Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans

21.02.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans keçirilib. Tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov çıxış edərək konfransın ölkə başçısının 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində baş tutduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların əhəmiyyəti böyükdür.
Akademik diqqətə çatdırıb ki, 1918-1920-ci illər ərzində “Azərbaycan” qəzetində ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatına dair yüzlərlə məqalə dərc olunub: “Qəzetdə, həmçinin erməni-daşnak qulduru Andronikin Zəngəzur, Naxçıvan, Qarabağ və digər rayonlarda xalqımıza qarşı törətdiyi vəhşiliklər, Ermənistan ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilib”.
Y.Mahmudov “Azərbaycan” qəzeti ilə sıx əməkdaşlıq etdiklərini, azərbaycanlıların soyqırımı, İrəvanın, Naxçıvanın, Qarabağın tarixi barədə mütəmadi qəzetdə məqalələrlə çıxış etdiklərini söyləyib. Akademik XXI əsrin informasiya-kommunikasiya dövrü olduğunu və rəhbərlik etdiyi müəssisədə ermənilərin informasiya təbliğatına qarşı davamlı işlərin görüldüyünü, 10 il ərzində bu istiqamətdə 400-ə yaxın nəşrin çap edildiyini diqqətə çatdırıb. O, Tarix İnstitutunun ermənilərin tarixi saxtalaşdırma siyasətinə qarşı mübarizəsini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Sonra Milli Məclisin deputatı, qəzetin baş redaktoru Bəxtiyar Sadıqov “Azərbaycan” qəzeti müstəqilliyimizin atributu kimi” adlı məruzə ilə çıxış edib. O, məruzəsində bildirib ki, “Azərbaycan” qəzeti ilk nömrəsindən Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub və rəsmi dövlət qəzeti statusunu qazanıb: "Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra “Azərbaycan” qəzeti onun fəaliyyətini geniş işıqlandırıb və parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları “Azərbaycan Məclisi-Məbusanında” rubrikası altında dərc edib".
B.Sadıqov bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikaların da olduğunu diqqətə çatdırıb. O, qəzetin səhifələrində görkəmli bəstəkarımız Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə aid 100-dən çox məqaləsinin dərc olunduğunu bildirib. B.Sadıqov bu gün “Azərbaycan” qəzetinə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini söyləyib və müstəqil Azərbaycanın quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əks etdirməyə davam edəcəklərini deyib.
Sonra institutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri, t.ü.f.d. Natiq Məmmədzadənin “Azərbaycan” qəzeti Cümhuriyyət dövründəki ictimai-siyasi həyatın aynasıdır”, Qafqaz tarixi şöbəsinin müdiri, t.ü.e.d. İradə Bağırovanın “Cümhuriyyət dövründə Azərbaycan mətbuatı” və müəssisənin aparıcı elmi işçisi, t.ü.f.d. Kamran İsmayılovun “Cümhuriyyət dövründə dövlət quruculuğu məsələləri “Azərbaycan” qəzetinin səhifələrində” adlı məruzələri dinlənilib. Qeyd edək ki, konfrans çərçivəsində Tarix İnstitutu tərəfindən “Azərbaycan” qəzetinin 100 illiyi münasibətilə müəssisənin mühüm nəşrlərindən ibarət kitab sərgisi təşkil edib və sərgidəki vəsaitlər qəzetin redaksiyasına hədiyyə olunub. Bundan əlavə, qəzetin 1993-2017-ci illərdə dərc edilmiş saylarının çap və elektron variantı Tarix İnstitutuna hədiyyə edilib.

Bu xəbər oxundu
- - -