Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyə bu oyunda təkdir

22.02.18, 8:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Zeytun budağı” əməliyyatının Türkiyə tərəfindən uğurla davam etdiyi bir zamanda Afrin ətrafında yeni spekulyasiyalar əslində mövcud reallıqları qəbul etməkdə çətinlik çəkən və baş verənlərin fonunda özünə uyğun gedişlər etməyə çalışan rejimin daha artıq dərəcədə öz mövcudluğunu təsdiq etmək cəhdləri kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, bu cəhdlərə təşviq edən amillər öz maraqları naminə Suriyadakı münaqişənin daha da alovlanmasına və bu torpaqların faktiki olaraq parçalanmasına rəvac verən İran və Rusiyadır. Yəni Əsəd bu qərarı tək qəbul etmir və ya edirsə, burada mütləq Tehran və Moskva amilləri var.
Bu haqda analitik Vüqar Zifəroğlu Suriyada baş verən son proseslərlə bağlı bəzi məqamlara aydınlıq gətirərkən deyib: “ Suriyanin Afrinə daxil olmasının reallaşması bölgədə bütün mövcud dəngələri alt-üst edə biləcək miqyasda bir gediş kimi dəyərləndirilə bilər. Şübhəsiz ki, Suriyadakı mövcud reallıqları heç də Əsəd və ya ona müttəfiq olan Rusiya və İranın maraqlarına zidd bir ortam kimi də qiymətləndirmək olmaz. Yəni hazırda Suriyada olan qüvvələr balansı, ümumiyyətlə, mövcud şərait Əsədə və müttəfiqlərinə əlverişlidir. Bəs, Əsəd qüvvələri Afrinə daxil olarsa, vəziyyətin dəyişəcəyini anlayan Əsəd-Tehran-Moskva üçbucağının buna gedəcəyi nə dərəcədə realdır? Yaxud da hazırkı şərtlər daxilində istər İran, istərsə də Rusiya Türkiyə ilə münasibətlərinə xələl gətirəcək addımlar atarlarmı? Çünki istənilən bu kimi radikal qərar qəbul ediləcəyi təqdirdə nə Moskva, nə də Tehran bunun əksini Ankaraya inandıra bilər. Türkiyə son illərin xarici siyasəti ilə sadəlövh olmadığını bölgədə ortaya qoymağa müvəffəq olmuş ən ciddi oyunçudur. Digər tərəfdən, belə bir addımın atılması heç şübhəsiz ki, xarici təzyiqlərin təsiri ilə formalaşmış və hələ də kövrək olan Ankara-Tehran-Moskva birliyini dağıdacaq. Bu ittifaq ilk növbədə Qərbə qarşı bölgədə bir dayanışma idi və onun Afrində sarsılması həm də Suriya və İraqda yeni mərhələnin başlanğıcı olacaq. İttifaqın sarsılması Türkiyəni öz yanına çəkmək üçün faktiki olaraq çoxsaylı cəhdlər edən, son proseslərlə bölgədə mövqeləri kifayət qədər sarsılmış ABŞ üçün göydəndüşmə bir fürsət olar”.
Analitik qeyd edib ki, Əsədə qarşı ən kəskin mövqeyi hər zaman məhz Türkiyə sərgiləməkdə idi. Ankara Suriyadakı qarşıdurmaların və terror təşkilatlarının fəaliyyətlərinin kökündə başlıca problem olaraq məhz Əsədi və onun rejimini görməkdə idi. Qərb başlıca hədəf olaraq İŞİD-i göstərdiyi zaman belə Ankara bununla razılaşmayaraq, “xəstəliyin kökü Əsəddir, İŞİD isə simptomdur” məşhur bəyanatını vermişdi. İndi dəyişən dəngələr fonunda Ankaranın Əsədə münasibətinin bir qədər yumuşaldığı halda bu münasibətləri yenidən kəskinləşdirmək nə dərəcədə Tehranın, Moskvanın və elə Əsədin özünün maraqlarına cavab verir? Şübhəsiz ki, cavab yoxdur: “Son iki gündə yayılan xəbərlər biri-birini təkzib edir. Əsəd kürd qruplaşmaları ilə əməkdaşlığa getməklə özünü Ankaranın hədəfinə çevirməyəcək. Separatçı qruplaşmaların Əsədlə razılaşması yalnız YPG/PYD qüvvələrinin tamamən həmin nöqtələrdən çıxması və Afrini Əsədə tərk etmələri halında mümkündür. Terror qruplaşmaları isə bunu istəmir. Daha doğrusu, onların arxasında duran ABŞ heç bir zaman buna razılıq verməz. Amerika onsuz da mövqeləri kifayət qədər güclənmiş İranın Suriyadakı bütün ərazilərdə hakim olmasını qəbul etmək niyyətində deyil. Baxmayaraq ki, amerikalılar türklərin də güclənməkdə olan mövqelərini həzm edə bilmirlər. Bu gün Afrində baş verənlər heç şübhəsiz ki, Suriyanın gələcək şəklinin formalaşmasında önəmli əhəmiyyətə malik hadisələrdir. Əgər bu gün İran və Əsədin birbaşa dəstəklədiyi şiə Haşdi-Şabi qruplaşması və ya Hizbulaha bağlı dəstələrin Afrin istiqamətində müəyyən aktivliyi müşahidə edilirsə, yaxud da Moskva qeyri-rəsmi şəkildə separatçı kürd qruplaşmaları ilə Əsəd arasında danışıqların aparılmasına cəhd edirsə, bu həm də o deməkdir ki, pusquda duran və müttəfiq kimi görünən “dostlar” da dişlərini qıcayaraq gözlərini ora zilləməkdədirlər. Bu gün bölgədə marağı, baş verən proseslərdə istər dolayı, istərsə də birbaşa iştirakı olan irili-xırdalı bütün qüvvələri birləşdirən ən vacib məqam məhz türklərin bu bölgədə yenidən möhkəmlənmələrini istəməmələridir. Osmanlının süqutu ilə Yaxın Şərqdən sıxışdırılaraq çıxarılan Türkiyə, cümhuriyyətin 100 illiyi ərəfəsində qurulan çirkli oyunlara rəğmən, bütün dünyanın gözləri qarşısında yenidən bölgəyə qayıdır. Türkiyə bu oyunda təkdir. Zatən türkün nə zaman özündən başqa dostu oldu ki?!”

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)