Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığı necə yarandı?

29.01.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı
Qarabağ xanlığının tarixinə həsr olunmuş Azərbaycan tarixçilərinin araşdırmaları əsasında sübut olunur ki, ermənilər Qarabağ torpaqlarına gəlmədilər. Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Nadir şah Əfşarın hakimiyyətə gəldiyi dövrdə əhalinin etnik tərkibində dəyişikliklər olmasa da, siyasətdə müəyyən dəyişikliklər baş vermişdi. Ziyadoğulları nəslindən olan Qarabağ bəylərbəyiləri müxtəlif vasitələrlə Nadir şah Əfşarın mərkəzi hakimiyyəti gücləndirmək cəhdlərinə qarşı çıxır, bunun əvəzində Nadir şah Qarabağ məliklərini onlara qarşı qaldırırdı. Nadir şah Əfşarın ölümündən sonra Azərbaycanda müstəqil xanlıqlar yaranmağa başladı. Mirzə Camal Qarabağ sərhədini göstərərək yazır: «Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə krasnı most, yəni qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə - Z.H.) sərhədi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır».
Tədqiqatçı G.Məmmədova XIX əsr müəllifı Mirzə Adıgözəl bəyə istinad edərək yazır ki, Qarabağın xristian məlikləri Qarabağın azərbaycanlı əhalisi ilə vəhdət təşkil edir və onlar da özlərini alban sayırdılar. O dövrün mənbələrində də Qarabağın ermənilərə heç bir aidiyyatı olmamasını görmək mümkündür. Təsadüfi deyil ki, XVIII əsr müəllifi Esai Həsən Cəlal öz əsərində Qarabağı «Aqvan ölkəsi» adlandırır. XIX əsr müəllifi Mir Mehdi Xəzani isə yazırdı ki, «ermənilərin əcdadları Qarabağ torpağına köçmədirlər». Beləliklə, sadalanmış faktlar sübut edir ki, Qarabağ xanlığı yaradılarkən bölgə əhalisinin əksəriyyəti türk-müsəlman olub, dağlıq ərazilərdə mövcud olan məlikliklərin əhalisi isə özlərini alban mənşəli hesab ediblər. Regionun ən qədim dövrlərdən XVIII əsrin ortalarınadək olan siyasi tarixinə nəzər saldıqda isə burada heç vaxt erməni dövlətinin mövcud olmamasının şahidi oluruq.
Qarabağ xanlığının müxtəsər siyasi tarixinə gəldikdə, tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin ərazisinin xeyli hissəsi əfqan təcavüzünə məruz qalıb, bu dövlətin digər böyük bir hissəsi isə Osmanlı imperiyası və Rusiyanın işğalı altında olub. Həmin dövrdə məşhur Azərbaycan sərkərdəsi Nadir xan Əfşar İranda mərkəzi hakimiyyəti ələ keçirmiş, əfqanları və osmanlıları geri oturtmuşdu. İran və Azərbaycanın bir çox əraziləri kimi Qarabağ bəylərbəyiliyi də yadellilərdən azad edilmişdi.
1736-cı il martda o, Kür və Araz çaylarının qovuşduğu yerdə - Cavadda özünü şah elan etdi. Ziyadoğlular və bir sıra başqa azərbaycanlı tayfa başçıları şah nəslindən olmayan Nadirin şah elan edilməsinə etiraz etdilər. Buna görə də şahlıq taxtına oturan Nadir şah Ziyadoğluların gücünü zəiflətmək məqsədilə Qazax və Borçalı elatlarını onların tabeliyindən çıxarıb Kartli çarının tabeliyinə keçirdi. Daha sonra isə o, Şirvan, Qarabağ, Təbriz, Çuxursəd bəylərbəyiliklərini mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan vilayətinə daxil etdi və bu vilayətin idarəsini, yerli Azərbaycan feodal hakimləri üzərində nəzarəti artırmaq məqsədi ilə qardaşı İbrahim xana verdi.
Nadir şah Qarabağda yaşayan və ona müxalif mövqedə dayanan Cavanşir, Otuziki və Kəbirli tayfa birliklərini cəzalandıraraq Xorasanın Sərəxsan mahalına köçürdü. Qarabağın dağlıq hissəsində yaşayan alban məliklərinə əmr etdi ki, Qarabağ (Gəncə) bəylərbəyinə deyil, onun özünə, yaxud Azərbaycana hakimi təyin etdiyi qardaşı İbrahim xana tabe olsunlar: "Otuziki tayfa birliyi Qarabağın qədim və güclü tayfalarından olub otuz iki oymaqda yerləşdiyinə görə belə adlanırdı. Həmin tayfa birləşməsinin tərkibində cavanşirlərin nümayəndələri də vardı.
Cavanşirlərin yaşadıqları oymaqlardan biri də Dizaq mahalında yerləşən Sarıcalı oymağı idi. Rəvayətə görə, bu oymağın adı onun əsasını qoyan Sarıca Əlinin adı ilə bağlıdır. Onun varisi İbrahimxəlil ağa öz sərvətini artırmağa və mülklərini xeyli genişləndirməyə nail olmuşdu. İbrahimxəlil ağanın böyük oğlu Fəzləli bəy (Əhməd bəy Cavanşir onun adını Behbudəli kimi göstərir. Nadir şahın sarayında eşikağası vəzifəsinə təyin olunmuş, lakin nə səbəbdənsə şahın qəzəbinə düçar olaraq qətlə yetirilmişdi. 1747-ci il iyunun 19-dan 20-yə keçən gecə Nadir şah öldürüldü. İranda mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdü, imperiya ucqarlarının müstəqilləşməsi üçün şərait yarandı. Bu dövrdə Azərbaycanda 20-yə yaxın müstəqil və yarım müstəqil xanlıqlar təşəkkül tapdı. Belə bir tarixi şəraitdə Pənahəli bəy Qarabağ xanlığının əsasını qoydu.
Pənahəli bəy 200-ə qədər süvari ilə birgə Qarabağa gəlib özünü xan elan etdi. O, bu hərəkətini belə bir rəvayətlə əsaslandırdı ki, Hülakülər sülaləsindən olan Arqun xanın nəslindəndir. Araz çayının sahilində yerləşən Bəhmənli kəndi yaxınlığında Alaqarğa oymağında yaşayan və əcdadı olan Məhəməd xan adlı birisi ceyran dərisindən hazırlanmış perqament üzərində yazılmış qəbaləyə əsasən, Kürəkçay, Kür, Araz, Əlincəçay və Göyçə gölü arasındakı 200 verstə qədər uzunluğu və bu qədər də eni olan bütün Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil surətdə istifadə edərək hələ öz sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü. Pənahəli xan vaxtilə Xorasana köçürülmüş Cavanşir və başqa elat tayfalarının Vətənə qayıtdıqlarını eşidib öz ətrafındakılarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İran sərhədinə kimi getdi. Köçkünlər əvvəlki yurdlarına dönüb məskunlaşdılar.
Əgər Azərbaycan xanlıqlarının hər biri hansısa bir şəhərin ətrafında təşəkkül tapmışdısa, Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Buna görə də xanın ilk işi etibarlı bir qala inşa etdirmək oldu. 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu. Mirzə Camal Qarabaği bunu belə şərh edir: «Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı halda (Pənah xan) ətraf xanların onun üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və yaxın adamlarının qorunması üçün münasib bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar tikildi, xəndək qazıldı, bazar, hamam və məscid inşa edildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhli-əyalı oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanm tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər».
O dövrün hərbi istehkam inşası tələblərinə uyğun olaraq qala dərin xəndək və bişmiş kərpicdən tikilmiş divarlarla əhatə olunmuşdu. Bayat qalasının inşası Qarabağ məliklərini və Qarabağı özünə tabe etmək niyyətində olan şəkili Hacı Çələbi xanı narahat edirdi: "1736-cı il Muğan qurultayından sonra Nadir şahın Qarabağ bəylərbəyiliyinə qarşı gördüyü cəza tədbirlərindən biri də Qarabağın beş məlikliyinə (Xəmsə) daxili idarəetmədə sərbəstlik verərək onların Qarabağ bəylərbəyinin tabeçiliyindən çıxarıb Azərbaycan vilayəti hakiminə tabe etdirməsi idi. Bəzi tarixi qaynaqlara görə, məliklərin çoxu Qarabağın dağlıq hissəsinə gəlmə idilər. Dizaq məliki Yegan Loridən qaçıb gəlmiş, Nadir şahın hakimiyyəti dövründə məlik rütbəsi almışdı. Vərəndə məliklərinin əsli Göyçədən idi, oradan qaçaraq gəlmişdilər; Çiləbörd məliklərinin əsli Mağavizdən idi. Nadir şah Əfşarla Osmanlı sərkərdəsi Abdulla Köprülüzadə arasında olan döyüşdə şaha mühüm xidmət göstərdiyinə görə şah Çiləbörd nəliki Allahquluya bəy rütbəsi vermişdi. Talış (Gülüstan) məliklərinin əsli isə Şirvandan gəlmə idi. Bir müddət Talış kəndində məskun olmuş məlik Usub Gülüstan kəndini zəbt edib ora köçmüşdü". Məliklər siyasi müstəqillik xülyasına düşmüşdülər və buna görə də Pənahəli xanın güclənib öz hakimiyyətini bütün Qarabağ ərazisinə yaymasına müqavimət göstərirdilər. Onlar güclü hərbi qüvvəyə malik Hacı Çələbini Pənahəli xana qarşı çıxmağa təhrik edə bildilər. Hacı Çələbi bir neçə başqa feodal hakimlə birgə Qarabağ xanlığına basqın etdi. Pənahəli xan əvvəlcədən bütün elatı Bayat qalasma toplamışdı. O, hər iki-üç gündən bir atlı dəstə ilə qaladan çıxaraq düşmənə qəfıl həmlələr edirdi. Əhməd bəy Cavanşir hətta Bayat qalasında baş vermiş bir qanlı döyüşdə Pənahəli xanın Hacı Çələbi xanı «tamamilə əzdi»yini yazır.
Mirzə Camal Qarabaği isə yazır: «Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq çəkdi. Hər gün qoşunlarının qırılmasını, at və ulaqlarının qarət olunmasını görən xanlar peşman və pərişan halda köçüb getdilər və hər kəs öz vilayətinə qayıtdı. Zəmanəsinin kamil şəxsiyyətlərındən olan Şəki vilayətinin hakimi Hacı Çələbi qayıdan zaman bu sözləri dedi: «Pənahəli xan bir xan idi. Biz gəldik onunla dava elədik və bir iş də görə bilmədik. İndi biz onu şah edib qayıdırıq».

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -