Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərdoğan amerikalıları “osmanlı şapalağı“ ilə hədədləyir

16.02.18, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"The Independent" yazır ki, Türkiyə hökuməti ABŞ dövlət katibi Reks Tillersonun Ankaraya səfəri ərəfəsində Vashinqtondan Suriya kürdlərinin YPG hərbi birləşmələrini dəstəkləməkdən əl çəkməsini tələb edib. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın şimalında yerləşən Afrin anklavındakı kürd YPG qüvvələri üzərinə "Zeytun budağı" adlı hücum əməliyyatına ötən ay başlayıb. Bu hücum əməliyyatının gedişində indiyədək çox sayda əsgərin və dinc sakinin həlak olduğu bildirilir.
Məqalədə deyilir ki, Suriyanın şimalındakı kürdlər bu ölkədə 2011-ci ildə vətəndaş münaqişəsi başlanandan bəri özlərinin yarımmuxtar dövlətləri üçün torpaq əraziləri qopara biliblər. Lakin Türkiyə Suriya kürdlərinin Xalq Müdafiə Qüvvələri - YPG-yə Kürdüstan İşçi Partiyasının (PKK) bir qolu kimi baxır. PKK Türkiyədə, habelə ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi təsniflənib.
Bundan başqa YPG və ərəb-kürd alyansından ibarət Suriya Demokratik Qüvvələri (SDQ) son bir neçə ildə İŞİD ekstremist təşkilatına qarşı mübarizədə Qərbin ən səmərəli müttəfiqinə çevrilə bilib. Birləşmiş Ştatlar yanvar ayında Suriyada yenidən hər hansı qiyamçı hərəkatın qol-qanad aça bilməməsi üçün YPG və SDQ-yə geniş dəstək vəd edib və bununla da Ankaranı qəzəbləndirib. O vaxtdan bəri iki NATO üzvü arasında onsuz da gərgin olan münasibətlər bir qədər də pisləşib.
"Biz tələb etmişik ki, bu münasibətlər dayandırılsın. Mən demək istəyirəm ki, onlar PKK-nın Suriya qolu olan YPG-yə dəstəklərinə son qoymalıdırlar”, - Türkiyənin müdafiıə naziri Nurettin Canıklı Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin görüşündə deyib. Bundan bir gün əvvəl Canıklı NATO görüşünün öncəsində amerikalı həmkarı Jim Mattis-lə danışıqlar aparmışdı. "Biz tələb etmişik ki, bu struktur SDQ-dən çıxarılsın" -Türkiyə müdafiə naziri deyib.
Bu barədə prezident Rəcəp Tayyip Ərdoğanın ritorikası daha sərt olub. O deyib ki, Afrində Türkiyə tərəfindən dəstəklənən qüvvələr ABŞ qoşunlarının bazalandığı Mənbic şəhəri üzərinə yeridilə bilər. Bundan bir gün əvvəl Ərdoğan demişdi ki, onun hökumətinin hərbi əməliyyatlarının yolunu kəsən ABŞ əsgərlərinə "osmanlı şapalağı" dəyə bilər. Türkiyədə xalq arasında belə bir tarixi inam yaranıb ki, açıq ovucla vurulan bu şillə bir zərbəyə adamı öldürə bilir.
Lakin Ərdoğanın şapalağ hədəsi dərhal ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert tərəfindən cavablandırılıb. "Biz istər türk hökumətindən, istərsə də başqa hökumətlərdən belə ritorikaları çox eşitmişik və onları vecimizə almırıq" - xanım Nauert deyib. Buna baxmayaraq Türkiyənin Afrin əməliyyatı ABŞ-ı narahat edir. Birləşmiş Ştatlar bildirir ki, bu əməliyyat İŞİD-in marığa yatmış döyüşçülərini cilovlamaq səylərini heçə endirə bilər. Türkiyə və ABŞ arasında Fəthullah Gülənin taleyi və Türkiyədə həbs edilmiş Amerika konsulluq işçilərinin yaratdığı problemlərdən başqa, Vashinqton 2016-cı il çevriliş cəhdindən sonra Türkiyədə demokratik norma və dəyərlərin pozulmasından narahatdır.
Bütün bunlara görə Tillersonun Türkiyə rəsmiləri ilə müzakirələrində Afrin hücumunun əsas mövzu olacağı gözlənilir. Bu arada Brüsseldə türkiyəli həmkarı ilə danışıqlar aparan ABŞ müdafiə naziri Cim Mattis deyib ki, söhbət açıq, lakin çətin olub. "Mən inanıram ki, biz ortaq zəmin tapa bilirik və ortaq məxrəcə gələ bilmədiyimiz sahələr də var”, - Mattis deyib: “Bunlar bəzən müharibənin bizə verdiyi pis alternativlərdən irəli gəlir". Mattis əlavə edib ki, iki ölkə bir-birlərinin legitim narahatlıqlarını başa düşür.

Bu xəbər oxundu
- - -