Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vaşinqton günbəgün ifşa olunur...

14.02.18, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “ABŞ YPG-yə silah verir ki, terrorçular NATO-dakı müttəfiqinə məğlub olmasınlar”

Türkiyə ordusu Afrində keçirilən "Zeytun budağı" əməliyyatının 26-cı günü ilə bağlı hesabat yayıb. Açıqlamada havadan və qurudan hücuma keçən türk hərbçilərinin daha 46 terrorçunu məhv etdiyi, bununla da zərərsizləşdirilən terrorçu sayının 1485-ə çatdığı bildirilib.
Bundan başqa, PKK/KCK/PYD-YPG-çilərə məxsus sığınacaqlar, silah anbarları darmadağın edilib.
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində terrorçulardan azad etdiyi Bekovası kəndində isə təxribatın qarşısı alınıb. Bir qrup terrorçu Kiçik Darmık dağında yerləşən tunellər vasitəsilə kəndə gizli hücuma cəhd edib.
Məlumata görə, türk əsgərinin sayıqlığı nəticəsində cəhdin qarşısı alınıb. Şiddətli döyüşlərdə 13 terrorçu məhv edilib. Terrorçuların gizli tunellərlə hücuma cəhd etdiyi Kiçik Darmık dağı artilleriya atəşinə tutulub. Həmçinin "Atak" helikopterləri dağdakı terrorçu mövqelərini darmadağın edib.
Qeyd edək ki, proseslər getdikcə maraqlı məcraya qədəm qoyur və Amerikanın beynəlxalq hüquqa zidd əməlləri üzə çıxır.
ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərəfindən Senata “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabat təqdim edilib.
Hesabatda YPG ilə bağlı yazılanlar Türkiyə mediasında gündəm olub.
Kəşfiyyat direktoru YPG-ni PKK terror təşkilatının Suriyadakı milisləri kimi qətdim edib. Bildirilib ki, YPG Suriyada bəzi bölgələrə hücum edəcək, ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə qarşılaşacaq.
Bundan başqa, Rusiya və İranın hələ uzun müddət Suriyada qalmağı planlaşdırdığı qeyd edilib.
Daha bir məsələ ABŞ-ın dəyişən olanları ilə bağlıdır.
“Yeni Şəfəq” nəşri xəbər verir ki, Afrin sərhəd xəttində xidmət göstərən yüksək vəzifəli hərbçi söylədiyinə görə, ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi” planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik edib. Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil, İskəndərundan keçməli idi. “ABŞ və PKK Lazkiyə üzərindən deyil, İskəndərun xəttindən Aralıq dənizinə çıxmalı idi. Amma 2016-cı ilin avqustunda Cerablus-Azez xəttinə hərbi müdaxilə, daha sonra Astana formatı çərçivəsində İdliblə bağlı razılaşmanın əldə olunması ilə “terror dəhlizi” planı yenidən nəzərdən keçirildi. ABŞ Türkiyənin oyun pozan hücumlarından sonra İskendərun mövzusunda təşkilat üçün yeni “yol xəritəsi” müəyyən etdi. Əvvəlcə Amanosa terrorçuların nəqli və terror aktlarının artırılması təlimatı verildi. 2018-ci ildə “xəndək hadisələri” bənzəri təxribatlarla bölgə əhalisinin İskəndərun və ətraf ərazilərə köçürülməsinə qərar verildi. Plan çərçivəsində ən az 30 min insanın köçürülməsi planlaşdırıldı. Türkiyənin cənubi-şərqində terror aktları səbəbiylə köçən mülki vətəndaşlar arasında PKK tərəfdarları və de-şifrə olunmayan terrorçular yerləşdirilməli idi. İskəndərunda Mersin və Adanada olduğu kimi məhəllələr yaratmaq xəyanət planının başqa bir mərhələsi idi”, - o bildirib.
Yüksək vəzifəli hərbçi qeyd edib ki, Afrində yüzlərlə şəxs PKK üçün İskəndərundan dənizə çıxması xəyalları barədə danışıb. Onun sözlərinə görə, Türkiyə Afrinə müdaxilədə geciksəydi, daha böyük əvəz ödəmək məcburiyyətində qala bilərdi: “Afrinin PKK-nın işğalında qaldığı hər dəqiqə bölgə, xüsusilə Türkiyə üçün böyük təhdid idi. Çünki yalnız sərhədin o biri tərəfində deyil. Türkiyənin daxilində də PKK-nı dənizlə qovuşdurmaq üçün bir çox çirkin layihə həyata keçirilir və bu istiqamətdə addımlar atılırdı. “Zeytun budağı” bir az da geciksəydi, daha çətin şərtlər yarana bilərdi. İndi ABŞ-PKK ittifaqının bütün tələləri pozuldu”.
O, ABŞ-ın hazırladığı planın Bəşər Əsəd rejimi və İran tərəfindən dəstəklənən şiə qruplarının da dəstəklədiyini vurğulayıb: “Lazkiyədə yerləşən “Liva İskenderun/Mukaveme Suriy” təşkilatının üzvləri Hatay mənşəlidir. Dəməşq Hatay və İsgəndərunu hələ də Suriya xəritəsi daxilində göstərməkdə davam edir. Dəməşq PKK-nı dəstəkləmək üçün Mihrac Uralı təlimatlandırıb. Digər tərəfdən, İran nəzarət etdiyi Nubl və Zəhra qəsəbələrindən Afrindəki PKK-nın xarici aləmlə əlaqəsini təmin edir. Təşkilat həm digər işğal bölgələri ilə ünsiyyət qurur, həm də bu xətt vasitəsilə silah və sursat əldə edir”.
ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman isə terrora haqq qazandıraraq, təhdid dilində danışıb. O bildirib ki, Türkiyə Suriyaya daxil olduqdan sonra bir vaxtlar xəyal belə edilməyən Türkiyə-ABŞ hərbi qarşıdurması ehtimalı gündəmə gəldi. Edelman Türkiyənin nəzarətdən çıxdığını və Vaşinqtonun artıq bunu açıq şəkildə Türkiyəyə deməli olduğunu bildirib. “Bu artıq narahatlıq yaradan bir həqiqətə çevrilib. Türkiyənin Suriyanın şimalındakı kürd qruplarla vuruşması qeyri-sabitliyə gətirib çıxarır. Əsl təhlükə isə Ərdoğanın da inadla söylədiyi kimi, Menbiçə irəlilənməsi zamanı meydana gələcək. Bunun qarşısını almağın yeganə yolu isə ABŞ siyasətçilərinin daha şəffaf bir dillə Türkiyəyə məsələni izah etməsidir”, - Edelman deyib.
Türkiyənin Menbiçə irəliləyəcəyi halda ABŞ-la münasibətlərin böyük zərbə alacağını bildirən Edelman Vaşinqtonla əlaqələrin korlanmasının əsas səbəblərini açıqlayıb: “Ərdoğan hakimiyyətində olan Türkiyə İrana qarşı beynəlxalq embarqonu yarmaq üçün ən böyük təşəbbüsləri göstərib. Türkiyə mətbuatı ABŞ-ın Suriyadakı gizli hərbi bazalarını yayımlayıb. Bir amerikalı rahib, bir NASA əməkdaşı və 2 səfirlik işçisi həbs edilib. Bunlar Ərdoğanın de-fakto əsirləri kimi saxlanılır. İndi də Rusiyadan müdafiə sistemi alırlar. Türkiyə Suriyada ABŞ müttəfiqlərinə hücum edir və bunları ABŞ-ın imperiya siyasətinə qarşı müqavimət olaraq qələmə verir”.
ABŞ Dövlət Departamenti isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı general Pol Fankla bağlı səsləndirdiyi fikrə münasibət bildirib. Bununla bağlı departamentin sözçüsü Hezer Noyert danışıb: “Dövlət katibi Reks Tillerson Ankaraya səfər edəcək və burada bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı Suriyada, xüsusilə Afrin bölgəsindəki vəziyyət müzakirə ediləcək. Biz bu bölgədə fəaliyyət göstərmirik. Ancaq Suriyada baş verən hadisələr bizi çox narahat edir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını da anlayırıq. Türkiyə ilə yanaşı, Suriya və ABŞ üçün yararlı həll yolu məsələsini Ankara tərəfi ilə müzakirə etmək istəyirik”.
Qeyd edək ki, Ərdoğan "Bizi vursalar, qarşılığını görəcəklər deyənlərə deyəsən ömürlərində heç vaxt Osmanlı silləsi dəyməyib. Türkiyəni ürəkləri istəyəndə girib-çıxdıqları, ağıllarına gələn hər şeyi edib, sonra hesabını vermədikləri ölkələrlə səhv salırlarsa, çox yaxında belə olmadığını görəcəklər" fikrini səsləndirmişdi.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, ABŞ-Türkiyə münasibətlərində qəribə vəziyyət yaranıb: “Deməli, Vaşinqton Türkiyənin Suriyada savaşdığı YPG-yə silah verir ki, terrorçular NATO-dakı müttəfiqinə məğlub olmasınlar və müttəfiqinin daha çox hərbçisini öldürsünlər. Beynəlxalq aləmdə belə absurd durumu xatırlamıram”. Onun sözlərinə görə, ABŞ Konqresinə təqdim olunan hesabatda rəsmən təsdiq olunub ki, Amerika Suriyada "PKK-nın qolu olan YPG-yə dəstək verir və bu siyasət davam edəcək". Yəni hesabatda "PKK-nın qolu" ifadəsi işlənib. Halbuki, Amerika həmin PKK-nı illər öncəsi terrorçu təşkilat kimi tanıyıb. Bununla özlərinin tanıdığı terrorçulara dəstək verdiklərini rəsmən etiraf ediblər. Burda artıq məntiq işləmir, Amerika deyir ki, “nə edirəm, yaxşı edirəm, özüm bilərəm”.

Əli Zülfüqaroğlu

Bu xəbər oxundu
- - -