Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanının əsas xüsusiyyəti onun qəhrəmanlıq və məhəbbət xətti üzərində qurulmasıdır

07.02.18, 7:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Məhəbbət dastanlarının quruluşunda aşiq və məşuqun bir-birinə buta verilməsi böyük rol oynayır. Butanın çox böyük ictimai-mənəvi əhəmiyyəti və funksional çəkisi var. Adətən, məhəbbət dastanlarında aşiq buta almamışdan əvvəl cılız, süst, zəif halda təsvir olunur. Buta alandan sonra onun bu halı dəyişir, qeyri-adi keyfiyyət və bacarıqla səciyyələnirlər. Daha doğrusu, buta fərqləndirici xarakteri ilə mətndə funksional mahiyyəti işarələyir. Aşıqlar Şah İsmayılın Çaldıran döyüşü ilə əlaqədar dastan da yaratdılar. Məzmunundan göründüyü kimi, dastan tarixi həqiqətləri əks etdirib. H.Araslının ilk dəfə dövlət arxivindən əldə etdiyi və şərti olaraq “Şah İsmayıl” adlandırdığı bu dastanda Şah İsmayılın arvadı Taclı xanımın Çaldıran döyüşündə əsir düşməsi, sərkərdə Əbdi bəyin döyüşdə ölümü, bütün bu kədərli hadisələrin şahı dərindən kədərləndirməsi təsvir olunub. Buna baxmayaraq aşıqlar dastanın məzmununa nikbin bir ruh aşılayıblar.
Şah İsmayılın dünyaya gəlməsində dərviş iştirak etsə də, onun məhəbbəti buta vasitəsilə verilməyib. Demək, bu dastanda buta sosial məna daşımır. Məhəbbət dastanlarının quruluşunda buta əsas amil olsa da, keçid dövründə yaranan dastanlarda buta bədii priyom kimi istifadə olunmayıb. Bu cəhətdən dastanın mətn strukturu xüsusi bədii forma kimi özünəməxsus rəngarəngliklərə malikdir. Hər şeydən əvvəl onu deyək ki, dastan tarixi qaynaqlara söykənir. Burada təsvir olunan məhəbbət Şah İsmayılla Taclı xanımın arasında yaranan məhəbbətin bədii təzahürüdür. Bu səbəbdən də başqa dastanlarda gördüyümüz buta məsələsi burada öz yerini tapa bilməyib. Şah İsmayılın da tarixi şəxsiyyət olması onun buta ilə bağlanmasına mane olub. Görünür ki, Şah İsmayıl tarixi qəhrəman olduğuna görə onun qəhrəmanlığından bəhs edən dastanda bütün komponentləri ilə nə vaxtsa qəhrəmanlığa yüklənib. Bunu süjetin məzmun xüsusiyyətləri də təsdiq edir. Ona görə də təhkiyədə bəzi fərqlər özünü göstərməkdədir. Qəhrəmanlıq dastanı kimi “Şah İsmayıl” dastanı ozan repertuarından aşıq repertuarına keçəndə mətnin struktur fərqləri əmələ gəlməli idi. Bu özlüyündə təbii axarlı bir prosesdir və daha çox yaradıcılıq ənənələri ilə bağlıdır. Bu xüsusiyyətləri A.Nəbiyev X.Koroğlu ilə yazdığı “Azərbaycan qəhrəmanlıq eposu” və başqa əsərlərində açıb. Deməli, genezis baxımından həmin məhəbbət dastanı eyni adlı qəhrəmanlıq dastanına söykənir. Bundan əvvəlki fəsildə də gördük ki, “Şah İsmayıl” dastanının tipoloji səciyyə daşıyan nağıl variantları var. M.Cəfərli də yazır ki, məhəbbət dastanlarının strukturu qəhrəmanlıq dastanlarından gəlir. O, qəhrəmanlıq dastanlarının arxa planda məhəbbət dastanları olması qənaətindədir. Onun bu fikirləri bizim “Şah İsmayıl” dastanı haqqında dediklərimizi doğruldur. Bu deyilənlərdən çıxış edərək “Şah İsmayıl” dastanının yaranma və təşəkkül tapma yollarını belə xarakterizə etmək olar:
1. Əvvəlcə “Şah İsmayıl” dastanının kökündə nağıl strukturu dayanıb;
2. Nağıl strukturu əsasında mətnin eposlaşma prosesi gedib;
3. Eposdan, yəni qəhrəmanlıq dastanından məhəbbət dastanı formalaşıb.
Bu prosesi M.Cəfərli eposun “əcdadı” olan mifoloji hekayətlərdən arxaik eposun boy atması kimi səciyyələndirir. Bu deyilənləri nəzərə alaraq nağıl variantındakı Şah İsmayılın düşmən padşahla müharibə edən qardaşlara kömək etməsi motivini “Şah İsmayıl” dastanına keçməsini arxaik eposun mifoloji hekayətlərdən boy atması kimi görə bilərik.
“Şah İsmayıl” dastanının əsas struktur xüsusiyyəti onun qəhrəmanlıq və məhəbbət xətti üzərində qurulmasıdır. Məhəbbət elementlərindən asılı olmayaraq dastanda qəhrəmanlıq bir motiv olaraq daha aparıcı səciyyəsi ilə diqqəti cəlb edir. Şah İsmayılın qəhrəmanlığını göstərən onun yeddi qardaşın bütpərəst padşahına qarşı vuruşlarına kömək etməsidir, bir də Ərəb Zəngi ilə qarşılaşmasında və atasına qarşı vuruşmasında görə bilirik. Məhəbbət dastanlarında qəhrəmanlıq motivlərinin səciyyəsi haqqında V.M.Jirmunski də məlumat verir. O, özbək məhəbbət dastanlarında qəhrəmanlıq başlanğıclarının qoşa struktur vahidi kimi çıxış etməsini göstərir. Belə bir struktur həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarında poetik səciyyə daşıyır. Həmin poetik səciyyə eyni zamanda dastanın struktur poetikasını təşkil edir.
Qəhrəmanlıq dastanlarının kökündə eyni zamanda sehrli, magik, əsatiri görüşlər də iştirak edə bilir. Bu, dastanın formalaşma xüsusiyyətidir. Çünki hər bir epos formalaşarkən onun strukturuna həmin elementlər mifoloji çağın tələbləri kimi daxil olur. Bu, həm də qəhrəmanın gücünü fantastik şəkildə izah etməyə xidmət edir. Dastanlarda sehrli qüvvələr divlər, pərilər, sehrli qılınc, xalça, üzük və s. ola bilər. Şah İsmayılla bağlı nağıl-eposlarda bu xüsusiyyəti görürük. Eposdan məhəbbət dastanına keçiddə bu sehrli, magik qüvvələrə ehtiyac qalmır. Qəhrəman ancaq öz fizioloji gücünə arxayın olur. “Şah İsmayıl” dastanının da əsas quruluş xüsusiyyətlərindən biri onun sehrli-magik qüvvələrdən kənarda yaranması, məhəbbət yolunda qəhrəmanlıq göstərməsidir. Deyək ki, belə “müasirləşmə” ən çox Azərbaycan məhəbbət dastanlarına xasdır. Belə bir struktur fərqinin ozan repertuarından aşıq repertuarına keçid dövründə yarandığını görmək mümkündür. Ozan mifoloji zamanla, eləcə də bir qədər sonrakı çağlarla bağlı olan xalq sənətkarıdırsa, aşıq yeni yaradıcılıq dövrünün sənətkarıdır. Aşıq üçün eposdakı mifologemlər həqiqi mahiyyət daşımadığından onun strukturundan silinir. Məhz bu səbəbdən də “Şah İsmayıl” dastanının variantlarında sehrli qüvvələrə rast gəlinmir.
“Şah İsmayıl” dastanının qəhrəmanlıq-poetik xüsusiyyəti kimi burada Ərəb Zəngi obrazından istifadə olunmasını göstərmək olar. M.H.Təhmasib də bu qəhrəman qızın çoxlu “tərcümeyi-halları”nın olduğunu yazır və bu tərcümeyi-halları müxtəlif aşıq məktəblərinə daxil olan görkəmli aşıqlar öz ustadlarından öyrənərək yayıblar. M.H.Təhmasib isə Ziya Göyalpın “zəngi” sözünü “zəni-gav” kimi qəbul etdiyini, qədim totemist görüşlərlə bağlı olmağını əsas gətirərək, bu adın dastan haqda olan ehtimal və mülahizələrə uyğun gəldiyini qeyd edir. Eyni zamanda “zəngi” sözünün tayfa, qəbilə, kənd, çay adı kimi işləndiyini, bu adın qaravulbaşı, qalabəyi, sərhəd keşikçisi mənalarını da ehtimalla göstərir. Belə bir məzmun Rəmdar Pərinin Şah İsmayıldan ayrılarkən dediyi sözlərdə də təsdiq edilir. “Şahzadə, indi ki, gedirsən, get! Yaxşı yol! Muradına çatasan! Amma Türkmana iki yol gedir. O yolun biri ilə üç aya, o birisi ilə on günə getmək olar. Üç aylıq yol səlamət, on günlük yol məlamətdi. Çünki o yolu Ərəb Zəngiadlı bir pəhləvan kəsib. Gələnin, gedənin malını, dövlətini qoyub, özünü də öldürür. Leşindən hasar, başından minarə tikdirir". Bu sitatdan onun sonradan dəyişdirilmiş funksiyasının quldurluqla bağlı olduğunu görürük. Dastandan görünür ki, onun qalaçası var. Güman etmək olar ki, bu qalaça sərhəddə yerləşir. Şah İsmayıl Gülzarın ardınca getmək üçün bu sərhəddən keçməlidir. Dastanın quruluşunda Şah İsmayılın istifadə etdiyi yollar paralel yollar deyil, bu yollar bir-biri ilə kəsişmir. Yolların belə seçilməsi əsas dastan yolunun müvəffəqiyyətlə nəticələnməsi üçündür. Şah İsmayılın birinci yolu 7 qardaşın yaşadığı yerə qədər olan məsafəni göstərir. Bu yol uğurla başa çatandan sonra qardaşların bacısı Rəmdar Pəri ilə evlənmə aktı baş verir. İkinci yolun məsafəsi Rəmdar Pərinin vətənindən başlayıb Ərəb Zənginin qalaçasına qədər olan yoldur. Üçüncü yol Ərəb Zənginin qalaçasından Türkmana qədər olan məsafəni əhatə edir. Dastanın bu yol quruluşunda özünəməxsus poetik xüsusiyyətlər var. Hər bir yolun başlanğıcında və sonunda qəhrəmanların daxili aləmi açılır, onlar arasında yaranan məhəbbət bədii çalarlarla yadda qalır.
Məhəbbət dastanlarında yar arxasınca gedilən yollar bir olsada, onların semantik yozumu fərqlidir. Buta ilə bağlı olan yollar birbaşa yoldur. Məsələn, Abbas məhəbbəti yolunda düz Təbrizə gedir. Ancaq “Şah İsmayıl” kimi dastanlarda məhəbbət yolları hissələrə ayrılır və mürəkkəblik xüsusiyyətinə malik olur. “Şah İsmayıl” dastanında da bu mürəkkəblik gedilən yolun geriyə dönüşü və qəhrəmanın keçirdiyi müxtəlif əzablarla yadda qalır. Bu yollar həm də süjet quruluşunun hissələri kimi funksiyalaşır. “Elmi fikrə görə kosmoloji ənənədə canlı insanın gedilən yolu geriyə dönməyi də nəzərdə tutulur. Bu fikirlə məhəbbət dastanları qəhrəmanının yoluna baxdıqda görü¬rük ki, onunda yolu canlı bir insan yolu kimi iki tərəflidir”. Bu yolun gedilməsi sınaq əhəmiyyətlidir, qəhrəmanın bərkə-boşa salınması məqsədini güdür. Dastanlarda sınaqlar üç mərhələdən ibarət olur: birinci sınaq, ikinci sınaq, üçüncü sınaq. Gedilən yolun məzmununa uyğun olaraq, “Şah İsmayıl” dastanında qəhrəmanın birinci sınaqdan keçməsi ilk səfərində baş verir. Onun ikinci dəfə sınaqdan keçiril¬məsi isə ikinci yolun başlanğıcında baş verir, üçüncü sınaq isə üçüncü yolun başa çatması ilə birbaşa bağlıdır.
Əslində dastandakı bütün obrazların sakral dünya ilə əlaqəsi var. Elə Şah İsmayıl özü də bu adla çağırılana qədər mifoloji səciyyə daşıyıb onun mövzu ilə bağlı nağıl süjetlərindəki başına gələn hadisələr – şahzadə qızın arxasınca divlərin məkanına getməsi, divlərlə vuruşması onun sakral dünya ilə bağlı olmasını göstərir. Nağılda dovşan yuvasının sakral dünyaya keçid kimi təsvir olunması verilir. Təbii ki, dastan süjetində hadisələr o dünyadakı kimi yox, bu dünyanın hadisələri kimi təsvir olunur. Buna görə də qarı, Şah İsmayıl, Gülzar və b. obrazlar öz mifoloji epoxalarından ayrılıb dastan qəhrəmanları kimi təsvir olunublar. Görüşdə Şah İsmayılla Gülzarın deyişmə səhnəsi əslində başqa bir dastanda olan aşiq-məşuqun görüşü zamanı aralarındakı deyişmənin təkrarıdır. Sadəcə olaraq biz Şah İsmayılla Gülzarın deyişməsini yeni kimi qəbul edirik.

Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -