Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vilxa“ “Smerç“ə qarşı

13.02.18, 12:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (MTMŞ) Aleksandr Turçinov Ukraynanın 2018-ci ilin martında keçiriləcək dövlət sınaqlarından sonra "Vilxa" raketlərinin kütləvi istehsalına başlayacağını bildirib. Turçinov həmçinin 2018-ci ilin sonunda - 2019-cu ilin əvvəlində milli qanadlı raketin dövlət testlərinin keçiriləcəyinə ümid etdiyini bildirib. Bundan sonra raketlər Ukrayna ordusunun arsenalına qəbul ediləcək. Bu gün Ukraynada hansı raket layihələri həyata keçirildiyinə nəzər salaq:
İlk dəfə "Vilxa" raket kompleksi 2016-cı ilin yazında tanındı. Kompleks son iki il ərzində yüksək nəticələr göstərərək fəal şəkildə sınaqdan keçirilib. Yanvarın 17-də Ukrayna prezidenti Petro Poroşenko kompleksin istehsalına başlamaq əmri verdi.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, raket kompleksinin dövlət sınaqları mart ayında keçiriləcək.
"Sınaqlardan sonra kompleksin silahlanmaya qəbul edilməsi məqsədilə kütləvi istehsalına başlanacaq",- deyə MTMŞ katibi Turçinov dəqiqləşdirib.
Onun sözlərinə görə, Ukrayna istehsalı olan "Vilxa" kompleksi Rusiyanın sovet dövründə silahlanmaya qəbul etdiyi 300 millimetrlik "Smerç" YARS-larından daha üstündür.
Turçinov niyə "Vilxa"nı "Smerç" ilə müqayisə edir? Əslində, Sovet YARS-ı yeni Ukrayna raket sisteminin yaradılması üçün baza kimi xidmət edirdi. "Luç" Kiyev layihə bürosu bunun üçün yüksək dəqiqlikli raket hazırladı. "Defence Express" şirkətinin direktoru Sergey Zqures tərəfindən izah edildiyi kimi, "Smerç" sahə hədəflərinə zərbə endirə bilir, "Vilxa" isə 12 raketin hər biri ilə ayrı bir hədəfə endirə bilir.
"Rəsmi məlumatlara görə, sınaqlar zamanı Ukraynada istehsal edilən raketlər 15 metr hədəfdən yayınma ilə 120 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilib", - deyə müdafiə sənayesi üzrə ekspert Maksim Qluşenko bildirib.
"Uzun qol" - "Smerç"dən "Vilxa"nın daha bir üstünlüyü sovet YARS-ının yalnız 70-80 km məsafədə olan hədəfləri əhatə edə bilməsi qarşılığında Ukrayna istehsalı olan raketin 120 km uçuş məsafəsinə malik olmasındadır.
Bu günə qədər Ukrayna ordusunda ən uzun quruda yerləşdirilən raket sistemi, 40 il əvvəl Sovet ordusunun silahlanmaya qəbul etdiyi "Toçka-U" taktiki raket sistemi idi. İndi artıq onlar tam köhnəlib. Buna görə də, "Vilxa"nin qəbul edilməsi USQ-ya "raket qalxanı"nı ciddi şəkildə gücləndirməyə kömək edəcək.
Ancaq yolda "Vilxa"dan daha böyük məsafələrdə hədəfləri məhv edə biləcək yeni bir raket var.
Turçinov həmçinin bildirib ki, 2018-ci ilin sonunda yerli qanadlı raketdən dövlət sınaqları keçiriləcək, bundan sonra isə silahlanmaya qəbul olunacaq. Böyük ehtimalla "Neptun" qanadlı raketi nəzərdə tutulur.
"Neptun"un son sınaqları yanvarın 30-da baş tutdu. Hərbi ekspert Mixail Jiroxovun izah etdiyinə görə, bu raketin yaradılmasında sovet dövründə hazırlanan aşağı hündürlükdə və səsdən aşağı sürətlə uçan gəmilər əleyhinə X-35 raketləri baza rolunu oynadı. Bu raketin gövdəsinin istehsalı üçün fabrik Xarkov şəhərində idi. Sovet İttifaqının dağılması zamanı raket tamamlana bilmədi, buna görə Ukraynalı layihəçilər müstəqil olaraq proqramı tamamlamalı oldular.
"Luç" layihə bürosu tərəfindən hazırlanan "Neptun" raketi ilk dəfə 2015-ci ildə Kiyevdə illik "Silah və təhlükəsizlik" sərgisində təqdim olunub.
"Bu layihə tam daxili inkişaf kimi təqdim edilir, bu isə çox vacibdir. Çünki biz bir çox silah növlərinə görə Rusiya "qarmağından" asılı idik. Hazırda "Neptun" raketinin quru, su və hava bazalı müxtəlif variantları üzərində işlər davam etdirilir. İlk variantı quru variantı olacağı gözlənilir", - deyə Maksim Qluşenko bildirib.
Zqursa görə, "Neptun" da "uzun qol"u ilə məşhurdur - bu raket 300 km məsafədə yerləşən hədəfləri məhv edə bilər. Trayektoriya boyunca raket yerdən 10-30 m-ə qədər, hədəfə yaxınlaşdıqda isə 4-5 m hündürlükdə uçuş həyata keçirir.
"Daha əvvəl hazırlanan texniki qərarlar və bir az da maliyyə vəsaiti hesabına ən qısa zamanda silahlanmaya qəbul ediləcək raketlər yaradılır. "Neptun" raketinin gövdəsinin istehsalı Xarkov müəssisəsinin, raketin özütuşlanan başlığı Kiyevdəki "Radioniks" şirkətinin, mühərrik "Motor-Siç" şirkətinin məhsullarıdır və bütün bunları Kiyevin "Luç" konstruktor bürosu bir yerə toplayaraq birləşdirdi", - deyə Sergey Zqures açıqlayıb.
Onun sözlərinə görə, "Neptun" Ukrayna ordusunun uzun məsafəli silahlara olan ehtiyacını ödəyə biləcək.
"Luç" konstruktor bürosundan başqa Dneprdə fəaliyyət göstərən "Cənub" bürosu da milli raket proqramında fəal iştirak edir. Bu müəssisədə həmçinin "Korşun-2" adlı qanadlı raket layihəsi hazırlanır. Mixail Jiroxov "Korşun-2" layihəsinin strateji bombardmançılarından buraxılan sovetlərin X-55 uzun mənzilli raketlərinin texnologiyası əsasında yaradıldığı barədə məlumat verib. X-55 raketləri əvvəllər nüvə silahlarının mümkün bir daşıyıcısı kimi məhv edilib.
Bu raketin ehtimal olun məhvetmə radiusu 280-300 km-dir və "Neptun"da olduğu kimi səs sürətindən aşağı sürətə malikdir.
"Bu raketin üstünlüyü çox aşağı hündürlükdə və ərazi relyefini təkrarlayaraq uça bilməsidir", - deyə Maksim Qluşenko əlavə edib.
"Cənub" bürosunun digər məşhur layihəsi, Səudiyyə Ərəbistanının maraqlarına uyğun olaraq inkişaf etdirilən "Qrom-2" raket sistemidir. Ciddi desək, "Qrom-2" layihəsi 2006-ci ildə inkişaf etdirilməyə başlayan, lakin faktiki olaraq 2013-ci ildə bağlanan "Sapsan" raket kompleksinin xələfidir. O zamankı müdafiə naziri Pavel Lebedyev layihənin bağlanmasına pul vəsaitlərinin məqsədyönlü istifadə edilmədiyini əsas gətirdi. İndi tədricən "Qrom-2" sınaqları da irəlləyir: Yanvarın 3- də bu raket sistemində istifadə ediləcək ballistik raket mühərrikının sınaqlarının video görüntüləri yayımlandı.
""Qrom-2" bütün sınaq mərhələlərini keçdikdən sonra Ukrayna ordusu tərəfindən qəbul etməsi planlaşdırılır", - deyə Sergey Zqures bildirib. Eksport versiyası ilə müqayisədə "Qrom" raketinin imkanları bir qədər genişləndiriləcək.
"İxrac versiyası üçün məhvetmə radiusu 280 km göstərilir. Maksimum potensialı isə təxminən 450-500 km olduğu təxmin edilir. Bu isə raketi Ukrayna üçün daha faydalı və cəlbedici edir", - deyə Maksim Gluşenko bildirib.
Ukrayna konstruktorları yeni nəsil silahlar da yaradırlar. Söhbət hipersəs raketlərdən gedir. Gluşenkonun sözlərinə görə, keçən ilin payızında mətbuatda hipersəs raket layihəsi barədə məlumat verilib. Bu layihə ilk dəfə 2017-ci ildə "Silahlar və Təhlükəsizlik" sərgisində nümayiş olunub və bu ilin yanvarında isə "Cənub" konstruktor bürosu qısa bir video təqdimatı internetdə yayımlayıb.
"İndiyə qədər yalnız bir şeyi demək olar ki, layihə var, işlər davam edir. Çox ehtimal ki, hələ konsepsiyanın ilkin protitotipinin eskiz layihələrinin hazırlanması mərhələsi barədə danışmaq olar. Sınaq nümunəsi barədə müzakirələr açmaq hələ tezdir", - deyə Qluşenko əlavə edib.
Hipersəs raketlərin hazırlanması istiqamətində işlər ABŞ və Rusiyada daha aktiv şəkildə aparılır. Məsələn, Rusiya Federasiyasında bəzi hallarda 8 Max sürət sayına çatan gəmi əleyhinə "Sirkon" raketlərinin sınaqlarına başlanılıb. Max surət sayı, müəyyən bir mühitdə obyekt sürətinin səs sürətinə olan nisbətinə deyilir. Eyni zamanda bu sürət müxtəlif yüksəkliklərdə fərqlidir. Məsələn, 1 Max sürət sayı yerdə 1224 km/saata, 10 km yüksəklikdə isə 1,076 km/saata bərabərdir. Yəni, yerə yaxın yüksəkliklərdə 8 Max sürət sayı təxminən 9,8 min km/saat sürət ekvivalentindədir.
Əlbəttə ki, silah onun sahiblərinə danılmaz üstünlüklər verəcək. Yəni çox qısa zamanda düşmən hədəflərini məhv edən raketin özü zenit və raketdən müdafiə sistemi üçün əlçatmaz qalacaq.
"Ukraynada belə bir ciddi istiqamətdə fəaliyyətə başlanılması özü böyük bir nailiyyət hesab oluna bilər", - deyə Qluşenko fikirlərini tamamlayıb.

Ədalət Verdiyev

Bu xəbər oxundu
- - -