Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MSK-dan seçki qərarı

06.02.18, 13:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib.
MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.
Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planını qəbul edib.
Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsi müəyyən edilib.
Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilər.
Prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi fevralın 27-dən martın 12-dək davam edəcək
Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i saat 18.00-dək davam edəcək.
Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması ərizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya müraciət edəcəklər.
Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.
Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-ə qədər davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Bu proses də martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq.

Bu xəbər oxundu
- - -