Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında flora və faunadan qisas alır“

07.02.18, 7:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"261 min hektar meşə fondu ərazisi Ermənistanın işğalı altındadır. İşğal altındakı meşələrin taleyi bizi çox narahat edir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında flora və faunadan qisas alır".
Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatı ilə birgə meşə təsərrüfatının qorunmasına həsr edilmiş tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F. Əliyev Azərbaycanda meşələrin ümumi sahəsini də açıqlayıb. Onun sözlərinə görə, ölkədə meşələrin ümumi sahəsi 1 milyon 21 min hektardır: "Bu isə ölkə ərazisinin 12%-ni təşkil edir".
F. Əliyev bildirib ki, son 16 ildə 158, 7 min hektar ərazidə meşə bərpa tədbirləri həyata keçirilib, 52, 1 min hektar ərazidə yeni meşəliklər salınıb, 106 milyon ədəd ağac əkilib: "Arid, münbit olmayan torpaqlar təmizlənərək yararlı vəziyyətə gətirilib. 4 min hektardan çox ərazidə 5 milyondan çox ağac əkilib".
Nazir müavini onu da əlavə edib ki, bu günə kimi ölkədə 4 min hektardan çox ərazidə 1 milyonadək meyvə ağacı əkilib.
Qeyd edək ki, ətraf mühitə və davamlı inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prossesinə dağıdıcı zərbə endirməməli, təbiət təcavüzə məruz qalmamalıdır. Azərbaycanın işğal altında olan ərazilərində isə vəziyyət başqadır. Burada təbiətə qarşı törədilən amansızlıqlar təbii fəlakətlər deyil, erməni vandallarının əməlidir.
İşğal olunmuş torpaqlar mütəmadi yandırılır, uzunömürlü ağaclar qırılaraq Ermənistana daşınır, dünya əhəmiyyətli təbii və yeraltı sərvətlərə ziyan vurulur. Zəngilanın, Cəbrayılın yaşı yüzillərlə ölçülən nəhəng çinar ağacları doğranaraq mebel üçün xammal kimi xarici ölkələrə satılır. Bununla da təbiətin fauna və florası məhv edilir.
Vəziyyət bu şəkildə davam etdikcə də işğal olunmuş torpaqlarımızda biomüxtəlifliklər sürətlə tükənir. Ümumdünya Mədəni və Təbii İrsin mühaifzəsi haqqında Konvesiyaya üzv olan Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə olmazın vəhşiliklər törədir, bəşəri əhəmiyyət daşıyan nadir təbiət və mədəniyyət incilərini dağıdır. Qarabağda həmişə xüsusi qorunma statusuna malik heyvan növləri olub.
İşğal olunmuş ərazilərdə təbii su mənbələrimiz Ermənistan tərəfindən vəhşicəsinə çirkləndirilir. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ağır formada çirkləndirilməsi canlı aləmin yaşayışı üçün böyük təhlükə yaradıb. Erməni işğalçıları təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının ərazilərini düşünülmüş şəkildə od vurub yandırıblar. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə, canlı təbiətə ciddi ziyan vurub. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yandırılıb məhv edilib. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat məbləğində ziyan dəyib.
Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, məcburi köçkünlərə vurulmuş mənəvi ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara görə yüz milyardlarla manatlıq ziyan dəyib. Erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş vəhşilikləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilib.
Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan total müharibə ekoloji metodlar vasitəsilə də davam etdirilir.
Onu da bildirək ki, erməni terrorçuların həyata keçirdiyi ekoloji terrorda işğal altında olan ərazilərdən keçən çayların suyu istifadəyə yaramır. Azərbaycanın işğal olunmuş və ermənilərin hərbi hissələri yerləşdirilmiş Gülüstan və Talış kəndlərindən keçən, mənbəyini Murov dağından götürən İnciçayda 19 noyabr 2010-cu il tarixdə kəskin çirklənmə müşahidə edilib.
Ekoloq Zümrüd Qaçayqızının sözlərinə görə, ermənilərin Dağlıq Qarabağda, eləcə də ətraf rayonlarda törətdiyi vəhşilklərin sırasında onların təbiətimizə qarşı etdikləri çoxsaylı qəsdlər də var. O hesab edir ki, heç bir beynəlxalq qurum bu haqda obyektiv fikir bildirməyib və bu qurumun da obyektiv rəy bildirəcəyi inandırıcı deyil: “Hələ bir neçə il əvvəldən xəbərlər yayılırdı ki, ermənilərin təşkilatçılığı ilə beynəlxalq arxeoloqlar qrupu işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparır, eləcə də Kəlbəcərin qızıl yataqları ermənilər tərəfindən talanır, təbii mineral sular erməni adı ilə xarici ölkələrə daşınır. Bundan başqa, ermənilərin Dağlıq Qarabağda, Laçında, Kəlbəcərdə, Qubadlıda Azərbaycan təbiətinə zərər vuran əməllər həyata keçirməsi haqda məlumatlar da bizi çox narahat edir. Dağlıq Qarabağın vəhşi təbiətinin salamat qaldığına inamım yoxdur. Çünki ermənilər oradan bizim izlərimizi silməklə məşğuldurlar. Söz yox ki, Azərbaycan dövləti ermənilərin torpaqlarımızda törətdikləri vəhşilkləri bütün dünyaya yayır, alimlərimiz beynəlxalq tədbirlərdə bu haqda dünya alimlərinə məlumat verirlər. Ancaq fakt budur ki, ermənilər öz işindədir”.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı isə bildirib ki, beynəlxalq miqyasda təbiətlə, təbiətdə olan canlıların qorunması ilə bağlı layihələr var və bu istiqamətdə proseslər gedir. Azərbaycanın da bu istiqamətdə layihələrə qoşulduğunu deyən A.Nağı qeyd edib ki, tayqa pələnginin qorunması layihəsinə Azərbaycan da qoşulub: “Bu proseslərə qoşulmaq təbiidir. Ancaq Dağlıq Qarabağ işğal altında olan ərazidir. Dağlıq Qarabağla bağlı kim hansı addım atırsa, hansısa bir qurum orada fəaliyyət göstərirsə, kimlərsə təbiəti qorumaq adı altında işlər görürsə, bu, təbiəti qorumaq deyil, Azərbaycana qarşı aqressiv bir mövqedir. Bu, ölkəmizə qarşı düşmənçilkdən başqa bir şey deyil. Çünki Dağlıq Qarabağdakı separatçı rejimi Ermənistan müxtəlif yollarla tanıtmağa çalışır. Hətta bilirsiniz ki, Ermənistanın xarici işlər naziri demişdi ki, ötən ilin sonuna qədər ən azı bir dövlət Dağlıq Qarabağı tanıyacaq. Bunlar artıq arxayınlaşıblar ki, proses bitib və Dağlıq Qarabağın tanıdılmasına nail olmaq lazımdır və s. Mən vaxtaşırı olaraq ekoloqlarla, bioloqlarla, mütəxəssislərlə görüşürəm. Bizim mütəxəssislər Dağlıq Qarabağda flora və faunamızın, təbiətimizin hansı vəziyyətdə olmasını öyrənməyə cəhd göstərirlər. Əsas narahatlıq ondan ibarətdir ki, Ermənistandakı Atom Elektrik Stansiyasının (Metsamor) tullantılarının işğal edilmiş ərazilərimizdə basdırılması ilə bağlı məlumatlar var. Bu sahə ilə məşğul olan mütəxəssislərimizlə söhbət edirəm. Deyirlər ki, bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik, lakin nəticə yoxdur. Bizim mütəxəssislər beynəlxalq qurumlara müraciət edirlər ki, bir beynəlxalq missiya yaradılsın və səsləndirilən məsələlər gedib yerində yoxlanılsın. Bizi narahat edən məsələlərdən biri flora və faunamızın hansı vəziyyətdə olmasıdır. Bilmək istəyirik ki, ermənilər orada hansı fəlakətləri törədiblər. Dünya buna maraq göstərmir. Tutalım, haradasa bir balina ağır vəziyyətə düşürsə, bütün dünya onun xilası naminə ayağa qalxır. Ancaq Azərbaycan tərəfin narahatlığına reaksiya vermir. Biz deyirik ki, orada tullantılar basdırılıb və 100 illər bu fəlakətin acı nəticələrini görəcəyik. Ancaq beynəlxaql təşkilatar buna reaksiya vermək istəmirlər. Əslində, Azərbaycanın imkanı yoxdur ki, orada baş verənləri gedib yoxlasın. Bunu beynəlxalq təşkilatlar etməlidirlər, onlar da etmirlər. Bu da o anlama gəlir ki, onlar ermənilərin maraqlarına xidmət edirlər”.
Müdafiə Nazirliyinin Hərbi ekologiya şöbəsinin rəisi Adil Məmmədov isə qeyd edib ki, hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın ekoloji terror hesab edilir. A.Məmmədov qeyd edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və torpaq qatları qazılaraq məhv edilir:
"Bunun nəticəsində, həmin ərazidə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə edilmiş məlumata əsasən həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilimişdir. Çəkilən yol müharibəyə xidmət etməklə yanaşı, Azərbaycan təbiətinin məhvinə səbəb olmuşdur".
A.Məmmədov əlavə edib ki, ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan dəyib.
Ekspert Tərlan Həsənov isə qeyd edib ki, Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub. Onun sözlərinə görə, zaman keçdikcə maddi ziyanları qaldırmaq mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur. O qeyd edib ki, biz erməni tapdağı altında olan torpaqlaqlarımızı mütləq azad etməliyik və ermənilər də bilməlidirlər ki, o torpaqlar onlarda müvəqqətidir: "İşğal nəticəsində çoxçeşidli təbii sərvətlərimiz, o cümlədən zəngin mineral xammal bazamız, ərazilərimizdəki zəngin və qiymətli fauna və floramız varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz hallarının cəzasız qalması və aparıcı dünya dövlətlərinin ikili standartlı yanaşmaları, hazırda beynəlxalq aləmin geniş miqyasda əziyyət çəkdiyi terrorizmin artmasına rəvac verib".
Cavid

Bu xəbər oxundu
- - -