Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bunu edə bilmirsənsə, deməli, məşqçiliyi bacarmırsan”

07.02.18, 13:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elman Ələkbərovun apasport.az saytına müsahibəsi
- Futzal üzrə yığma komandamız Avropa çempionatının 1/4 final mərhələsində Portuqaliyaya 1:8 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Belə nəticə gözləyirdinizmi?
- Futzalda belə hesab olar. Rəqib 3-4 topu, demək olar ki, boş qapıya vurdu. Ancaq mən ümumilikdə bu turnirdə yığmamızın “artırdığını” görmədim. Futzal şahmat kimidi. Dünən məşqçilər korpusu çox zəif idi, böyük səhvlərə yol verdilər. Hesab 1:3-dü, bir dəqiqəlik fasilə götür, uşaqların özlərini toparlamalarına çalış, ikinci qapıçını meydana burax. Yəni nəsə yenilik etmək lazımdı. Vurduğumuz qol da rəqib qapıçının səhvi ucbatından oldu.
- Sözünüzdən belə çıxır ki, bu məğlubiyyət baş məşqçinin passivinə yazılmalıdı?
- Əlbəttə. Federasiya təlim-məşq toplanışı üçün hər cür şərait yaratmışdı. Deməli, bu komanda düz-əməlli məşq etməyib. Dünən yığmamızda qapıçı meydan oyunçusu ilə dəyişiləndən sonra da portuqaliyalılar tərpənmədilər, qaçmadılar. Bizimkilər boş-boşuna ötürmələr verirdilər, rəqibin oyunçuları da bir yerdə dayanıb gözləyirdilər. Belə oyun olmaz. Portuqaliyalılar bir-birilərini gözüyumulu başa düşürlər. Çünki dayanmadan məşq edirlər. Bizimkilər oteldə oturub səhərə qədər yatmırlar, instaqramda, feysbukda vaxt “öldürürlər”. Deməli, problem baş məşqçidədi ki, intizam yarada bilmir.
- Düşünmürsünüz ki, baş məşqçi Joze Alesio da Silva qapıçını meydan oyunçusu ilə əvəzləməyə tələsdi?
- Tamamilə razıyam. Görürsən 5 nəfərlə alınmır, 4 oyunçu ilə oyna, 1:3 hesabını saxla. Sona 3 dəqiqə qalmış qapıçını dəyişərsən. Zəif rəqibə qarşı belə edə bilərsən. Amma Portuqaliya ilə matçda buna yol vermək olmaz. Fransa ilə görüşdə sona 52 saniyə qalmış qapıçımız Rövşən Hüseynli başından zərbə aldı, şokda idi. 5:2 hesabı ilə öndəsən və qapıçın da ciddi xəsarət alıb. İmkan ver, Emin Kürdov dayansın qapıda. Əgər bunu da edə bilmirsənsə, deməli, məşqçiliyi bacarmırsan. Dünən 1:8 hesabından sonra Kürdovu qapıya buraxdı. Bunu hesab 1:3 olanda edərlər. Görürsən ki, Rövşən qaydasında deyil. Bəlkə xəstələnib, bəlkə pis yuxu görüb, bəlkə “mandraj”dadı. Özüm qapıçı olmuşam, həmin anlarda qolkiperin nələr keçirdiyini yaxşı bilirəm.
- Millimizin 1/4 finala qədər irəliləməsini istənilən halda uğurlu nəticə saymaq olarmı?
- Portuqaliya da, İspaniya da güclü komandalardı. Buna söz yox. Avropa çempionatının 1/4 final mərhələsinə qədər irəliləməyi də alqışlayıram. Amma biz ən azı 3-cü yeri istəyirik. Millimizin oyununda hər il geriləmə görürəm. Müsbətə doğru bir yenilik olmur. Artıq 5 ildi deyirəm ki, bu, bizim istədiyimiz məşqçi deyil. Bu adam bəxti gətirən məşqçilərdəndi.
- Belə başa düşürəm ki, braziliyalı futzalçılardan da razı qalmamısınız...
- Bizə belə braziliyalılar lazım deyil. Düzdü, oynayırlar, nəsə etməyə çalışırlar. Amma ortada bir şey yoxdu. Bizim İsa Atayev kimi oyunçumuz var. İspanlarla oyunda nəyə qadir olduğunu bir epizoddaca göstərdi. Həmin görüşdə təkcə o epizod yaddaşımda qaldı. 5 meydan oyunçusu ilə çıxış edirsən, heç olmasa, 1 qol vur. Heç qol vəziyyəti yarada bilmirdilər. Keçirilən 3 oyunda braziliyalılardan kim rəqibin bir oyunçusunu aldada bildi? Braziliyalıları ona görə seçirsən ki, onların fərdi ustalıqları yeksək səviyyədə olsun. Heç olmasa 5 dəfə cəhd etsin, birində aldatsın. Rəqibin üstünə getməkdən qorxurlar, arxada paslaşmaqla kifayətlənirlər. Futzalda ötürmələr verməklə yanaşı, yeri gələndə aldatmaq bacarığın da olmalıdı. Yığmamızdan bir dəfə də olsun kombinasiyalı hücum görmədim. Portuqaliya, İspaniya, Ukrayna, Sloveniya, bir sözlə, hamısı standart vəziyyətlərdən istifədə edə bilirdilər. Bizimkilərdə ötürmələrdən başqa heç nə yox idi.

Bu xəbər oxundu
- - -