Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığının ərazisi və təbii-coğrafi mövqeyi

15.02.18, 10:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı
İki tərəfdən axan Kür və Araz çaylarının təsərrüfat əhəmiyyəti az idi. Çünki Kür çayının sahilləri dik və sərt, Araz isə hündür qayaların arası ilə dar yataqla axırdı. Qarabağda daha bir sıra çaylar var. Qarqar, Qaraçay, Kürəkçay, Mehri, Basit, Malvalin, Çavundur, yaxud Qapan, Həkəri, Xaçın, Xanaşın, Qozluçay Araza tökülür. Mənbəyini Sarıdağdan götürən Mehriyə sağ tərəfdən Zuvar, Xout və Kalaxan kimi kiçik çaylar tökülür. Mənbələrdə daha sonra bildirilir ki, Gülüstan müqaviləsindən sonra Türkmənçay müqaviləsi bağlanan dövrə qədər Rusiya ilə İran arasında sərhəd rolunu oynayan Çavundur, yaxud Qapançay Qapan mahalında Qapıçıq dağından başlayır və sağ tərəfdən Saxarsu, Bisdirqin, Ausu, Siralurd, Arsud, Toxaş, Dev, Qilidzur, Bix, Kerxana, Güztgün və Gecili çaylarını qəbul edir. Yuxarı axarında Ginli adlandırılan Həkəri çayı Hacısamlı mahalında iki çaydan - Şalva və Ələkçidən yaranır və (Şərifan kəndinin yanında) Araza tökülür. Bazarçay Sarıdərə dağından başlayır, mənsəbinə yaxın Bərgüşad adlanır. Xaçınçay Xaçın mahalındakı dağlardan, Qozluçay Dizaq mahalmdakı dağlardan başlayır. Qarqarçay Şuşa yaxınlığında üç kiçik çayın (Xəlfəli, Ballıca və Xocalı) çaylarının birləşməsindən yaranır. Xanlığın çox mühüm çayı olan Tərtər Hacısanlı mahalında iki kiçik çayın (İstisu və Zəylik) birləşməsindən yaranır və Kürə tökülür. İncəçay Giləbörd mahalında Gülüstan dağından başlayır və İyirmidörd mahalının kəndlərinə yayılır. Qardbəy Ciləbörd mahalındakı Murovdağdan başlayıb Qaraçinar çayı yanında iki qola - Goran və Kürəkçaya ayrılır. Goran Kürə tökülür.
Qarabağ çayları gəmiçilik üçün yararlı deyildi. Kür, Araz, Xaçın və Bazarçay çaylarında çoxlu balıq ovlamaq mümkün idi. Həkəri və Bərgüşad çaylarının mənsəblərində kifayət qədər iri qızıl balıqlarına, habelə suitilərə rast gəlmək olurdu. Suvarma üçün ən əlverişli çaylar aşağıdakılar idi: Tərtər 137 kəndi, Qarqar 42 kəndi, Bazarçay 22 kəndi, Həkəri 33 kəndi, Qa pançay, yaxud Çavundurçay 12 kəndi, Qəndalaş çayı 7 kəndi su ilə təmin edirdi. İri və xırda çaylarla yanaşı, bulaqlar və kəhrizlərdən də suvarmada geniş istifadə olunurdu.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, çaylardan dəyirmanları hərəkətə gətirmək üçün də istifadə olunurdu: "İstisu və Turşsu mineral su mənbələri də xanlıqdan uzaqlarda da məşhur idi. Ərazinin relyefinin və iqliminin müxtəlifliyi, torpağın, bitkilər və heyvanlar aləminin müxtəlifliyini şərtləndirirdi. Xanlığın düzənlik hissəsində torpaq gilli olduğu üçün məhsuldarlıq aşağı idi". Dağlıq hissədə qara torpaqlar üstünlük təşkil edirdi. Burada payızlıq buğda, arpa, kətan, darı, və pərinc yetişdirmək olurdu.
Xanlığın heyvanlar aləmi rəngarəng idi. Burada Qafqaz maralına, ceyranlara, dağ keçilərinə, ayılara, canavarlara, çöl donuzlarına, tülkülərə, vaşaqa, dovşanlara rast gəlmək olurdu. Quşlardan qartal, qırqovul, qırğı geniş yayılmışdı: "Ərazidə zəngin yeraltı sərvətlər olsa da, onların çoxu öyrənilməmiş və əhaliyə məlum deyildi. Faydalı qazıntılardan mis filizi, əhəngdaşı, dəyirman daşları üçün istifadə olunan daşlar, saxsı üçün gil, qılınc və xəncərlərin bəzədilməsində istifadə olunan kvars məlum idi.
Ağcabədi yaxınlığında birinin perimetri 300, digərinin 200 verst olan iki duz gölü vardı. Şuşanın cənub-qərb istiqamətinin 160 verstliyində Oxçu kəndinin yanında sakinlər uzaq keçmişlərdən dəmir filizi çıxarırdılar. 1823-cü ildə rus geoloqu Krijanovski burada çıxarılan filizi tədqiq edib tərkibinin qranit, qneys (qədim metamorfik süxur), əhəngdaşı, bazalt və kvarsdan ibarət olduğunu müəyyənləşdirmişdi. Oxçu filizi boz dəmir daş olub bir pudunda 17 funt çuqun vardı. Krijanovski Şuşa şəhərindən 400 sajenlik məsafədə 18 sajenlik əhəng təbəqənin altında iki dəmir filizi təbəqəsi tapmışdı. Bir təbəqənin 1 pud filizində 20, digər təbəqənin 1 pudunda isə 18 funt çuqun var idi. Hər təbəqənin 1, 1/4 arşın və daha çox qalınlığı vardı.
Xanlıqda bir qədər acı tamı olan göl duzu hasil olunurdu. İribuynuzlu malqara, atlar, qoyunlar və balıq duzlamaq üçün Naxçıvan duzundan istifadə olunurdu. Tikintilərin çoxu alçaq və bəsit görkəmli idi. Qazma və «qaradam»lara əksər hallarda rast gəlmək olurdu. Bəylərin, digər varlıların və xanın evləri isə hündür və yaraşıqlı idi. Qarabağ xanlığında nəqliyyat yolları çox zəif inkişaf etmişdi. Üç yararlı böyük yol vardı. Bu yollardan biri Şuşadan Gəncəyə, digəri Şuşadan Şəkiyə, üçüncüsü İrana uzanırdı. Araz üzərində böyük, hələ 1027-ci ildə tikilmiş və daşdan inşa olunmuş Xudafərin körpüsü salınmışdı. Bu üç böyük yoldan savayı bir yol Şuşadan Gorusa keçməklə Naxçıvana, digəri Şuşadan Vərəndə məlikliyinin ərazisindən keçməklə Ordubad və İrəvana uzanırdı. Sonuncu iki yol dekabrdan aprelin sonunadək keçilməz olurdu. Şuşadan Üçqovaq (Ağdaş) kəndinə gedən yolun mühüm ticari əhəmiyyəti vardı. Müxtəlif nəqliyyat vasitələrindən istifadə olunurdu. At, dəvə, ulaq və qatır başlıca nəqliyyat vasitələri idi.
Qarabağda kənd təsərrüfatının durumuna gəlincə, tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmalarına görə, Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Qarabağ xanlığı əhalisinin də böyük əksəriyyətinin əsas məşğuliyyət sahəsi kənd təsərrüfatı idi. Əlverişli iqlim şəraiti, münbit torpaqları, Kür və Araz çaylarının arasında yerləşməsi xanlıqda kənd təsərrüfatının inkişafına münasib zəmin yaradırdı. Təəssüf ki, statistik materialların yoxluğu xanlıqda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf dinamikası haqqında dolğun təsəvvür yaratmağa imkan vermir. Həm də əldə olan materialların bir qismi xanlığın varlığının son dövrünə - XIX yüzilliyin əvvəllərinə aiddir.
Qarabağ xanlığı ərazisinin böyüklüyünə və kənd təsərrüfatı üçün əlverişli olduğuna görə digər xanlıqlardan müsbət mənada fərqlənirdi. Xanlıq daim qarla örtülmüş dağlarla yanaşı, isti düzənliklərlə də əhatə olunmuşdu. Kənd təsərrüfatının əsas sahələri əkinçilik və maldarlıq idi. Xanlıqda, xüsusən onun çaylara yaxın yerlərində suvarma qurğulannm mövcudluğu əkinçiliyin inkişafına böyük təkan verirdi. Rusiyanın işğalı zamanı Qarabağ xanlığının ümumi torpaq fondu 1.354.000 desyatin (o cümlədən 100 min desyatini əkinə yararlı) təşkil edirdi. Əhalinin hər nəfərinə təxminən 1,1 desyatin əkin sahəsi düşürdü.
Ümumi torpaq fonduna nisbətdə əkinə yararlı torpaqların cüzi hissə təşkil etməsi bir çox amillərlə bağlı idi: xanlıq ərazisinin əhəmiyyətli hissəsi meşələr və kolluqlarla örtülmüş dağlardan və sıx qamışlıqların bürüdüyü çöllərdən ibarət olduğu üçün, əkinə yararlı torpaqların ağaclardan və kollardan təmizlənməsi işi çətinləşirdi; su ehtiyatlarının azlığı böyük ölçüdə münbit torpaq sahələrini istifadəsiz qoyur, bu torpaqlarda məhsuldarlığı aşağı endirirdi; əkin sahələrinin suvarılmasında yaranan problemlər Qarabağ ərazisindəki çoxsaylı çayların dərin dərələrdən axması, əkin sahələrinin isə hündür yerlərdə - dağlarda, dağ yamaclarında yerləşməsindən irəli gəlirdi; ərazinin yarğanlarla örtülməsi, torpağın daşlı olması isə bir çox hallarda suvarma üçün lazım olan kanalların çəkilişini qeyri-mümkün edirdi; hədsiz məsrəflər tələb etdiyindən feodalların su kanallarının çəkilməsinə maddi marağı yox idi.
Bununla belə, xanlıq ərazisində kanallar az deyildi. O dövrün müasirlərindən biri yazırdı ki, əhali çaylardan su kanalları çəkib onların köməyi ilə kifayət qədər müxtəlif növ taxıl əldə edir. Qarabağda Kürək arxı ilə yanaşı, digər arxlar da mövcud idi. Qeyd edək ki, mahallar çox zaman suvarma prinsipinə uyğun olaraq çay və başqa su hövzələrini əhatə edirdi. Təsadüfi deyildi ki, mahala çox vaxt bir inzibati ərazi kimi su mahalı da deyirdilər.
Xanlıqdakı arxlarm ən qədimi Govurarx idi. Mirzə Camalm yazdığına görə, uzaq keçmişdə Beyləqan şəhərini inşa etdirərkən Sasani şahı Kür çayından Beyləqan çölünə böyük arx çəkdirmişdi. Viranedici monqol hücumları zamanı bu arx dağıdılmış və yalnız Əmir Teymurun dönəmində Beyləqan şəhəri ilə bərabər, bu məşhur arx da bərpa edilmişdi. Şərqin böyük fatehi onu əcdadının şərəfinə «Barlas arxı» adlandırmışdı. Lakin sonralar, yəni XVIII əsrin birinci yarısında baş vermiş hərbi münaqişələr nəticəsində bu arx qismən dağıdılmışdı. Ancaq Pənahəli xanın dövründə və İbrahimxəlil xanın hakimiyyətinin ilk illərində bu arxdan istifadə olunur və xanlar ondan gəlir götürürdülər. Arx xalq arasında «Govurarx» adı almışdı.
Mirzə Camal Govurarx haqqında yazırdı: «Doğrudan da bu, böyük faydalı arxdır. Bu arxm suyu ilə suvarılan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) ağacları və başqa hər cür bitki əkilərsə, bol məhsul əldə etmək olar. 1 çetvert (250 pud - Z.H.) buğda səpilərsə, sahədən 20 çetvert məhsul yığmaq mümkün idi. Bu torpaqlarda 1 çetvert çəltik və dan əkilərsə, təxminən 50 çetvert, hətta ondan daha artıq məhsul toplamaq olar. Əkin işi iki baş öküzlə asanlıqla görülürdü». Mirzə Camal Govurarxdan başqa Arazdan çəkilmiş Kürək, Luvar, Meymənə, Gəmiçi, Sarı, Araz, Qaşqay və Xan arxlanndan istifadə olunması və gəlir götürülməsi haqda məlumat verir.
Daimi su hövzələrinin olmadığı yerlərdə süni suvarma metodu kimi kəhriz və quyulardan istifadə olunurdu. Kəhriz yeraltı qalereyalardan ibarət olub, son hissəsi su mənbəyinə birləşir, açıq hissəsi isə yerin üst qatma qədər qalxırdı. Kəhrizlər bəzən bir neçə qalereyadan ibarət olub bir ümumi arxda birləşirdi. Bununla da su öz mənbəyindən torpağm yuxarı qatına axa bilirdi. Kəhriz qazan ustalar «kənkan» adlanırdı. Quyulardan su 15-20 vedrə tutumu olan dəridən düzəldilmiş tuluqlarla çıxarılırdı. Tuluğun su dolan ağız hissəsi kəndirlə bağlanır, at və ya ulaq həmin kəndiri dartdıqca, o, quyu üstündə qoyulmuş çarxa sarmaraq tuluğu çıxarırdı, tuluqdakı su daşdan düzəldilmiş iri çuxura tökülür, oradan isə arxlara axıdılırdı.
Torpağa qulluq primitiv üsullarla aparılırdı. Xanlıqda növbəli əkin sistemi mövcud idi. Hər il əkin tarlalarının 2/3 hissəsi dincə qoyulur və bu sahələrdən otlaq, biçin yeri kimi istifadə edilirdi. Daha yaxşı ot bitən sahələrdən biçənək kimi, nisbətən zəif ot bitən sahələrdən isə otlaq kimi istifadə olunurdu. Həkəri çayı dərəsində torpağı ildə iki dələ becərirdilər. Məhsulun - buğda və arpanın yığımı başa çatdıqdan sonra sahədən bostan, yaxud dirrik kimi istifadə edilirdi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)