Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MSK-da beynəlxalq təşkilatlarla görüş

21.02.18, 14:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşüb.
Sədr Məzahir Pənahov nümayəndə heyətini salamlayaraq, Mərkəzi Seçki Komissiyasında keçirilən görüşdən məmnunluğunu bildirib.
ATƏT/DTİHB-nin Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyəti Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri, seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində görülən işlər, eləcə də 2018-ci il aprelin 11-nə təyin edilmiş seçkilərə hazırlıqla maraqlanıb.
Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıq olduğunu və bu münasibətlərin Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm rol oynadığını vurğulayan MSK sədri ölkəmizin seçki sistemi barədə ətraflı danışıb. Məzahir Pənahov həmçinin, diqqətə çatdırıb ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK tərəfindən təsdiq olunmuş Təqvim Planına əsasən intensiv şəkildə atılan addımlar ardıcıl və keyfiyyətlə gerçəkləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsində başlıca məqsəd isə Azərbaycan vətəndaşlarının seçki hüquqlarının daha səmərəli təmin olunmasıdır.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dünən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskasla da görüşüb.
Avropa İttifaqının Azərbaycandakı səfirini səmimiyyətlə salamlayan sədr Məzahir Pənahov görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığına toxunub və bildirib ki, MSK-nın xarici əlaqələri çərçivəsində müxtəlif beynəlxalq təşkilatlarla yanaşı, əvvəlki illərdə keçirilmiş seçkilərdə Avropa İttifaqı ilə də yaxından əməkdaşlıq edilib və bu münasibətlər çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kəstutis Yankauskas səmimi qəbula görə təşəkkür edərək, ölkəmizin seçki sistemi, eləcə də 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıqlarla maraqlanıb.
Məzahir Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülmüş işlər, eləcə də nəzərdə tutulan genişmiqyaslı layihələri diqqətə çatdırıb.
Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlər və müxtəlif sahələrdə qurumlar arasındakı əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)