Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-Rusiya çəkişməsi Cənubi Qafqaza təsir edəcək

05.02.18, 9:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-la Rusiya arasında olan gərginlik özünün ağırlığını deyəsən Cənubi Qafqaz regionuna da gətirəcək. Belə düşünmək üçün kifayət qədər səbəb var – nə də olmasa Moskva ilə Vaşinqtonun maraqları təkcə, Ukrayna, Suriyada toqquşmur, bu orbitə Cənubi Qafqaz regionu da daxildir.
ABŞ Maliyyə Nazirliyi bu yaxınlarda Rusiya hökumətinin bütün üzvlərinin, Kremlə yaxın oliqarx və biznesmenlərin adını “qara siyahı”ya salan “Kreml hesabatı” adlı sənədi Konqresə təqdim etdi. Bununla paralel olaraq, Amerika Rusiyanın hərbi sənayesinə qarşı sanksiyaları işə saldı.
Rusiya üçün vəziyyətin dramatikləşməsi Amerikanın önündə yeni imkanlar açır, şübhəsiz ki, bu imkanların bir qismi də Cənubi Qafqaz regionuna yönəlib.
ABŞ dövlət katibi Reks Tillerson Texasa səfəri zamanı Rusiyanın hərbi sənayesinə qarşı tətbiq edilən sanksiyalar fonunda belə deyib: “Rusiya demokartik dəyərləri bölüşməyən ölkələrə silah satmağa davam edir. Qərb bundan müdafiə olunmalıdır”.
ABŞ xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Vaşinqton birtərəfli gəlirlərlə qısamüddətli sazişlərin imzalanmasına cəhd etmir, təhlükəsiz və firəvan dünya ümumi dəyərlərə malik olan partnyorlar axtarır.
“Amerikanın yanaşması qarşılıqlı sərfəli hədəflərə əsaslanır”- o bildirib.
Tillersonun açıqlaması belə deməyə əsas verə bilər ki, Amerika Rusiyanın silah bazarındakı hegemonluğunu aradan qaldırmaq istəyir. Rusiyanın hərbi şirkətlərinə qarşı işə salınan sanksiyaların ardından Amerika diplomatiyasının “ağır artilleriyası”nın bəyanatının gizli qatlarında Azərbaycan və Ermənistanla bağlı məqamlar da yer alır.
Çünki Tillerson Vaşinqtonun və Moskvanın yanaşmalarının fərqini aydın izah edib, faktiki olaraq münaqişələrə cəlb edilən ölkələrə alternativ təklif edib.
Rusiyanın əsas müttəfiqi Ermənistandır, bu ölkədə Ruisyanın hərbi bazası var, üstəgəl silah idxalında Yerevan əvəzsiz partnyorundan asılı vəziyyətdədir.
Azərbaycan isə Rusiyadan silah alsa da, alternativ bazarlara da çıxışı var – Türkiyə, İsrail, Pakistan, Çexiya, Ukrayna, Belarus və sair kimi. Azərbaycanın Rusiyadan silah alması yalnız hərbi-texniki əməkdaşlıq çərçivəsində reallaşır, burada Bakı Moskvadan asılı duruma düşmür.
Üstəgəl, nəzərə almaq lazımdır ki, ABŞ-da 1992-ci ildən Azərbaycana silah satışını qadağan edən “907-ci düzəliş” qüvvədədir. Deməli, ABŞ hökuməti Azərbaycanı özünün silah bazarına cəlb etmək istəyirsə, bu sənədi ləğv etməlidir.
Əks təqdirdə, Azərbaycanın silah almaq Rusiya və başqa ölkələrlə üçün hərbi əməkdaşlıq etməsinə normal baxılmalıdır.
Ermənistan üçünsə vəziyyət dramatikdir, çünki güzəştli kreditlə Rusiyadan aldığı silahlar onun özünə qarşı yönəlir, onun müstəqil dövlət kimi varlığını təhdid edir.
Ermənistan iqtisadi-siyasi, hərbi sferada uğurlar qazana bilmədiyinə görə silahlanmada da Azərbaycana da çox uduzur, bu rəqabətə dözə bilmir.
Bu mənada Ermənistan mətbuatı Reks Tillersonun bəyanatını rəsmi Yerevan üçün acı nəticələrə hesablanan proqnoz kimi xarakterizə edib.
Ermənistanın analitik 1in.am analitik portalı yazıb ki, Bakı Moskvaya aldığı silahın əvəzində milyardlarla dollar verir, Ermənistan isə özünün müstəqilliyini satır.
Amma Tillerson ümumilikdə münaqişələrə cəlb olunan ölkələrə alternativ təklif etdiyinə görə, burada Azərbaycana da pay düşür desək, yəqin ki, yanılmarıq.
Şübhəsizdir ki, Amerikanın siyasi elitasında Azərbaycanın Rusiyadan silah alması qısqanclıqla qarşılanır və Vaşinqtonun bu mənada Bakı üçün alternativ düşünməsi anlaşılandır. Lakin, Azərbaycan özünün xarici siyasətində qərarqəbuletmə prosesində müstəqildir və hansı ölkədən silah alıb-almayacağını da özü müəyyənləşdirir.
Ermənistan isə siyasi iradəyə malik deyil, bu mənada Tillersonun dediklərinin Cənubi Qafqazla bağlı hissəsi daha çox Ermənistan hakimiyyətinə mesajdır. Belə bir məqamda isə Ermənistan okeanın o tayından gələn açıqlamalardan aşkar narahatlıq keçirir, Vaşinqtonun mövqeyi onu açıq şəkildə məngənəyə sıxır.
Bir yandan bütün sahələrdə asılı olduğu Rusiya amili, digər tərəfdən isə dünyanın iqtisadi-siyasi proseslərinə potensial müdaxilə imkanlarını özündə saxlayan Amerika...

Bu xəbər oxundu
- - -