Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk dastanları

21.02.18, 8:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türk xalqlarının mədəniyyəti dünya mədəniyyətinin əsas tərkib hissəsidir

2-ci yazı
“Boz qurd” dastanları Göytürklərin yeni nəslinin yaranması və formalaşması haqqında 3 variantlı rəvayətlərdən ibarətdir. Digər dastanlar kimi bu dastanın da tam mətni əldə yoxdur. Dastan kiçik parçalar şəklində Çin mənbələrində mühafızə olunub. Çox güman ki, dastan dünyanın yaranması ilə bağlı türkün mifoloji-bədii düşüncəsindən sonrakı dövrlərdə formalaşıb. Çünki burada dünyanın ilk yaranmış insanlarından yox, düşmənin qəddarlığı nəticəsində bütünlüklə öldürülmüş (ayaqları kəsilmiş 10 yaşlı oğlandan başqa) Göytürklərin sonrakı soy artımından söhbət gedir. Bu artımda boz qurd Ana qurd vəzifəsini icra edir. Dastanın qısa məzmunu belədir: Lin adlı düşmən xalq türkləri məğlub edirlər. 10 yaşlı oğlan uşağından başqa bütün insanları öldürürlər. Həmin oğlanın ayaqlarını kəsib bataqlığa atırlar ki, öz əcəli ilə ölsün. Bir dişi qurd oğlanı ətlə bəsləyir, ondan hamilə qalır. Düşmən oğlanın sağ qaldığını bilib onu öldürür. Qurd qaçıb gizlənir. Bir mağarada 10 oğlan uşağı doğur. Onlar böyüdükdən sonra kənardan gətirilən qızlarla evlənirlər. Yeni törənən övladlar mağaraya sığmadığı üçün Altay dağları ətəklərində məskunlaşırlar.
Göründüyü kimi “Boz qurd” dastanlarında Göytürklərin əcdadları, onların xalq olaraq formalaşması əksini tapıb, türkün dastan təfəkküründə əcdadlarının qurddan törəməsi fıkri təsdiqlənib. Təxminən I minilliyin ortalarında formalaşmış “Ərgənəkon” dastanındakı hadisələr müəyyən mənada “Boz qurd” dastanları ilə səsləşir. Daha doğrusu, bu dastanda türk xalqlarının soykökü, qəbilə qrupları şəklində birləşməsi, qədim həyat tərzləri barədə verilən fıkirlər təxminən “Boz qurd” dastanlarındakı fıkirlərə yaxındır. “Ərgənəkon” dastanında Oğuz xan soyundan olan Moğol xanı İl xanla Tatar xanı Sevinc xan arasında gedən vuruş nəticəsində moğollar öldürülür, dustaq olanlar isə düşmənlərin soylarını qəbul edirlər. İl xanın oğlu Qiyanla qardaşı oğlu Nüküz öz qadınları ilə qaçaraq dağlar arasında yerləşən ünçatmaz bir yerə gəlirlər. onlar bu yerin adını Ərgənəkon ("hündür dağ yamacı, vadi, keçid" və s. mənalarda) qoyurlar və uzun müddət burada yaşamalı olurlar. “Boz qurd” dastanlarının qəhrəmanları mağaraya sığmadıqları kimi, bu dastanda da 400 ildən sonra Ərgənəkonun onlara darlıq etdiyini görürük. Moğolların hökmdarı Börtə Çinə xalqı başına yığaraq onlara belə deyir; “Ey müqəddəs Boz qurd ananın cəsur oğulları və övladları! Söyləyəcəklərimi yaxşı dinləyib düşünün. Bizim atalarımıza qədim zamanlardan bəri Ərgənəkon yurdu müqəddəs məkan olub. Aradan uzun illər keçdi.
Göy tanrı bizi qorudu, böyüdük və çoxaldıq. Bunun üçün müqəddəs Ərgənəkon yurdu qarşısında hamımız başımızı əyib hörmət bildirəyin. Fəqət bizim ulu dədələrimizin məzarlarının yerləşdiyi müqəddəs vətənimizin də bu yüksək dağların arxasında olduğunu unutmamalıyıq. Artıq atlarımızı ata vətənimizə doğru sürməyin zamanı gəldi. Tatarları vətənimizdən qovub çıxarağın. Beləcə intiqamımızı alaq, torpaqlarımızı geri qaytaraq.” Onlar Ərgənəkondan çıxmaq üçün heç bir yol tapa bilmirlər. Bir dəmirçi onları başa salır ki, burada dəmir mədəni var. Dağı (dəmiri) əritmək üçün 70 körük düzəldirlər. Bir dəvənin keçə biləcəyi ölçüdə dağı əridərək oradan xilas olurlar. Vətənlərinə qayıdaraq tatarlardan intiqamlarını alırlar.
“Alp ər Tonqa” qəhrəmanlıq dastanıdır. Alp ər Tonqa e.ə. VII əsrdə Sakalar dövründə yaşamış, təxminən e.ə. 624 və ya 625-626-cı illərdə iranlılar tərəfındən hiylə ilə öldürülmüş Türk xaqanıdır. Alp ər Tonqa Turan hökmdarı Beşengin oğludur. Onun Barsxan, Qaraxan, Şidə və Alak adında 4 oğlunun olması haqqında məlumatlar mövcuddur. Mənbələrdə o, igidliyi ilə ad çıxarmış, bilikli, əxlaqlı türk hökmdarı kimi təqdim olunur. Alp sözü qədim türklərdə “güclü”, “bahadır”, “qəhrəman”, “cəsur” və s. mənaları ifadə edir. Alp ər Tonqa müəyyən zamanlarda Mavərənnəhr, Yeddisu, Savran, Şaş (Daşkənd), Sayram, Talas, Şu vilayətlərində hökmranlıq edib, həmin ərazilərdə abadlıq işləri ilə məşğul olub, yeni şəhərlər tikdirib. Əbu Reyhan əl-Biruninin “Dünya iqlimlərinin təsviri” əsərinə əsaslansaq deyə bilərik ki, Xanbalıq (Balasaqun), Ramitan və Əfrasiyab (Səmərqənd) şəhərlərini Alp ər Tonqa inşa etdirib. “Alp ər Tonqa” dastanı həcm etibarı ilə böyük olsa da, əsərin tam mətni əldə edilməyib. Bu dastanın qısa mətni əsasən Firdovsinin “Şahnamə”, Y.Balasaqunlunun “Qutadqu bilik” və M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərləri əsasında bərpa edilib. Lakin bunlarla yanaşı Rəşidəddin Fəzlullahın “Came üt Təvarix” (“Tarixlər toplusu”) və Əbu Reyhan əl Biruninin “Dünya iqlimlərinin təsviri” əsərlərində dastanla bağlı verilmiş məlumatlar öyrənilib, həmin məlumatlardan lazımi səviyyədə istifadə edilib. Əksər mənbələrdə, xüsusilə Firdovsinin “Şahnamə” əsərində Alp ər Tonqa Əfrasiyab adı ilə tanınır. Bu faktı Y.Balasaqunlu 1069-1070-ci illərdə yazmış olduğu “Qutadqu bilik”də belə xatırladır: “İndi baxsan görərsən ki, türk bəyləri Dünya bəylərinin ən yaxşılarıdır. Bu türk bəyləri arasında adı məşhur Tonqa Alp Ərdir ki, taleyi bəllidir. O, yüksək biliyə və çoxlu ərdəmə sahib idi Bilikli, idraklı xalqın seçilmişi idi. İranlılar ona Əfrasiyab deyirlər, bu Əfrasiyab neçə-neçə ellər tutub. Farslar bunu kitabda yazmışlar, kitabda olmasaydı, onu kim tanıyardı”.
Alp ər Tonqaya Əfrasiyab adı iranlılar tərəfındən verilib. Qəribədir ki, qədim iranlıların verdiyi bu ad “Türkün qızıl kitabı”nda (Bakı, 1994, səh.37) “şər və pislik ilahəsi”, Nemət Kəlimbatovun “Türk xalqlarının ortaq ədəbi əsərləri” (İstanbul, 2010, səh. 22) kitabında isə “çox güclü”, “igid” mənalarında izah olunub. “Şahnamə”də Əfrasiyab (Alp ər Tonqa) qüdrətli hökmdar, fədakar insan kimi təsvir edilsə də, İran və iranlıların düşməni kimi daha çox diqqətdə saxlanılıb. Bu da “Şahnamə” müəllifınin türkə olan birbaşa mənfı münasibətlərindən doğub və görünür, Sultan Mahmud ilə Firdovsi ziddiyyətlərinin kökündə dayanan səbəblərdən biri də bu olub. Firdovsinin “Şah- namə”sində Turan ölkəsinin sərkərdəsi Əfrasiyab (Alp ər Tonqa) ilə bağlı ona qədər bölüm vardır. (“Əfrasiyabın kabus görməsi”, “Əfrasiyabın Siyavuşa məktub yazması”, “Əfrasiyabın Siyavuşla ova çıxması”, “Əfrasiyabın iranlılara məğlub olması” və s.). Ehtimallar belədir ki, Firdovsi “Alp ər Tonqa” dastanının tam mətni ilə tanış olub və “Şahnamə”də bu mətnlərdən ustalıqla istifadə edib.
“Alp ər Tonqa” dastanının mövzusu İran-Turan müharibələri ilə bağlıdır. Turan hökmdarı Beşengin “iranlılar bizə çox zülmlər veriblər, türkün öc almaq zamanı gəlib çıxıb” müraciətindən sonra onun oğlu Alp ər Tonqa “öc almaq” üçün İrana hücum edir. Alp ər Tonqa İran hökmdarını əsir alır. Əfsanəvi sərkərdə Zalın İran ordusuna köməyi türk qoşunlarına xeyli ziyan vurur. Bundan əsəbləşən Alp ər Tonqa əsir götürdüyü İran hökmdarını öldürür. Zev İranda hakimiyyətə gələndən sonra İranla Turan arasında sülh bağlanır. Zevdən sonra İran taxtına çıxan Keykavusun zamanında müharibə yenidən başlayır. İran-Turan müharibələri Keykavusun nəvəsi Keyxosrovun hakimiyyəti dövründə də davam edir. Lakin döyüşlərin birində Alp ər Tonqa məğlub olur. O, bir mağarada gizli həyat sürür. Onun yerini öyrənib tutmaq istəyirlər. Alp ər Tonqa özünü çaya atır. Hiylə işlədərək onu xilas etmək adı ilə sudan çıxarıb öldürürlər. Amma bir sıra tarixi mənbələr Keyxosrovun Alp ər Tonqanı aldadaraq ziyafətə dəvət edib öldürdüyünü təsdiqləyir. Alp ər Tonqanın ölümü Turanı matəmə bürümüş, onun dəfnində qopuz çalan ozanlar ağılar söyləyiblər.
“Şu” dastanı haqqında ilkin məlumatlar M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən əldə edilmişdir. Lüğətdə dastan ərəb dilində verilib. M.Kaşğarinm “Divani lüğət it-türk” əsərinə daxil edilmiş bu dastan parçasında İsgəndərin adı Zülqərneyn kimi ifadə edilir. Şu e.ə. 4-cü əsrdə yaşamış Saka hökmdarıdır. Dastanda Şunun İsgəndər qoşunlarına qarşı döyüş tədbirləri, düşmənə qarşı türk ordusunun mübarizliyi əksini tapıb. Dastanın sonunda göstərilir ki, İsgəndər geri çəkildikdən sonra Şu Balasaquna gəlir və Şu şəhərini tikir. Dastanda verilən bu məlumatda türkün öz torpağına, yurduna sədaqəti, ona sahib çıxmaq istəyi və əzmi əksini tapır, hər bir türkdə qürur hissini artırır.
“Oğuz kağan” Hun türklərinin dastandır. Dastan XIII əsrdə Uyğur yazısı və Uyğur türkcəsi ilə qələmə alınıb. Oğuz kağan dastanın baş qəhrəmanıdır. Belə bir ehtimal var ki, Oğuz kağan Metenin simvoludur. Oğuz kağan Ay kağanının oğludur. Əsər Oğuzun doğuşu ilə başlayır: “Günlərin bir günü Ay Kağanın gözü parladı, doğum sancıları başladı və bir erkək cocuq doğdu. Bu cocuğun üzü göy kimi parladı. Ağzı atəş qızılı, gözləri ala, saçları və qaşları qara idi”. Oğuz doğulan kimi anasının döşündən yalnız bir dəfə süd əmir. Sonra çiy ət yeyir, şərab içir. Onun qəribə zahiri görkəmi var. Ayağı öküz ayağı, beli qurd beli, köksü ayı vücudunda, bədəni tüklü olan bu insan qeyri-adi qəhrəman kimi təqdim olunur. Oğuz kağan Tanrıya yalvararkən göydən işıq düşür. İşığın içində oturan bir qızla evlənir və ondan Gün, Ay, Ulduz adında üç övladı doğulur.
Oğuz kağan bir gün ağacın koğuşunda gözü göydən daha göy, saçları dərə kimi dalğalı, dişləri inci kimi qız görür. Onunla evlənir. Bu qızdan Göy, Dağ, və Dəniz adında övladları dünyaya gəlir. Oğuz kağan bir gün toy (məclis) qurur. Toya xalqı dəvət edir. Toyun sonunda “mən uyğurların xaqanıyam, yerin 4 bucağının xaqanı olmaq gərəkdir” deyərək bu barədə olan fərmanını dünyanın 4 tərəfınə göndərir. Dastanda ifadə olunan bu fıkir türkün vahid dünya evi modelinə uyğundur. Ətraf hökmdarlar Oğuzun xaqanlığını qəbul edirlər. Urum xaqan isə ona tabe olmadığı üçün Oğuz kağan onun üzərinə qoşun yeridir. Yolda bir qurd onlara bələdçilik edir. Urum xaqan döyüşdə məğlub olur. Bundan başqa Oğuz kağan bir çox yerlərə yürüş edir və qələbə qazanır. O, Cürcet xaqanı, Məsər xaqanı məğlub edib onların ərazilərinə sahib çıxır. Oğuz kağan böyük bir xaqanlıq yaradır. Ömrünün sonunda bir qurultay çağıraraq yurdunu oğlanları (Gün, Ay, Ulduz, Göy, Dağ və Dəniz) arasında bərabər bölür. Dastanda onun son sözləri belə ifadə olunur: “Ey oğullarım, mən çox yaşadım, çox vuruşlar gördüm, çox qarğı, çox ox atdım. Ayqır ilə çox yürüdüm. Düşmənləri ağlatdım, dostlarımı güldürdüm. Mən Göy tanrıya borcumu ödədim. Yurdumu sizlərə verib gedirəm

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -