Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rahid Əmirquliyev: “Qorxu yoxdu, ancaq çətin olacaq“

01.02.18, 12:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qarabağ”ın və yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Millimiz yeni baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında ilk matçında Moldova ilə qolsuz heç-heçə etdi. Komandanın çıxışı və öz oyununuzdan razı qaldızmı?
- Düzdü, Qurban müəllimin yığmada birinci oyunu idi. Moldova ilə qarşılaşma həm də bu ildəki ilk matçımız idi. İstəyirdik ki, baxımlı futbol göstərib, yaxşı nəticə əldə edək. Ancaq mənə elə gəlir ki, zəif çıxış etdik. Birinci hissədə bizdə, demək olar ki, heç nə alınmadı. Baş məşqçinin istədiklərini yerinə yetirə bilmirdik. İkinci hissəyə isə yaxşı başladıq, qol epizodlarımız da oldu. Düzdü, bizimlə müqayisədə Moldovanın qol imkanları daha real idi. Bu da bizim səhvlərimizdən sonra baş verdi. Səhvlərin üzərində çox dayanmaq istəmirəm. Çünki bu, yoxlama matçı idi. Amma ilk hissədə göstərdiyimiz oyunu bəyənmədim.
- Matçı, xüsusən də, ilk hissəni zəif keçirməyinizin səbəbi nə idi?
- Bütün futbolçular artıq neçə gündü ki, klublarının heyətində təlim-məşq toplanışındadı. Ola bilər, kimisi yorğundu, kimisi hələ tam formada deyil. Ümumilikdə komanda şəklində yaxşı oynamaq olardı.
- Qurban Qurbanov oyundan sonra futbolçulara nə dedi?
- Çox vaxt olmadı. Qısaca olaraq bildirdi ki, səhvləriniz də oldu, yaxşı imkanlarınız da. Dedi ki, bu oyunu sonra ətraflı şəkildə təhlil edəcəyik.
- Rəşad Sadıqovun yığma karyerasını bitirməsindən sonra kapitan sarğısını siz daşıyırsız. Düşünmürsüz ki, “Qarabağ”da oyun praktikası baxımından əziyyət çəkməyiniz milli karyeranıza mənfi təsir göstərə bilər?
- Kapitan məsələsi çox müzakirə olunur. Moldova ilə görüşdə şəxsən öz oyunumdan razı qalmadım. Üzərimdə çalışıram. Məşqlərdə var gücümlə iştirak edirəm ki, özümü formada saxlayım. Düzdü, az oynayanda istər-istəməz formada olmursan. Lakin yenə də əlimdən gələni edirəm ki, həm “Qarabağ”, həm də milliyə xeyir verim. Qarşıdakı toplanışlarda yığmada olub-olmayacağımı isə deyə bilmərəm. Bu, baş məşqçinin qərarından asılıdı.
- Millimiz Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə eyni qrupda yarışacaq. Futbol ictimaiyyəti və azarkeşlər sizdən qrup birinciliyini gözləyir. Bu, üzərinizdə təzyiq yaradırmı?
- Biz də birinci yeri tutmaq istəyirik. Xalqımız da yığmadan yaxşı nəticə gözləyir. Amma indi zəif komanda qalmayıb. Hər kəs futbol oynamağı bacarır. Ən azından müdafiə olunmağı bilirlər. Buna nümunə kimi son matçı göstərərdim. Moldovanı da zəif sayırdılar. Lakin bu görüş bizim üçün heç də asan olmadı. Millətlər Liqasının qrupunda millimizi çətin mübarizə, ağır oyunlar gözləyir. Buna baxmayaraq, həmin görüşlərə kimi tam hazır olacağıq. Çalışacağıq ki, layiqli çıxış edərək, qrup birincisi olaq və bizə bəslənən ümidləri doğruldaq.
- “Qarabağ”ın çempionatın ikinci yarısına hazırlıq prosesini necə dəyərləndirirsiz? Komanda Antalya toplanışı çərçivəsində keçirdiyi 5 yoxlama oyununda 3 heç-heçə edib, 2 dəfə uduzub...
- Toplanış başlayanda fiziki yükləmələr oldu. Buna görə də, oyunlara yüklənmiş halda çıxırdıq. Özünüz də bilirsiz ki, yoxlama matçlarında nəticə önəmli deyil, əsas hazırlıqdı. “Qarabağ” yay toplanışında da sparrinq rəqiblərlə görüşlərdə yaxşı nəticələrə imza atmamışdı. Buna baxmayaraq, komanda Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacardı. Hazırlıq prosesimiz yenə öz qaydasında gedir. Artıq toplanışın sonuncu günləridi.
- Ölkə kubokunda mübarizəni dayandıran “Qarabağ”ın əsas hədəfinin çempion titulunu qorumaq olduğu məlumdu. İkinci pillədə qərarlaşan “Qəbələ”ni 6 xal qabaqlayırsız. Futbolçularda qorxu, narahatlıq varmı ki, birdən çempionluq şansını da əldən buraxarsız?
- Qorxu yoxdu. Ancaq bizə çətin olacağını bilirik. Təkcə “Qəbələ” yox, digər rəqiblər də mübarizə aparacaqlar. Düzdü, başqa klublarımızın yoxlama oyunlarındakı nəticələr də yaxşı deyil. Amma görürük ki, bütün komandalar irəliləyişdədi. “Keşlə” “artırıb”, “Neftçi” yeni transferlər edib, “Qəbələ” güclənib. Bizi çətin oyunlar gözləyir. Buna baxmayaraq, çempionatın ikinci yarısına pozitiv hazırlaşırıq. İstəyirik ki, bu il də çempion olaq və uğurlu seriyanı davam etdirək.

Bu xəbər oxundu
- - -