Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AHİK İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb

05.02.18, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət başçısının qurultay iştirakçılarına təbrik məktubu oxunub


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib.
AHİK sədri Səttar Möhbalıyev qurultayda həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət təmsilçilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalların iştirak etdiyini bildirib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Təbrik məktubunda dövlət başçısı bildirib ki, həmkarlar İttifaqları müstəqillik illərində böyük inkişaf yolu keçib: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır. Hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb".
Azərbaycan prezidenti qeyd edib ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan yaradıb: "Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çoxlu iş yeri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyliyin yüksəldilməsi baxımından həmkarlar ittifaqlarının rolunu artırır. Həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır. İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında deyib ki, ölkənin yeni inkişaf mərhələsində qeyri-formal məşğulluğun azaldılması, təhlükəsiz iş yeri və sağlam əməyin təmin olunması, 2030-cu il üzrə dayanıqlı inkişaf üzrə öhdəliklərin icra edilməsində həmkarlar ittifaqlarının töhfəsi vacibdir: "Sosial tərəfdaşımız olan AHİK-ə gələcək fəaliyyətində uğurlar arzulayıram".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovçıxışında bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyub. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkədə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter alıb, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlayıb: “2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılacaq. Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib".
Prezidentin köməkçisi deyib ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. “İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq prezidentin həyata keçirdiyi sosial yönümlü siyasətə layiqli dəstək verməli, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Əminəm ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla, öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcək”, - deyə Ə. Həsənov vurğulayıb.
Ölkədə sosial sahənin inkişafının Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu nəzərə çatdıran Ə. Həsənovun sözlərinə görə, M. Əliyeva daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub.
AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarları ittifaqlarına müraciəti səsləndirilib.

Bu xəbər oxundu
- - -