Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münaqişəsinin əsasını işğal təşkil edir”

09.02.18, 10:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və fiziki baxımdan Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycanın və regionun sülh və təhlükəsizliyi üçün ən ciddi təhdiddir".
Bu sözləri xarici işlər naziri Elmar Fransaya səfəri çərçivəsində Fransa parlamentinin “Le Journal Du Parlement” jurnalına müsahibəsində deyib.
O bildirib ki, İkinci Dünya müharibəsində Almaniya və Fransa arasında olduğu kimi, işğal olunmuş ərazilərdə qoşunların təmas xətti boyunca səngərlər qazılıb və əsgərlər üzbəüz dayanıblar: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsasını hərbi təcavüz və işğal faktı təşkil edir. 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan və terror əməlləri ilə müşayiət olunan aqressiv separatizm SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü formasını aldı. Hərbi güc tətbiq edərək Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edərək bir milyondan artıq Azərbaycanlıya qarşı etnik təmizləmə törətdi. Aqressiv separatizmin vaxtında qarşısının alınmaması, ikili münasibətlərin göstərilməsi nəticə etibarilə bu gün yaşadığımız faciəyə yol açdı. Ona görə də bu gün Avropada da baş qaldıran separatizm meyllərinə qarşı ciddi tədbirlər görülməli və onların qarşısı alınmalıdır. Separatizmin bütün forma və təzahürlərinə qarşı qəti və birmənalı mövqe olmalıdır".
Nazir əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə verdiyi qəti və birmənalı mövqeyidir: "Qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu bir daha təsdiq olunur, işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd şərtsiz çıxarılması tələb olunur. Bu qətnamələr Fransanın da daxil olduğu ATƏT Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. Münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalı və hərbi risk amili aradan qaldırılmalıdır”.
Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağa münaqişəsinin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib.
O deyib ki, münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər: “İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır. Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir. Nəhayət Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir”.
Nazir təəssüflə bildirib ki, Minsk qrupu tərəfindən aparılan prosesin nəticəsi yoxdur: “Minsk Qrupunun həmsədrlərinin mandatına dair sənəddə təsbit olunub ki, onlar BMT TŞ-nın müvafiq qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutmalıdırlar. Minsk Qrupu tərəfindən BMT TŞ-nın 822 saylı qətnaməsinə əsasən 853 saylı BMT TŞ-nın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair təxirəsalınmaz addımlar barədə fəaliyyət planı hazırlanıb və təsdiq olunub. Amma indiyə qədər onun icrası təmin olunmayıb.
Nəzərə almaq lazımdır ki, Minsk Qrupunun həmsədr ölkələri BMTTŞ-nın daimi üzvləridir və BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına məsuldurlar.
Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyirik, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var. Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub. Odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.
Hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcək. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır”.

Bu xəbər oxundu
- - -