Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ-da Türkiyəni daha yaxşı anlayan qrupun siyasi proseslərə təsiri yetərli deyil”

12.02.18, 10:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Metyu Brayza: “Vəziyyətin nə qədər qarışıq olduğunu heç kim başa düşmür”

Türkiyənin apardığı Afrin əməliyyatı davam edir. Türkiyə Silahlı Qüvvələri (SQ) “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə kimi 1369 terrorçunu məhv edib. Bu barədə Türkiyə SQ-nin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, əməliyyatın 24-cü günündə daha 2 kənd terrorçulardan təmizlənib: “Türkiyə ordusuna məxsus qırıcılar tərəfindən 19 hədəf məhv edilib. Türkiyənin Hatay bölgəsinin qarşısında yerləşən terrorçulara məxsus səngərlər top atəşi ilə vurulub”.
Türkiyənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar Quru Qonuşlar və Hava Qüvvələri komandirləri ilə birlikdə Hatay bölgəsində “Zeytun Budağı” əməliyyatı ilə əlaqəli apardığı tədqiqatlar zamanı deyib ki, Terorrçuların kökü kəsilənə qədər mübarizənin davam etdirəcəyik: “Şəhidlərimizin və qazilərəmizin bir damla qanı yerdə qalmayacaq”.
Ordu generalı qeyd edib ki, əməliyyatın məqsədi bölgəni terrordan təmizləyərək əsl sahiblərinə təhvil verməkdir. H. Akar 2-ci ordu komandiri general-leytenant Mətin Təməl və bölgədəki digər hərbi hissələrin komandirlərindən əməliyyatla əlaqəli məlumat alıb və “Zeytun Budağı” əməliyyatının gedişi barədə önəmli açıqlamalar verib.
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ isə deyib ki, Ankara Vaşinqtonla Suriya ilə bağlı danışıqlar aparmaq istəmir. B.Bozdağ qeyd edib ki, ABŞ "Zeytun budağı" hərbi əməliyyatı ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə nümayəndə heyəti göndərmək əvəzinə, terrorçulara dəstəyi dərhal dayandırmalıdır.

Amerika əsgəri terrorçu qılığında

Təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar bildirib ki, Suriyanın Afrin bölgəsinə keçən son qrup tanıdığımız PKK terror qrupu deyil. Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK terrorçuları normalda gizlətmir.
"Afrinə sonuncu dəfə keçənlərin demək olar ki, hamısı üzlərini bağlamışdı. Paltarları və bədən quruluşları baxımından onlar klassik terrorçular deyil. Afrinə yüksək fiziki məşqlər edən, təlim görən və bir yerlərdə təcrübə keçmiş qrup keçdi. Son keçən qrup tamamilə peşəkar əsgərlərdən ibarətdir. İstifadə etdikləri silahlar da tamamilə Amerika silahlarıdır", - o bildirib.
Qeyd edək ki, ötən həftə Qəndil PYD-nin Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib.
ABŞ-ın müdafiə naziri Ceyms Mettis də PYD terrorçularının Afrinə keçdiyini etiraf edib. O, "Suriya Demokratik Gücləri"nin (PYD) tərkibindəki bəzi kürdlərinin "İŞİD-lə mübarizədən diqqətinin dağıldığını" və bəzi qrupların Afrinə keçdiyini bildirib. ABŞ Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, "Suriya Demokratik Gücləri"ndən ayrılaraq Afrinə gedən qruplara dəstəyini kəsəcəklər.
Türkiyə və ABŞ əsgərləri arasında qarşıdurma riskinə toxunan Pentaqonun sözçüsü Erik Pahon ötən həftə bildirib ki, bunun baş verməməsi üçün davamlı şəkildə Türkiyə ilə təmasdadırlar. Lakin Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez üz-üzə gələcəyini bildirirlər. Təhlükəsizlik üzrə mütəxəssis Mete Yararın Afrində Amerika əsgərlərinin keçdiyini söyləməsi də bu qorxunc proqnozların reallaşma ehtimalını artırır.

Türkiyə Vaşinqtonu məhkəməyə verəcək

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül söyləyib ki, müttəfiq kimi gördüyümüz ABŞ, əlbəttə ki, terror təşkilatlarının deyil, bizim maraqlarımızı dəstəkləməlidir. ABŞ-ın davamlı olaraq YPG-nin tərəfini saxlaması haqda danışan nazir lazım gəldiyi təqdirdə Türkiyənin rəsmi Vaşinqtonu məhkəməyə verəcəyini deyib: “Əgər bir müttəfiqimiz terror qruplaşmalarının tərəfini tutursa, bu, həmin dövlət üçün çox acınacaqlı durumdur. YPG-nin terror təşkilatı olduğunu ABŞ-ın bəzi qurumları da qəbul edib. Amma Vaşinqtonun onlarla işbirliyi qurması aşkardır. Bu işbirliyini həyata keçirənlərə qarşı məhkəmə iddiası qaldırmaq mümkündür. Türkiyə bütün hüquqi yollardan istifadə edərək, öz haqqını qoruyacaq. Bundan qətiyyən çəkinməyəcəyik”.
ABŞ Müdafiə naziri Ceyms Mettis vurğulayıb ki, hazırda Afrində davam edən əməliyyatlar İŞİD-ə qarşı mübarizədə diqqətimizi dağıdır: “Suriya Demokratik Qüvvələrinin tərkibindəki kürdlər Afrin əməliyyatlarına görə narahatdırlar. Onlardan bəziləri Afrinə gedir.
Türkiyə də öz sərhədlərinin təhlükəsizliyindən narahatdır və biz bunu zərrə qədər də olsun inkar etmirik”.
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, bizim ABŞ-dan gözləntilərimiz bəllidir: “Artıq vəd yox, konkret addımların atılmasını istəyirik. ABŞ bizə verdiyi sözləri tutmadı. Sözünün üstündə durmayan bir ölkəyə necə güvənəcəyik? ABŞ-la əlaqələr ya düzələcək, ya da tamamilə qopacaq. Rəsmi Vaşinqton Menbiçdə lazımı addımları atmasa, biz atacağıq”.

Menbiçdə toquşma riski

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Habertürk”ə müsahibəsində söyləyib ki, Amerikalılar Türkiyənin Afrinə niyə girdiyini anlamırlar: “Türkiyə ilə ABŞ-ın münasibətləri həqiqətən pisdir. Vaşinqtonda görüşdüyüm bəzi yüksək vəzifəli şəxslər Türkiyəyə güvəndiklərini, amma bərabər çalışmaq imkanlarının olmadığını deyirlər. 90-cı illərdən bu yana Türkiyə-ABŞ əlaqələri ilə bağlı araşdırma aparıram və inanın mənə, əlaqələrimiz bu qədər pis olmayıb. Hazırda Menbiçdə toqquşma riskimiz mövcuddur. Makmasterlə Tillerson məhz buna görə Ankaraya səfər etmək qərarını veriblər. Vaşinqtondakı ən yüksəkdə olan rəhbər şəxslərin əlaqələri yaxşılaşdırmaq istədiyini bilirəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, Menbiçdə Türkiyə və ABŞ-ın qarşıdurma riski olsa da, bunun reallaşması azdır: “Bu olsa belə, qısa davam edəcək. Əgər toqquşma gerçəkləşsə, iki tərəf də təcili vəziyyətə düşəcək, nəticədə NATO işə qarışacaq. Belə olan halda Türkiyənin NATO-dan çıxacağını düşünmürəm. Türkiyədəki siyasətçilərin İran və Rusiya ilə yalnız qalmaqdansa, NATO üzvü olaraq qalmasına üstünlük verəcəyini düşünürəm.
Təxminən 20 il əvvəl də Türkiyə ilə ABŞ arasında qarşıdurma riski olacağı bəlli idi. 2003-cü ilin əvvəllinə gedək. Bilirsiniz ki, ABŞ o dövrdə İraqın işğal planının son mərhələsini hazırlayırdı. Türkiyə ilə torpaqlarından istifadə etmək üçün müzakirələr aparırdıq. O dövrdə də bu tip müzakirələr aparıldı və mən də bunların bir hissəsi idim. Türkiyə parlamentinin buna icazə verməməsi hər iki tərəfi çox qəzəbləndirmişdi. Bundan sonra İraqdakı türk əsgərlərinə qarşı çuval hadisəsi yaşandı. Türkiyə daha sonra İraqa hərbçilərinin yerləşdirilməsini düşündü. Məqsəd İraq kürdlərinin müstəqilliyinə əngəl olmaq idi. O dövrdə çox qəribə mübahisələrimiz olmuşdu. Məsələn, Türkiyə rəsmiləri “İraq parçalanmasın deyə əsgərlərimizi buraya göndərsək, nə olar?” deyəndə bəzi özündənrazı amerikalı siyasətçilər “sizi çıxararıq” deyirdilər. O zaman bu problemi həll etdik, çünki NATO müttəfiqi idik”.
Brayza hazırda Vaşinqtonda çox dar bir qrupun Türkiyəyə diqqətini yönəltdiyini bildirib:
“NATO-ya diqqətini yönəldənlər daha çox Orta və Şərqi Avropa ilə maraqlanırlar. Bu fərqlilik Amerikanın hərbi təşkilatlanmasına da maneə yaradır. Türkiyə ilə Avropa Qüvvələri Komandanlığı (EUCOM) maraqlanır. Lakin Yaxın Şərq Mərkəzi Qüvvələr Komandanlığına (CENTCOM) bağlıdır. Türkiyə ilə əlaqəli narahatlığa sahib olanların çoxu da məhz Mərkəzi Qüvvələr Komandanlığındadır. EUCOM-da olan və Türkiyəni daha yaxşı anlayan qrupun siyasi proseslərə təsiri yetərli deyil. Buna görə də YPG kimi məsələlərdə lazımsız siyasət həyata keçirilir. Amerikalılar Türkiyənin Afrinə niyə girdiyini anlamırlar. Onlar düşünürlər ki, Türkiyə ABŞ-ın müttəfiqləri ilə savaşır, deməli, onlar təhlükə yaradırlar. Vəziyyətin nə qədər qarışıq olduğunu heç kim başa düşmür. Buna görə də Türkiyənin ABŞ-dakı imici pisdir. Amma Vaşinqton Tillerson və Makmasterin sayəsində Ankaradakı görüşlərdən yaxşı xəbərlər almaq və yeni bir dönəmə başlamaq istəyir. Türkiyənin Afrindəki mövqeyi yaxşı anladılmalıdır.
Pentaqon Afrində yox, digər bölgələrdəki ünsürlərə yardım edir. Prinsipcə, ABŞ digər tərəfə baxa bilər və hədəf alınan özünün dəstəklədiyi YPG olsa belə, Türkiyəyə “bu əməliyyatı tez və uğurlu şəkildə icra edin” deyə bilər. Məncə, Suriyanın şimalında stabillik üçün görülməsi lazım olan da məhz budur. Üstəlik, Rusiyanın maraqlarını da nəzarət altına almaq üçün bu, yaxşı yoldur. Əgər Türkiyə Afrin əməliyyatını uğurla tamamlasa və bölgəyə sabitlik gətirsə, bu, Türkiyənin ABŞ-la müzakirələrində uğurlu imkan olar”.
Diplomat həmçinin Rusiyanın niyə Afrin əməliyyatına dəstək verdiyini də açıqlayıb:
“Rusiya Suriyadan çıxmaq istəyir. Buna görə də əməliyyata dəstək verir. Çünki burada bataqlığa düşüb. 2015-ci ildə əməliyyatın qısa müddətli olacağını dedilər, amma indiki vəziyyətlərinə baxın. Bu uzun, amma oyundəyişdirici müdaxilə oldu, həm də bir sıra hərbi cinayətlərlə yadda qaldır. Onlar da burada daha çox qalıb, Suriyanın parçalanmasını istəmirlər. Əgər Türkiyə şimalda stabillik yaratsa, bu, onlar üçün də yaxşıdır. Türkiyənin Menbiçə gedəcəyi təqdirdə isə ABŞ-la daha çox problem yaşayacağını bilirlər. Bəlkə də Afrin əməliyyatlarına dəstək verməklə onlar ABŞ-a yaxın YPG-ni cəzalandırmaq istəyirdilər, lakin əsas hədəfləri bu deyildi. NATO üzvü olan ölkənin Afrinə sadəcə YPG-yə incə mesaj vermək üçün girməsini istəməzsiniz. Rusiya da YPG-yə dəstək verdi və Soçiyə çağırmağa çalışdı. Ərdoğan isə buna qarşı çıxdı. Rusiya hər iki tərəfə də oyun oynayıb. Əsas cavab isə Rusiyanın Afrin əməliyyatlarını dayandırmaq gücü olmamasındadır. Rusiya Suriyanın hava məkanını Türkiyəyə bağlaya bilərdi, amma nəticəsi nə olacaqdı? Bu zaman daha böyük bir strateji məqsədi təhlükəyə atacaqdı. Bu strategiya isə Türkiyəni NATO-dan uzaqlaşdırıb, yanına çəkmək idi. Yəni Rusiyanın məqsədi NATO və Türkiyənin arasını pozmaqdır. Ruslar kürdləri veclərinə almırlar və onlardan istifadə edirlər.
Rusiya Afrin əməliyyatı ilə həm də “ABŞ güvəniləcək müttəfiq deyil” mesajını verir. Türkiyə YPG-ni vurur və ABŞ heç bir şey etmir. Vaşinqton özünü müdafiə imkanları çətin olan bir xarici siyasətin içindədir. Səbəb isə Türkiyə və YPG arasında dəqiq siyasətin olmamasıdır. Bir zamanlar ABŞ-ın vitse-prezidenti Bayden “YPG Fəratın şərqinə çəkilməlidir” dedi, ardınca isə prezidentin köməkçi Bred Makqark bunun əleyhinə çıxdı. Bütün bunlar Amerika siyasətində çox böyük qarşıdurmaya işarədir”.
Keçmiş səfir Vaşinqtonda Türkiyəyə dəstək verənlərin də olduğunu söyləyib: “ABŞ NATO-dakı ən böyük müttəfiqindən uzaqlaşır. ABŞ artıq seçmək məcburiyyətində qalacaq, amma bu, kəskin seçim olmayacaq. Orta yol tapılacaq”.

Əli

Bu xəbər oxundu
- - -