Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclası keçirilib

21.02.18, 13:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İordaniyanın Əmman şəhərində Azərbaycan hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycanı İqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfdən isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.
İqtisadiyyat naziri Ş.Mustafayev indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənədin imzalandığını, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsinin müzakirə mərhələsində olduğunu diqqətə çatdırıb. Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu qeyd edilib. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37% artıb. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Qeyd edilib ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. Ötən il İordaniyadan Azərbaycana turistlərin sayı 55% artıb. Cari ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır. Təhsil sahəsində də uğurlu əməkdaşlıq edilir və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır. Azərbaycanla İordaniya arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Əmmanın Bədr rayonunda prospekt və meydan Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. 2007-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti və Böyük Əmman Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol imzalanıb.
Ş.Mustafayev Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan iqtisadiyyat naziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib. İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Y.Qudah ölkəsinin Azərbaycanla əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. Y.Qudah İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib. İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişafı perspektivlərinə dair müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Ş.Mustafayev və Y.Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)