Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi”

21.02.18, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi” mövzusunda “İnteraktiv açıq dərs” keçirilib. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin apardığı dərsdə bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakıda keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan olunub.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan şəhəri bütün dövrlərdə, xüsusilə İslamın intibah dövründə həmişə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, Azərbaycan Atabəyləri, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə ölkənin inkişaf etmiş şəhərləri ilə bir sırada dayanıb. F.Səfərli orta əsrlərdə sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin mədəni irs yaradıldığını, lakin bir qisminə keçən yüzillikdə soyuq və laqeyd münasibət bəslənildiyini, bəzilərinin qəsdən dağıdıldığını söyləyib: "Ölkəmiz 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən, “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edildikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin respublikada ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın keçmiş mədəni irsinə münasibət dəyişib. Beləliklə, tarix-mədəniyyət abidələri, o cümlədən memarlıq nümunələri, geniş mənada ümumislam mədəniyyətinə aid olan bütün abidələr lazimi dövlət qayğısı ilə əhatə olunub".
Alim 2016-cı ildə Əlincəqalada, Gülüstan türbəsində, Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadədə, Kəngərli bölgəsində XII-XIV yüzilliklərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndindəki hamamda bərpa işlərinin başa çatdırıldığını, Babək rayonunun Nehrəm kəndində isə məscidin inşa edilərək əhalinin istifadəsinə verildiyini diqqətə çatdırıb. Açıq dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbində izlənilib.

Bu xəbər oxundu
- - -