Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şuşa qalasının təməlini Pənahəli xan qoyub

09.02.18, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mirzə Camal yazır ki, Pənahəli xan həmin yerlə tanış olub qalanın bünövrəsinə daş qoydu
1-ci yazı
Ötən yazılarda Qarabağ xanlığının yaranmasından, Pənahəli xanın Qarabağ məlikliklərini birləşdirməsi ilə bağlı fəaliyyətindən danışılmışdı. Mövzunu davam etdiririk. Mirzə Camal Qarabaği yazır ki, Pənahəli xan yaxın adamlarını toplayıb məşvərət keçirdi. O, İranda yüksəlməkdə olan Məhəmmədhəsən xan Qacarın və ətrafdakı xanların Qarabağa basqın edəcəyi halda Şahbulaq qalasının davam gətirəcəyini şübhə altına aldı, güclü düşmənə müqavimət göstərə biləcək «dağların qoynunda möhkəm və keçilməz, sarsılmaz qala» tikməyi təklif etdi. Xanın fıkrincə, qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla əlaqə bir an belə kəsilməməli idi.
Mirzə Camal daha sonra yazır ki, bu qərarı məlik Şahnəzərə söylədikdə o, indiki Şuşa qalasının yerini göstərdi. Bu yer Şuşa kəndinin altı verstliyində yerləşirdi, kənd əhalisinin əkin yeri və otlağı idi. Xanın bir neçə bilici və məlumatlı əyanı gedib tikiləcək qalanın yerini və ətrafını yoxladı. Qalanın salınacağı yerdə iki-üç bulaqdan savayı içməli su mənbəyi olmadığından güman gələn yerlərdə su quyuları qazmağın mümkünlüyünü nüəyyənləşdirdilər. Bundan sonra Pənahəli xan həmin yerlə tanış olub qalanın bünövrəsinə daş qoydu.
Seçilmiş ərazi dəniz səviyyəsindən 1400 m hündürlükdə yerləşən, meşəliklərlə örtülmüş, bir tərəfi uçurum, digər tərəfi isə keçilməz qayalarla əhatə olunmuş təbii bir istehkam idi. Şəhərin tikilməsinə Şuşa düzünün aşağı hissəsindən başlanmışdı. Şuşa şəhərinin XIX əsrin I qərinəsində çəkilmiş planı da bunu təsdiqləyir. Plandan görünür ki, Şuşa qalasının bürcləri düzün şərqindəki təpələrdə, yaxud qayalıqların kənarında yerləşib. Bu qəsrlər təbii landşaftla harmonik uzlaşırdı. Qalanın üç darvazası vardı. Onlar Günəş çıxanda açılır, yatanda isə bağlanırdılar. Şuşa qalası təqribən 3-4 kvadrat verstı əhatə edirdi. Mirzə Camalın yazdığına görə, Şuşa qalasının inşası təxminən 1756-ci ildə başa çatmış, həmin il Şahbulaq qalasının sakinləri, bir neçə kəndlərin kəndxudaları ailələrini köçürüb bu qalanın ərazisində yerləşmişdi.
Şuşa qalasının salınması haqqında bəzi fikir müxtəliflikləri mövcuddur. «Qarabağnamələr»in 1989-cu ildəki son nəşrinin tərtibçisi N.Axundov hesab edir ki, salnamələrdə göstərilən 1170-ci il hicri (miladi 1756-57 illər) tarixi səhvdir, çünki bu tarix Pənahəli xanın vəfatmdan 2-3 il əvvələ aiddir və bu da Pənahəli xanın həyatında olan faktlarla ziddiyyət təşkil edir. Üstəlik, Məhəmmədhəsən xan artıq 1751-ci ildə Qarabağa yürüş edərək Şuşanı mühasirə etmişdi. Deməli, həmin vaxt artıq Şuşa qalası tikilmişdi. Tədqiqatçının fikrincə, Şuşa qalasının əsası ən geci 1751-ci ilin birinci iki ayı, yaxud 1750-ci ilin ikinci yarısında qoyulmuşdu. M.Mustafayev də Şuşa qalasmın inşasının 1750-ci ildə başlanıldığını və 1752-ci ildə başa çatdırıldığını yazır. Şuşa şəhərinin tarixini ayrıca tədqiq etmiş G.İsmayılova bu səhvi təkrar edərək Şuşa şəhərinin əsasının 1750-1751-ci ildə qoyulduğunu iddia edir və şəhərin adının «şüşə» sözündən götürüldüyünü yazır.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, tədqiqatçılar yanlışlığa yol veriblər, çünki Məhəmmədhəsən xanın Qarabağa yürüşü 1757-ci ildə baş verib. Digər tərəfdən, Şahbulaq qalasının 1165-ci hicri ilində (20 noyabr 1751-ci il - 7 noyabr 1752-ci il) inşa edildiyini nəzərə alsaq, Şuşa qalasının əsasının hətta Şahbulaq qalasından da əvvəl və ya onunla bir zamanda qoyulduğu görünür. Bu, tamamilə məntiqsizdir, çünki salnaməçilər Şahbulaq qalasının əvvəl, Şuşa qalasının isə sonra tikildiyini yazır. Əlbəttə, Şuşa qalasının məhz 1756-cı ildə əsasının qoyulduğunu söyləmək düzgün deyil, bu qalanın əsasının qoyulması yox, orada sakinlərin məskunlaşması ilidir. Artıq qeyd olunduğu kimi, bu zaman Şahbulaq qalasının əhalisi Şuşaya köçürülmüşdü. Şuşa kimi əzəmətli qalanı bir neçə aya, hətta bir ilə inşa etmək mümkün deyildi. Deməli, qalanın inşası 1753-1754-cü illər ərzində həyata keçirilib.
Mirzə Camalın öz «Qarabağnamə»sində Şuşa qalasının inşasının hicri tarixlə 1170-ci ildə (miladi 1756-1757), xristian təqvimi ilə isə 1754-cü il göstərməsi sadəcə texniki səhv deyil. Müəllif xristian tarixi ilə qalanın özülünün qoyulması ilini, hicri tarixi ilə isə məskunlaşdırılması ilini göstərib. C.Mustafayev də Şuşa qalasının 1750/51-ci illərdə deyil, daha sonrakı illərdə salınması mülahizəsini irəli sürüb, bu mülahizəni sübut etmək üçün xeyli tutarlı arqumentlər gətirib.
Z.Hacıyevanın araşdırmasında daha sonra vurğulanır ki, qalanın tikilişindən bir müddət sonra - 1757-ci ildə İran şahı taxtına ən güclü namizəd olan Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etdi. O, Araz çayını keçib Şuşa qalasının 4 ağaclığında düşərgə saldı. Ancaq Məhəmmədhəsən xan bir ay burada qalsa da qalaya yaxınlaşa bilmədi. Pənahəli xan ellərdən və kəndlərdən Qarabağ xanlığı döyüş qabiliyyətli kişiləri qalaya toplayaraq müdafiəyə hazırlaşmışdı. Üstəlik, xanın Qarabağ sakinlərindən ibarət xırda hərbi dəstələri düşmənə qəfil basqınlar edir, onun atlarını və əmlakını ələ keçirirdilər. Beləliklə, Məhəmmədhəsən xan təxminən bir ay Şuşa ətrafında qalsa da, heç bir uğur qazana bilmədi. Gilan və Mazandaranda üsyanların baş verdiyini eşidən Məhəmmədhəsən xan geri döndü.
Bir müddət sonra urmiyalı Fətəli xan Əfşar bütün Cənubi Azərbaycanı ələ keçirdi: "O, Pənahəli xanın yanına elçi göndərərək itaət göstərməsini tələb etdi. Kobud şəkildə rədd cavabı alan Fətəli xan 1759-cu ildə böyük qoşun toplayaraq Qarabağa hərəkət etdi və Şuşa qalasının bir ağaclığında düşərgə saldı. Pənahəli xana qarşı gizli düşməniçliyi davam etdirən Çiləbörd və Talış məlikləri Fətəli xanm yanına getdilər. Pənahəli xanın müdafiəyə yaxşı hazırlaşdığını və Şuşa qalasının möhkəmliyini görən Fətəli xan şəhərin altı kilometrliyində - Ballıca və Xocalı çayları arasında qoşunların uzun müddət qala bilməsi üçün istehkam inşa etdirdi".
«Qarabağnamə» müəllifləri Qarabağda həmin dövrdə baş verən hadisələrin gedişini təsvir edərək iddia edirdilər ki, Fətəli xan döyüşlərin birində iki min döyüşçü itirmişdi. Sonra qış fəslinin yaxınlaşdığını görüb «...sülh və barışıq təklif etmişdi. Mahir elçilər göndərib, and-aman içərək belə vədə verdi: «Əgər Pənahəli xan əsirləri geri qaytarsa, mənlə ittifaq və dostluq etsə, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm. Beləliklə də biz əbədi qohum və dost olacağıq. Bir şərtlə ki, İbrahimxəlil ağanı mənim yanıma göndərsin. O isə orduda şirni içilib, kəbin kəsildikdən və iki-üç gün burada (qonaq) qaldıqdan sonra geri qayıtsın».
Salnaməçilərin qeydlərinə əsasən, Pənahəli xanı xatircəm etmək üçün Fətəli xan hətta öz övlad və qohumlarından üç nəfəri girov kimi Şuşaya, Fətəli xana inanan Pənahəli xan isə oğlunu onun yanma göndərmişdi. Ancaq Fətəli xanın məğlub olduğu halda Qarabağ xanı qarşısında İbrahimxəlil ağanı onun qərargahına göndərməsi tələbini qoyması (qızının nişanlısı kimi olsa belə) məntiqə uyğun deyil. Zənnimizcə, tədqiqatçı H.Ə.Dəlilinin mülahizəsi daha çox həqiqətə uyğundur. Onun fikrincə, Şuşa əhalisi qəhrəmancasına müqavimət göstərsə də, Fətəli xanın qoşunları tədricən qalaya yaxınlaşır, qalaya gedən yollar bağlandığı üçün orada azuqə və hərbi sursat azalırdı, şəhər süqut etmək təhlükəsi qarşısında idi. Pənahəli xan isə vəziyyətdən çıxış yolunu zahiri itaət göstərməkdə görüb, öz oğlu İbrahimxəlil ağanı girov kimi Fətəli xan Əfşarın düşərgəsinə göndərmişdi.
Hadisələrin gedişindən məlum olur ki, Qarabağ xanının urmiyalı Fətəli xandan asılılığı çox davam etmədi: "Fətəli xan Qarabağda olduğu müddətdə taxt-taca digər iddiaçı - Kərim xan Zənd qüvvələrini toplayıb İsfahan və Şiraz şəhərlərini tutdu. 1760-cı ilin payızında işə o, Azərbaycana hücum etdi və Təbrizi mühasirəyə aldı. Kərim xanm Cənubi Azərbaycana hücumu urmiyalı Fətəli xanı öz qüvvələrini Azərbaycanın cənubuna yönəltməyə vadar etdi. 1761-ci ilin yayında Kərim xan Azərbaycana hücum etdiyi zaman Fətəli xan onu Ucan düzündə, Qaraçəmən kəndi yaxınlığında qarşıladı. Baş verən döyüşdə üstünlük əvvəlcə Fətəli xanın tərəfində olsa da, müttəfiqi xoylu Şahbaz xanm xəyanət edərək düşmən tərəfə keçməsi onu çətin vəziyyətə saldı. Nəticədə Fətəli xan Urmiya qalasma çəkilməli oldu.
Fətəli xana qarşı mübarizədə Kərim xan urmiyalı hakimlə ədavətdə olan bir sıra Azərbaycan xanlarının qüvvəsindən istifadə etdi. O, Pənahəli xana müraciət etdi: «Fətəli xan bizim nəinki düşmənimiz, hətta qanlımızdır. Sizə qarşı olduqca yaramaz işlər görmüş, andını, peymanını pozub. Sənin oğlunu məkr və hiylə ilə aparıb məhbus edib. İndi var qüvvənlə bizə kömək etməli və bu işdə heç nədən müzayiqə etməməlisən. Çünki intiqam alsaq və oğlunu xilas etsək, siz sevindiyiniz kimi, biz də arzumuza çatmış olacağıq». Kərim xanm çağırışını qəbul edən Pənahəli xan kiçik oğlu Mehrəli bəyi Qarabağa müvəqqəti hakim qoyaraq, bir sıra başqa Azərbaycan xanları kimi Kərim xanın düşərgəsinə gəldi. Xanların qüvvələrini birləşdirən Kərim xan Urmiya qalasını mühasirəyə aldı. Qalanın xarici aləmlə əlaqəsini tamamilə kəsmək üçün ətrafa hasar hörüldü. 9 aylıq mühasirədən sonra Urmiya qalası təslim oldu. Kərim xan təslim olan Fətəli xanı özü ilə aparıb, İsfəhan yaxınlığında öldürdü. Eyni zamanda, o, köməyinə gəlmiş Azərbaycan xanlarını - Pənahəli xanı, qaradağlı Kazım xanı, xoylu Şahbaz xanı, naxçıvanlı Hacı xan Kəngərlini, şərablı Əli xan Şəqqaqini və bir sıra başqalarını qələbəni qeyd etmək üçün Şirazda keçiriləcək şənliklərə dəvət etdi. Əslində bu dəvəti qəbul etdirməklə Kərim xan sözügedən şəxsləri Şirazda girov kimi saxlaya bildi və onların özündən asılılığını təmin etmiş oldu.
Şirazda girov vəziyyətində olan Pənahəli xan tezliklə vəfat etdi. Onun ölümünün səbəbləri və təfərrüatları haqqında səhih tarixi faktlar yoxdur. Mənbələrdə bununla bağlı çox bəsit izahlara rast gəlinir. Tarixi rəvayətə görə, Pənahəli xan Şirazdan çıxmaq məqsədi ilə ətrafındakı şəxslərlə birgə xüsusi plan hazırlayıb. O, bihuşdan içərək huşunu itirir, yaxınları isə Kərim xan Zəndə Pənahəli xanın vəfat etdiyini çatdırırlar. Onlar xanın Qarabağ torpağında dəfn edilməsi üçün Şiraz hakimindən icazə istəyirlər. Hiyləni anlayan Kərim xan deyir: «Pənahəli xan mənim xeyirxah dostumdur. Buna görə də gərək onun cənazəsini tam hörmətlə Qarabağa göndərəm». Kərim xanın göstərişi ilə Pənahəli xanın qarnını yarırlar və onu ədviyyat ilə doldurub nəşini vətəninə göndərirlər".
Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -