. Afşin əslində tituldur, rəsmi ad deyil, onun əsl adı səhv etmirəmsə Kavusdur. Afşin Fərqanədə hakimiyyəti ələ keçirə bilmədiyi üçün xilafətə sığınır, burda da çox yüksək səviyyədə qarşılanır. Gələn kimi də orduya cəlb edilir. Orduda xilafət tarixində ən böyük səlahiyyətlərə sahib olmuş əmirdir. Xorasan, Azərbaycan, Anadolu coğrafiyasını idarə edib. Xəlifə səviyyəsində gücə sahib idi.
- Qullardan bu cür geniş istifadə olunduğu coğrafiyada qullar üsyanları da baş verməmiş olmaz?
- 9-12-ci əsrlərdə Şərqi İslam coğrafiyasında evində qulu olmayan adam tapa bilməzsən.
- Söhbət imkanlı ailələrdən gedir?
- İmkanlı ailələr deyəndə ki, o dövrdə bu coğrafiyada həyat səviyyəsi yüksək idi. O sovet tarixi idi ki, deyirdi insanlar yoxsul, məzlum olublar. Əksinə, o dövrdə Azərbaycana gələn ərəb səyyahlarının əsrlərində qeyd olunur ki, bu insanlar rahat insanlardı, heç işləmirlər, çox kökdürlər. Yəni bu coğrafiyada iqtisadi imkanlar genişdir. Deməyim odur ki, qul əməyindən geniş istifadə olunurdu, hətta bəzən qəddar münasibət də olurdu. Xacələrə qarşı geniş qətliamlar olub. Axtalama prosesini əsasən, yəhudi, süryani həkimlər edirdilər. Ən çox da Əndəlusda qullar xacə edilib Xilafətə göndərilirdi. İslama görə xacə eləmək qadağan olduğu üçün bunu xilafətdən kənarda edirdilər. Və xacə ticarəti də çox böyük qazanc gətirirdi. Başqa bir şey deyim. Balkandakı serblər oğlan uşaqlarına beş-altı yaşlarından sonra qadınlıq hissləri aşılayır, feminə yetişdirirdilər. Sonra həmin oğlanlar 15-16 yaşına çatanda onları satırdılar. Bu cür edən çoxlu ailə vardı. Çünki yüksək qiymətə alınırdı. Bunun da qlobal ticarəti vardı. Tarixdə ağdərili qullar geniş yayılmışdı. Bütün Afrika saraylarına qədər yayılmışdılar.
- Əkbər bəy, tez-tez müzakirə olunan məsələlərdən biri də xürrəmiliklə, Babəklə bağlıdır. Əvvəla onu soruşmaq istərdim, xürrəmilik anlayışı Sovet dövründə bizə təqdim olunan kimidir, yoxsa fərqlidir? Bizim bildiyimiz qədəri ilə xürrəmilər işıqları söndürərək orgiyalar keçirir, qadınları bölüşürdülər.
- Xürrəmilik köklü inanc sistemidir. İlk dəfə Xorasanda çıxıb. Lideri də İshaq Ət-türki olub. Əbu-Müslimin yaxın adamlarından biridir. Əbu-Müslüm Abbasiləri hakimiyyətə gətirən adamdır. Xürrəmiliyi bəsit qiymətləndirmək olmaz, insanların inanclarıdır.
- Yəni bu cür həyat tərzi olub?
- Bəli, olub. Ərəb mənbələrində bu barədə yazılıb. Xürrəmilik maniheizmdən, şamanizmdən və başqa qnostik dinlərdən qaynaqlanıb, sinxronizə olunub. Xürrəmilərdə işıqların söndürülüb qadınların ələ keçirilməsi ayini yeni il anlayışıdır. Mifologiyada il təkrarlanır, təkrarlanma yenidən yaradılma sistemi ilə eynidir. Yəni hər şey dağılır və təzədən yaranır. İlin son anında bütün işıqlar söndürülür, dünya xaosa bürünür. Yeni ilə keçilən zaman yenidən işıqlar yandırılır. Orgiya sistemi ona bütün inanc sistemlərində bu cür ayinlər var. Ərəblər və başqa köçərilərdə bu anlayış olmayıb.
- Türklərdə də olub?
- Türk tayfalarının bəzilərində olub, şamanizmdə orgiya anlayışı geniş yayılmışdı.
- Babək kim idi?
- Babək xürəmiliyin zirvəsidir. Bilirsinizmi ərəblərin bu coğrafiyada müsəlmanlaşdırma aparmaq niyyətləri yox idi. İnsanların qılınc gücünə müsəlmanlaşdırılması anlayışı kökündən yanlışdır. Bu barədə heç kəs ciddi bir fakt ortaya qoya bilməz. Əksinə, ərəblər ərəb olmayan insanın müsəlmanlığını qəbul etmir, onu çətinləşdirirdi. Əməvilər dövründə belə fikir yayılmışdır ki, İslam yalnız ərəblərə məxsusdur. İkincisi, böyük bir iqtisadi bazanı itirmək istəmirdilər. Qeyri-müslümlər hər zaman üçün müsəlman xalqlarının xəzinə anbarı sayılıb. Onlara toxunmayıb, əzab verməyiblər. Babək hərəkatı isə dini hərəkat yox, siyasi hərəkət olub. Onların arxasında da Xəzərlər dayanırdı. Babək hərəkatının süqut etməsində Xəzərlərlə Xilafət arasında bağlanmış sülh müqaviləsinin təsiri böyükdür. Bu münaqişənin bir tərəfi sosial səbəblərə dayanırdısa, o biri tərəfi ərəblərə qarşı idi. Bu münaqişə genişləndi, sonralar ərəb olmayan müsəlmanlarla ərəb olan müsəlmanların konflikti dərinləşdi və bu xilafətin məhvinə gətirib çıxardı.
- Əkbər bəy, bir qədər sizin də araşdırma sahəniz olan Şah İsmayıl və Səfəvilərdən danışaq. Belə bir fikir var ki, Şah İsmayılın şiəliyi hakim din halına gətirməsi Səfəviləri digər türk birliklərindən ayrı saldı.
- Hər şeydən əvvəl onu deyim ki, Şah İsmayılı şiə olaraq qəbul etmək doğru deyil. Bəli, şiə kökləri vardı, amma bildiyimiz indiki şiələrdən deyildi. Hətta indikilər Şah İsmayılın şiəliyinə qulat şiə, yəni səhv şiə deyirlər. O dövrdə xalqın qəbul elədiyi bir İslam anlayışı vardı, buna tarixşünaslıqda türk islamı deyirlər.
Bu insanlar üçün əsas olan Allaha bağlılıq idi, namazla, orucla o qədər də yaxın əlaqələri yox idi. Bu insanlar əvvəldən elə təktanrıçı idilər. Dövlət üçün ən başlıcası nə lazımdır, hüquq sistemi lazımdır. Çünki dövlətin məşruiyyəti hüququn üzərində qurulur. Monqolların bu coğrafiyada başlarına gələn dərd də bundan qaynaqlanırdı. Ona görə Qazan xan İslamı qəbul etdi. Çünki köhnə Çingiz xan qanunları ilə ölkəni idarə etmək olmazdı. Şah İsmayıl dövləti qurduğu zaman qurultay keçirildi, dedilər heydəriliyi dövlət məzhəbi elan edək. Qızılbaş türkləri arasında heydərilik deyə təriqət vardı. Amma gördülər ki, heydəriliyin fiqhi sistemi yoxdur. Buna görə də məcburən cəfəriliyi, şiəliyi rəsmi din elan etdilər. Qarşılarında hüquq sistemi, fiqh sistemi olan iki təriqət vardı, biri sünnilik idi, digəri də şiəlik. Şah İsmayıl da şiəliyi seçdi və şiə hüququndan istifadə etdi. Şah İsmayılın divanını mən Türkiyədə nəşr etmişəm. Şah İsmayılın divanında şii-fiqhi terminologiyasına aid bir sözə də rast gəlməmişəm, ancaq klassik sufi, təsəvvüf düşüncələri əks olunub.
- İmam Əliyə həsr olunmuş şeirləri necə, bura aid etmirsiz?
- İmam Əli qızılbaşlar üçün qutsallaşmış kimlikdir, türkləşmiş obrazdır. Yeri gələndə qədim türklərdəki bir çox kultla əlaqəyə girmiş bir kimlikdir. O qədər geniş yayılmış bir kultdur ki, Orta Asiyada Çingiz Xanı sevən adamlar onu belə İmam Əlinin oğlu elan etdilər.
- Səfəvilərlə bağlı bu vaxta qədər bilmədiyimiz hansı faktlar var?
- Səfəvilər dövründə qadınların hakimiyyətdə bu qədər söz sahibi olması faktına Azərbaycan tarixində başqa heç zaman rast gəlinmir.
- Hansı vəzifələrdə olublar?
- Birini deyim. Şah İsmayıl vəfat edəndən sonra dövləti 16 il arvadı Taclı bəyim idarə etdi.
- Şah İsmayıldan sonra taxta Şah Təhmasib çıxmadımı?
- Şah Təhmasib məcburən anasını saraydan qovdurdu. O da yolda vəfat etdi. Ümumiyyətlə, türklərdə qadınlar dövlət içində ciddi faktordurlar. Mən sizə bir fakt deyim. Hətta ərəblər türk xaqanlarının qızları ilə evlənirlər, bir müddət sonra türk xaqanlarının qızları xilafət sarayını ələ keçirirlər. Şahab xatun vardı, faktiki olaraq xilafəti 25 il idarə edib. Səfəvilər dövründə də təkcə hökmdarın arvadı deyil, bibiləri, xalaları hakimiyyətin təşkilində iştirak ediblər. Onların yanında yer alan böyük tayfa başçıları var. Xeyrənsə qətliamı adlı hadisə var. Kor Məhəmmədin – Xudavəndin arvadı olub. Bir qrup saraya hücum edib, qadını qətl edirlər. Daha sonra II Şah İsmayılın bacısı Pərixanım böyük təsirə malik, dövlət içində dövlət kimi olub.
- Səfəvilər dövləti Şah Abbas zamanında farslaşdı?
- Farslaşma deyə bir hadisə yoxdur. Bu bir az ideoloji termindir. XX əsrin əvvəllərində ortaya atılıb. Bizim tarixşünaslıqda belə anlayış var, Şah Abbasa qədər olan dövrə deyirlər Azərbaycan Səfəvi dövləti, Şah Abbasdan sonrakı dövrə deyirlər İran Səfəvi dövləti. Bir dövlət adını dəyişdirə bilməz. Üstəlik Şah Abbas zamanında paytaxt dəyişdi deyə dövlət kimliyini dəyişdirilməzdi? Bu mümkün deyildi.
- Deməli Şah Abbas zamanında da dövlət türk dövləti olub?
- Təbii ki. Qacarların sonuna qədər, ta 1925-ci ildə Pəhləvilər gələnə qədər belə olub.

Söhbətləşdi:
Mirmehdi Ağaoğlu
Kulis

Bu xəbər oxundu
- - -