Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupu təsis edilib

09.02.18, 8:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 



Azərbaycan Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi (PƏK) üzrə nümayəndə heyəti Avropa Parlamentində (AP) səfərdədir.
Səfər çərçivəsində Aİ-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev, üzvləri - millət vəkilləri Azər Kərimli, Sahibə Qafarova, Çingiz Qənizadə və Elman Nəsirovdan ibarət nümayəndə heyəti AP-nin bir sıra üzvləri ilə görüşlər keçiriblər.
AP üzvləri 2016-cı ilin sonunda Avropa parlamenti ilə Milli Məclisarasında münasibətlərin bərpa olunmasından sonra əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətdən məmnun olduqlarını bildiriblər. Onlar münasibətlərin daha da yaxınlaşdırılması üçün qarşılıqlı rəsmi və işgüzar səfərlərin əhəmiyyətini vurğulayıblar.
Milli Məclis nümayəndə heyətinin üzvləri həmkarlarını regionda və xüsusilə Azərbaycanda mövcud durumla bağlı məlumatlandırıb, bu il Azərbaycanda Respublika quruculuğunun və Şərqdə - müsəlman dünyasında ilk Parlament Respublikasının yaradılmasının 100 illiyi ilə bağlı ölkə prezidentinin imzaladığı sərəncam haqqında danışıb və bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıblar, onları qarşıdan gələn prezident seçkilərində və həm də ilboyu keçiriləcək digər tədbirlərdə iştirak üçün Azərbaycana dəvət ediblər.
Strasburqda Cavanşir Feyziyev və AP-nin Latviyadan olan üzvü Andrey Mamikinsin birgə dəvəti ilə Avropa Parlamentində “Azərbaycanın Dostları” qrupunun təsis olunması ilə bağlı rəsmi ziyafət təşkil edilib. Ziyafətə Milli Məclisin nümayəndə heyətinin üzvləri, Azərbaycanın Aİ-dakı səfiri Fuad İsgəndərov, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov, Avropa Parlamentinin 40-a yaxın üzvü qatılıb.
Cavanşir Feyziyev 2017-ci ildə Milli Məclislə AP arasında münasibətlərdə ciddi irəliləyişlərin əldə edildiyini, əməkdaşlığın daha da genişləndiyini və Azərbaycan parlamentinin bu tendensiyanı 2018-ci ildə də davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb. Cavanşir Feyziyev qeyd edib ki, Azərbaycanın Avropaya, Avropanın isə Azərbaycana ehtiyacı var: “Avropa ilə Azərbaycanın daha da yaxınlaşması üçün təşkilatlanmış halda fəaliyyət göstərmək daha faydalı ola bilər. Fərqli siyasi qrupları və siyasi baxışları təmsil etmələrinə baxmayaraq, Avropa-Azərbaycan dostluğu naminə bir masa ətrafına əyləşən dostlarımızı daha mütəşəkkil fəaliyyət göstərməyə çağırıram”.
Andrey Mamikins AP-də “Azərbaycanın Dostları Klubu”nun təsis olunmasını təklif edib, belə bir klubun Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük töhfə verəcəyinə ümid etdiyini bildirib: “Bu ölkə güclü dəstəyə layiqdir. Azərbaycana dost münasibətlərimiz bir-birindən fərqli düşünən həmkarlarımızı bir araya gətirib. Azərbaycan Avropanın vacib bir hissəsidir. Avropanı Azərbaycansız, Azərbaycanı isə Avropasız təsəvvür etmək mümkün deyil”.
Tədbirdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, AP-nin çexiyalı üzvü Yan Zahradil, AP-nin Xarici əlaqələr komitəsinin üzvü, AP-nin sloveniyalı üzvü İvo Vayql, AP-nin vitse-prezidenti, AP-nin finlandiyalı üzvü Heydi Hautala, AP-nin İtaliyadan olan keçmiş üzvü, Xarici əlaqələr komitəsinin keçmiş sədr müavini Fiorello Provera və Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov da çıxışlar ediblər.
Milli Məclisinin Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyətinin Avropa Parlamentinə səfəri başa çatıb.

Bu xəbər oxundu
- - -